“Milyonlardan baha minnətdarlıq” - Rafael Huseynov - FOTOLAR

15.08.2015 16:30     Artreaksiya     2888

“Cavad Heyət ömrü boyu abidələr yaratmış insan idi”. Reaksiya.az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü, ədəbiyyatşünas Rafael Huseynov özünün Facebook səhifəsində yazıb.

Deputatın paylaşdığı həmin statusu sizə təqdim edirik:

“Heykəltəraş dostum NATİQ ƏLİYEV üçün Azərbaycan cəmiyyətinin həyatında əlamətdar hadisə baş verdi. 2015-ci il avqustun 14-də bizlərlə əbədi ayrılığından düz 1 il sonra dünyaca məşhur soydaşımız, görkəmli cərrah və ədib, böyük millətsevər Cavad Heyət abidəyə çevrilərək Vətənə qayıtdı. Cavad Heyət ömrü boyu abidələr yaratmış insan idi. Onun ingilis, fransız, fars, türk dillərində təbabətin müxtəlif problemlərinə dair yazıb nəşr etdiyi kitab və məqalələri, Azərbaycan ədəbiyyatı, türk dillərinin müqayisəli tarixi haqqındakı qiymətli araşdırmaları, 30 ildən artıq bir müddətdə buraxdığı və İran Azərbaycanında milyonlarla insançün ana dili məktəbinə çevrilmiş “Varlıq” dərgisi hər biri özlüyündə abidədir və müəllifini daim yaşadacaq abidələrdir. Cavad Heyətin özünün yaratmış olduğu abidələr sırasına indi onun özünün möhtəşəm abidəsi də əlavə olundu.

Doktor Cavad Heyət təntənəni, diqqətdə olmağı da sevən, həm də yüksək zövq sahibi olan insan idi. Hansısa ilahi möcüzəylə İkinci Fəxri Xiyabandakı məzarının qarşısında dayanaraq özünün böyük sənətkarımız Natiq Əliyev tərəfindən yaradılmış abidəsini seyr edə bilsəydi, zənnimcə, çox məmnun qalardı. Müasir Azərbaycanın və inamla deyə bilərəm ki, dünyanın üstün heykəltəraşlarından olan Natiq Əliyev daha əvəzsiz bir sənət incisini meydana gətirib. Natiqn bir-birindən gözəl əsərləri bu gün yalnız Azərbaycanda ucalmır. Onun Cavidi indi Monteneqroda, Podqorisada yüksəlir. Üzeyir Hacıbəylisi Serbiyada, Noi-Sad şəhərində insanları salamlayır. Sarayevoda, Mexikoda, Ankarada Natiq Əliyevin yaratdığı Xocalı abidə kompleksləri səsimizi (və sənət əsəri olaraq da istedadımızın gücünü) dünyaya çatdırır.

Unudulmaz Heydər Əliyevin Kiyevdə, Tiflisdə, Həştərxanda və Belqraddakı heykəllərinin də müəllifi Natiq Əliyevdir. Onun qəhrəmanları və obrazları qalereyası zəngindir. Bu silsilədə bəstəkarlar – avstriyalı möhtəşəm Mosart da var, rumıniyalı Corc Enesku da (Bakıda), norveçli səyyah Tur Heyerdal da (abidə Şəkidədir), serb yazıçısı Milorad Paviç də (heykəl Belqraddadır), milli şairimiz Əlağa Vahid və Cümhuriyyət dövründə paytaxtımızın ilk memarı olmuş Zivər bəy Əhmədbəyov da... Əminəm ki, dəyərli sənətkarımızın seçkin imzası həm Azərbaycanımızda, həm də dünyanın çox-çox ölkələrində hələ neçə-neçə yeni-yeni misilsiz abidələrin altında yazılacaqdır. Mən çox sevinirəm ki, dostum Natiq Əliyev yalnız böyük sənətkar deyil, həm də yaxşı insandır. Bu iki keyfiyyətin qovuşması isə insanı Şəxsiyyətə çevirir.

2014-cü ilin yay günlərində, əziz doktor Cavad Heyəti təzəcə itirdiyimiz vaxtlarda onun qəbrüstü abidəsini yaratması xahişi ilə Natiqə müraciət edtim. Çünki bu abidəni ən yaxşı elə onun yarada biləcəyinə ümidliydim. Heykəlin maliyyələşdirilməsi ilə bağlı o vaxt ehtimal edilən və nəzərdə tutulan qaynaqlar vardı. Amma iş elə gətirdi ki, bu abidənin yaradılması üçün müəllif qanorarı məsələsi həll edilmədi. Belə maneələr Natiq kimi mərd oğulları heç vaxt yolundan saxlaya bilməz! Natiq heç nəyə məhəl qoymadan işini ürəklə davam etdirdi və layiqli bir sənət əsəri doğurdu. Doktor Cavad Heyətin VARLIĞINI dəqiq əks etdirən, plastikası, dinamikası, daxili enerjisi ilə baxanı ( və anlayanı) heyrətləndiəcək əsl Abidə!

Həyatın mənə dəfə-dəfə göstərdiyi acı təcrübələrdən biri budur ki, insanlar çox zaman dərin düşünmədən canlarından keçməyə hazır olsalar da, mallarından keçməyə həmişə ən azı tərəddüd edirlər. Natiqin yaratdığı həmin Cavad Heyət heykəlinin müəlliflik haqqı bizdə 50 min civarında, Avropada, Amerikada bundan iki-üç qat artıq olar. Natiq Əliyev bu işi təmənnasız yerinə yetirdi! Bu nəcib əməlin özü də bir Abidədir! Örnəkdir! Görkdür! Qanan yanında, qiymət verməyi bacaran yanında, xoş sözü deməyə qısqanmayan yanında! Təbii, bütün bunları Allah görür. Bəndə, yəni mən də işin içində olduğumdan görürəm, bilirəm. Amma bütün bunları yazdım ki, həqiqəti millət də bilsin. Millət bilsin və öz istedadlı, qəlbi və ruhu geniş övladına, böyük heykəltəraşımız Natiq Əliyevə “sağ ol!” söyləsin, “əhsən!” desin. Millət minnətdarlığının qiyməti isə milyonlardan bahadır!”.

Şərhlər