Nailə Mirməmmədli vəfat etdi

04.01.2021 13:04     Artreaksiya     664

Bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib.

Reaksiya.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib.

O qeyd edib ki, Nailə Mirməmmədli bu gün vəfat edib. Bəstəkarın ölüm səbəbi hələ ki, məlum deyil.

Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb.

2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdi.

Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıidi. İki oğlu, bir qızı var.

Allah rəhmət eləsin!

Reaksiya.az

Şərhlər