"Heç kim Müslüm Maqomayev ola bilməz" - Xalq artisti - VİDEO

17.08.2015 13:24     Artreaksiya     1987

Bu gün ölməz sənətkar Müslüm Maqomayevin doğum günüdür. Onun 73 yaşı tamam olur.

Xalq artisti Mubariz Tağıyev onunla bağlı xatirələrini Reaksiya.az-la bölüşüb:

“Bəxtim onda gətirmişdi ki, iki dəfə səfər yoldaşı olmuşduq, İsveçrədə və keçmiş SSSR-i məkanında. Müslüm Maqomayev, həmçinin həddindən artıq ziyalı, nəcib insan kimi xatirimdə qalıb. Çox təəssüf ki, o, aramızdan tez ayrıldı”.

Mübariz Tağıyev sənət magikanı haqqında xoş fikirlər səsləndirib: “Sənət aləmində müəyyən şəxsiyyətlər var ki, sağlığında özlərinə heykəl qoymağı bacarıblar. Onlardan biri də Müslüm Maqomayevdir. O, həqiqi mənada musiqi aləmində bütövlükdə bir harmoniyadır. Onu nəzərdə tutmuram ki, o, şair və musiqiçi ailəsində böyüyüb. Musiqiçi ailəsində çoxları böyüyüb, amma Muslüm Maqomayev səviyyəsinə gəlib çatmağı bacarmayıblar. Müslüm Maqomayev hələ sağlığında babasının adını qoruyub saxlamağı bacardı və sübut etdi ki, o da şərəfli nəslin nümayəndələrindən biridir. Müəyyən vaxt keçəndən sonra Azərbaycanı da Müslüm Maqomayevlə tanımağa başladılar. O, nəsli ilə yanaşı Azərbaycanın da sənət aləmində “vizit kartı”na çevrildi və bunu layiqincə bacardı. Maqomayev çox böyük sənətkar idi və hərtərəfli musiqiçiydi. Həm pianist, həm vokalçı, eyni zamanda da bəstəkar idi. Bəzən onun digər tərəflərini açmırlar və yalnız müğənni kimi təqdim edirlər. Onun yaratdığı sənət əsərlərinə baxmaq lazımdır, mahnılarını, aratoriyalarını qeyd etmək lazımdır”.

Xalq artisti Müslüm Maqomayevin Azərbaycandan uzaqlaşması səbəblərinə də ürək ağrısı ilə toxunub və Müslüm Maqomayevdən bir daha olmayacağını bildirib: “Təəssüf edirəm ki, gənclik illərində müəyyən xoşagəlməz hallar yaşandığına görə Maqomayev Azərbaycandan kənarlaşdı. Yetişən gənc nəslin sıralarında yüksək səs diapozonuna malik cavanlar olsa da heç kim Müslüm Maqomayev ola bilməz. Ümumiyyətlə, sənət aləmində öz izi olan insanlar həyata bir dəfə gəlirlər. Onların ancaq oxşarı ola bilər”.

Qeyd edək ki, hərtərəfli və olduqca geniş repertuara malik Müslüm Maqomayev populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. O, həmçşinin filmlərə, tamaşalara musiqi bəstələyib. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasında knyaz İqor  rolunu ifa edib.

 

Şərhlər