Kazanda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib

30.11.2021 12:17     Artreaksiya     602

29 noyabr, 2021 Tatarıstan Respublikasının Gənclərlə İş üzrə Nazirliyinin, Tatarıstan Gənclər Mərkəzi “Sələt”in (Sələt) təşkilatçılığı, İƏT Gənclər Forumu, Forumun Avrasiya Regional Mərkəzi və bir sıra başqa qurumların tərəfdaşlığı ilə həyata keçirilən "Müasir Müsəlman Mədəniyyəti Beynəlxalq Gənclər Festivalı" çərçivəsində İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu ARM) tərəfindən böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib.

Reaksiya.az xəbər verir ki, həm auditoriya, həm də onlayn formatda keçirilən seminarın açılış mərasimində Sələtin direktoru Aygül Qabdraxmanova, İƏT Gənclər Forumu ARM-nin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov, Rusiya Federasiyası Gənclərlə İş üzrə Federal Agentliyin nümayəndəsi Serqey Orlov iştirakçıları salamlayaraq artıq 10 ilə yaxındır müxtəlif proqramlar çərçivəsində iki qurum arasında əməkdaşlığın uğurla həyata keçirilməsini xüsusi qeyd ediblər, eləcə də Nizami Gəncəvi irsi ilə bağlı bu tipli tədbirlərin vacibliyini diqqətə çatdırıblar.

Müzakirələrdə “Salam Tatarıstan” beynəlxalq layihəsinin rəhbəri Emin Ramazanov “Nizaminin poemaları sivilizasiyasiyararası  əlaqələr kontekstində”, Tatarıstan Prezident Aparatının dini qurumlarla əlaqələr şöbəsinin nümayəndəsi Əskər Qatin  “Şihabəddin Mərcaninin tatar mədəniyyətində yeri”, yazıçı, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi “Gənc nəslin maariflənməsində klassik ədəbiyyatın rolu - Nizami misalında” mövzusunda çıxış ediblər. Tatarıstanın xalq artisti, tanınmış müğənni, professor Minqol Qaliyev Nizami yaradıcılığının qlobal əhəmiyyətindən bəhs edib.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan onlarla gənc iştirak edib.

Qeyd etmək lazımdır ki, bu, Nizami Gəncəvini 880 illik yubileyinə həsr edilmiş İƏT Gənclər Forumu ARM-nin həyata keçirdiyi 6-cs beynəlxalq tədbirdir.

Reaksiya.az

 

Şərhlər