“Bu, yaradıcılıqdan daha vacibdir” - Mirvarid Dilbazi - 103
19.08.2015 13:10 Artreaksiya 2864
Bu gün Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin doğum günüdür. Onun 103 yaşı tamam olur.
“Azərbaycan” jurnalının ədəbi redaktoru Südabə Ağabalayeva Mirvarid Dilbazi haqqında fikirlərini açıqlayıb.
O, Reaksiya.az-a Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olduğunu vurğulayıb:
“Onun yüz illik yubileyi ilə bağlı monoqrafiya yazanda arxiv sənədləri ilə tanış oldum. Uşaqlığı, yaşadığı dövrün çətinlikləri əsərlərində yer alıb. Mirvarid xanıma “Azərbaycan” jurnalına redaktoru vəzifəsi təqdim olunanda, o, təvazökarlıqla imtina etmişdi, baxmayaraq ki, bu vəzifə ona daha çox məşhurluq gətirərdi”.
Südabə Ağabalayeva əlavə edib ki, Mirvarid Dilbazi 20 yanvar hadisəsi zamanı ilk səsini qaldıranlardan olub: “Bir ana, vətəndaş şairə kimi xalqının yanında olmağı özünə borc bilmişdi. Çox maraqlı həyat yaşayıb, “İstiqlal” ordeni ilə təltif olunub. Mənə görə Mirvarid xanımın ən əsas üstünlüyü müxtəlif zamanlarda yaşasa da, həmişə öz simasını qoruya bilən şairlərdən olmasıdır. Mənə elə gəlir ki, bu, yaradıcılıqdan daha vacibdir. Onda şəxsiyyətlə sənətin harmonik bir gözəlliyi vardı”.
Qeyd edək ki, Mirvarid Dilbazi 1912-ci il 19 avqust tarixində Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub. Yaradıcılığa gənc yaşlarında başlayan M.Dilbazi “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Dağ çiçəyi”, “Yasəmən fəsil”, “Seçilmiş şeirlər” və s. kitabların müəllifidir. Tərcüməçiliklə məşğul olan şairənin öz əsərləri də başqa dillərə tərcümə olunub. Tofiq Quliyev, Fikrət Əmirov kimi bəstəkarlar tərəfindən M. Dilbazinin şeirlərinə mahnılar, romanslar bəstələnib. M.Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib.
Tənqidçi-publisist Südabə Ağabalayevanın “Zamanla üz-üzə” adlı monoqrafiyası M. Dilbaziyə həsr olunub. Kitabda şairənin keçdiyi həyat yolu onun yaradıcılığı müstəvisində araşdırılıb, nəsil şəcərəsi, ailə münasibətləri bədii-publisistik dillə oxuculara çatdırılıb. Bu kitab Prezident İlham Əliyevin “M. Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında” 16 may 2012-ci il tarixli sərəncamına əsasən çap olunub.
Şərhlər