Flora Kərimova qazi intiharları haqda - "İcra başçısı deyir ki..."
13.07.2022 13:19 Artreaksiya 759
Xalq artisti Flora Kərimova sosial şəbəkədə intihar edən qazi ilə paylaşım edib.
Flora Kərimova bu sözləri yazıb:
“Qurban olum sizə, millət, bu nə rüsvayçılıqdır?! Utancımdan söz tapmıram! Bir vətən oğlu niyə çörək üçün balasından utanıb özünü yandırsın?! Dünyada rüsvay olmağımızı, ermənilərin bizə gülməyini keçdik, bəs öz vicdanımızın naləsinə necə dözürük?
O igid müharibədə qardaş, yoldaş, sirdaş itkisi görmüş biridir! İsti yatağımızdan bir tikə çörəyimizə kimi, udduğumuz havayacan bu oğullara borcluyuq. Niyə, axı Şuşaya, Kəlbəcərə getməkdən ötrü dava edirik, növbə tuturuq, bir həyatı xilas edə bilmirik?! Çətin idi bir insanı razı salmaq? O torpaqları, milli qeyrətimizi utancdan təmizləyən, təbəssümü ilə kişilik dərsi keçən biri niyə özünə qıysın axı!? Bilmirəm! Bir intihar, beş intihar, yetmədimi?! Bəs etmədi bu torpaq üçün şəhid olan 4000 şəhidin qanı ki, yarıcan canları ilə əlləşən qazilər də “qurban” olsun?! İcra başçısı deyir ki, hər bir qayğı göstərilib. Hansı qayğıdır ki, o, özünü öldürüb, bu boyda zillətlə sizə - canına qıymağa vadar edənlərə həvalə etdi?! Psixoloji problemləri var idisə, daha həssas olmalı idiniz.
Kimisə durduq yerə linç edə biləcək vicdan sahibi deyiləm. Bəsdirin, millətin hissiyatı ilə oynadınız. Sizin bir addımınızın əks-sədası hara qədər qalxır, özünüz yaxşı bilirsiniz. Amma görürəm, bacardığınız qədər millətin qeyrətini, vicdanını sınağa çəkirsiniz. Millət sizi ittiham etsə, sığındığınız o binalarda daş daş üstə qalmayacaq. Məni daha çox utandıran odur ki, bu gün bizlər üçün canını fəda edən birinin həyatın qurtara bilərdik. Bilərdik, tək mən yox, hamımız!”.
Qeyd edək ki, Sabirabadda Elvin Cəfərov adlı qazi özünü yandıraraq intihara cəhd edib. O, Respublika Yanıq Mərkəzinə yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.
Şərhlər