"Bəkir Nəbiyev mənə dərs keçmədiyi üçün təəssüf edirəm" - Nizami Cəfərov
21.08.2015 16:11 Artreaksiya 4194
Bu gün Azərbaycan ədəbiyyatşünası, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru Bəkir Nəbiyevin doğum günüdür. Yaşasaydı 85 yaşı olacaqdı.
Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami Cəfərov Azərbaycan ədəbiyyatşünaslığında böyük rolu olan Bəkir Nəbiyev haqqındakı xatirələrini Reaksiya.az-la bölüşüb:
"Bir dəfə İrana getmişdik. Çox gəzib yorulduq, otelə qayıtdıq ki, dincələk. Bu zaman İranın çox tanınmış şairlərindən biri otelin foyesində bizə yaxınlaşdı. Dedi ki, bəs mən sizə 7-8 bəndlik beşləmə oxuyacam. Demək, bu şairin şeirinin hər bəndində 5 misra var idi. Biz də çox yorulmuşduq, şeirə qulaq asmağa halımız yox idi. Amma nə edək ki, ustadlar dedilər, şairin könlünü sındırmaq olmaz.
Şair də cavab gözləmədən elə otelin foyesindəcə başladı şeirini deməyə. Bəkir müəllim də hövsələ ilə qulaq asdı. Nəhayət, şeiri deyib qurtaranda sevindik ki, 7-8 bənd şeiri dedi, qurtardı, indi gedə bilərik.
Amma indi də şair dedi ki, xahiş edirəm ki, rəyinizi bildirəsiniz. Biz də həmin an ayaqüstə dura bilmirdik, halımız yoxuydu. Bəkir müəllim qəflətən dedi ki, sənin beşinci bəndin beş yox, 4 misra idi. Bunu eşidəndə şair dedi ki, yox, ola bilməz. Bəkir müəllim də dedi ki, bir bax yoxla. Şair baxdı və üzr istədi ki, haqlısınız. Sonuncu misranın üstündən xətt çəkmişəm, yaxşı çıxmamışdı, təzədən yazacam. Bəkir müəllim də dedi ki, indi gedib o misranı düzəldib gəlirsən, sonra sənə rəyimizi deyirik. O getdi, biz də gülərək qalxdıq yuxarıya. Sən demə, Bəkir müəllim qulaq asa-asa bənddəki misraları da sayıbmış. O qədər diqqətli adam idi.. (gülür)".
Nizami Cəfərov Bəkir Nəbiyevi öz müəllimi kimi gördüyünü bildirərək, onun müasir dövrdə yaşamış klassik ədəbiyatşünaslardan olduğunu deyib: “Hətta deyərdim ki, klassik ədəbiyyatşünaslar nəslinin son nümayəndəsidir. Həm şəxsiyyət kimi geniş ürəkli, publisistik düşüncəli, həm yüksək akademik təfəkkürü olan, həm də möhkəm şəkildə xalqına bağlı, milli dəyərlərlə yetişən, bizim hamımızın müəllimi idi”.
Onun fikrincə, Bəkir Nəbiyev həm universitet auditoriyasında dərs deyən, geniş mənada isə Azərbaycan ədəbiyyatşünaslığına dərs deyən müəllimdir: “ O, həm ədəbiyyatşünaslığı, həm də müasir ədəbi prosesi yaxşı bilirdi. Çox dərin təhlil etməyi bacaran, yüksək ümumiləşdirmə qabiliyyəti olan, milli hissiyyatları yüksək olan çox böyük alim idi. O, əlinə qələm alanda ömrünün son saatlarına qədər ədəbiyyatşünaslıq üçün çalışan adam olub”.
Bundan sonra da ədəbiyyatşünaslığa gələcək hər bir şəxsin Bəkir Nəbiyevlə hesablaşmalı olduğunu bildirən Nizami Cəfərov dövlətin də onun xidmətlərini yüksək qiymətləndirdiyini vurğulayıb: “ O, hələ də bizim müəllimimizdir və bundan sonra da uzun illər boyunca yaradıcılığı həmişə təravətli qalacaq. Azərbaycan ədəbiyyatşünaslığına nəhəng irs qoyub gedib. Həmişə onunla hesablaşılacaq. İndi də, bundan sonra da ədəbiyyatşünaslığa kim gəlsə, onunla hesablaşmalı olacaq. O, dəyərli akademik idi ”.
Çox gözəl nitqi, intonasiyası, dediyi hər bir sözün çəkisini bilən, dəyərini bilən, incə düşüncəli Bəkir Nəbiyev Nizami Cəfərovun xatirələrində gözəl qəlbli şəxsiyyət kimi qalıb.
Bəkir müəllim universitetdə tənqiddən xüsusi kurs apardığı üçün dilçilik ixtisasında təhsil alan Nizami Cəfərov belə böyük bir şəxsiyyətin şəxsən ona dərs demədiyindən böyük təəssüf hissi keçirdiyini bildirib.
O deyir ki, Bəkir müəllimlə aralarında yaş fərqinin çox olmasına baxmayaraq sonralar həmişə dost olublar.
Bəkir müəllim onun xatirələrində incə ruhlu, zarafatı sevən, həm öz təmkinini saxlayan, həm də heç kimlə arada yaş fərqi qoymayan adamdır.
Bəkir Nəbiyevlə bir neçə saat birlikdə olmağın özünü böyük məktəb hesab edən Nizami Cəfərov ədəbiyyatşünası doğum günündə böyük hörmətlə yad edib, Allahdan rəhmət arzulayıb.
Şərhlər