Millət vəkili sosial şəbəkədə atasından yazdı
25.08.2015 11:36 Artreaksiya 2902
Bu gün millət vəkili Aydın Mirzəzadənin atasının doğum günüdür. Bu barədə o, öz facebook hesabında yazıb.
Reaksiya.az həmin yazını təqdim edir:
"Bu gün atam Böyükkişi Mirzəzadənin (şair Təmkin) anadan olan günüdür, yaşasaydı 90 yaşı tamam olacaqdı ( 1925-2014).
20 yaşında atasını itirib, ailədə özündən başqa təhsilsiz anası və kiçik dörd bacı-qardaşı var idi.
Buna baxmayaraq özü və digər üçü ali təhsil aldı, hamısının qayğısına qaldı. Özünün 6 övladından beşi ali təhsil aldı.
Xaraktercə xarizmatik, düzgünlüyə bağlı, zəhmətkeş və elmi sevər bir insan idi. Təbiətcə filosof idi, daima inkişaf və milli düşüncə məsələlərinə fikir bildirirdi. Paytaxdan uzaq yaşadı, ancaq müasir fikir, xalqın gələcəyi onu üçün yad deyildi. Bir dəfə bir nəfər tanınmış ziyalımız mənə atam haqqında " ... heyif ki, belə insan Bakıda yaşamadı" dedi.
Yaradıcı insan idi, Təmkin ləqəbi ilə şeir yazırdı, şeirlərinin üçünə mahnı bəstələnib, tez-tez efirdə səslənir. Çox sayda şeirləri, poemaları, pyesləri indi də tədqiqatçılarını gözləyir. Arxivi məndədir, vaxt tapıb növbəti kitablarını buraxmaq fikrindəyəm.
Təqribən 1970-ci ildə Azərbaycan dilinin latın qrafikası ilə əlifbasını tərtib etmişdi. Deyirdi ki, "kiril əlifbası Azərbaycan dilinin tələblərinə cavab vermir" və bütün yazılarını latın qrafikası ilə yazırdı.
Atam bir universitet idi, onu hələ də bitirməmişəm, hələ də öyrənirəm. O, sərt və vətənpərvər bir Azərbaycan kişisi idi, o, onu tanıyanlar üçün bir əzəmət nümunəsi idi.
Var-dövlətə meyilli deyildi. 1963-cü ildə onu şəhər ticarət idarəsinə müdir təyin etmək istəyirdilər, bir həftə evdən didərgin düşmüşdü ki, onu tapmasınlar.
Onu cəmi bir dəfə ağlayan gördüm, 20 yanvar faciəsi xəbəri Mingəçevirə gəlib çatanda evdə hamının qarşısında hönkür-hönkür ağladı.
Vəfatından sonra otağını yığışdıranda otağından çox sayda qələm çıxdı. Qələm və söz adamının əsas var-dövləti.
Şeirlərindən bəzi nümunələri ilə dostlarımı tanış etmək istəyirəm:
"Sevirəm" şeirindən
Soruşdu birisi, sevdiyin nədir,
Dedim:-Ana, Vətən, Eli sevirəm,
Duyub danışdığım, dərk elədiyim,
Anam öyrətdiyi dili sevirəm.
"Cavadxan babam" şeirindən
Gəldim məzarını ziyarət edim,
Ziyadxan oğlu Cavadxan babam,
Qeyrət rəmzisən Azərbaycanda,
Vüqarlı dağlardan uca, xan babam.
"Həyati təsvir " şerindən
Damcı damar, daşı dələr deyiblər,
Su arx ilə birdə gələr deyiblər.
Zər qədrini zərgər bilər deyiblər,
Sərrafı olmayan ləl qədri bilməz.
"Dünyanı dərk" şeirindən
Həyat nərdivandı, qalxanlar enir,
İnsan oğlu qonaq kimi əylənir.
Koroğlunun igidliyi söylənir,
Qalıbdı şöhrət-şanı dünyada.
"Olan yerdə" şeirindən
Dünya işlərinə nə qalmısan mat,
Həmi matəm keçir, həmi toy-büsat,
De, kimə gərəkdir mənasız həyat,
Könül şadlanarmı, qəm olan yerdə?
Şərhlər