"Heç vaxt ad günümü qeyd etmirəm" - Ağadadaş Ağayev

25.08.2015 14:28     Artreaksiya     3336

Bu gün xalq artisti Ağadadaş Ağayevin doğum günüdür. Onun 59 yaşı tamam olur.

Məşhur müğənni ad günü ilə bağlı fikirlərini Reaksiya.az-la bölüşüb.

Ad günü kecirməyi sevmədiyini xüsusi vurğulayan A. Ağayev bu gün də evdə ailə üzvləri ilə birgə olacağını bildirib: “Səhərdən dostlar, tanışlar, sevənlər zəng vurub təbrik edirlər. Mən demək olar ki, heç vaxt ad günümü keçirmirəm, bu gün də evdə olacam. Amma gələn il, qismət olarsa, 60 illik yubileyi, bəlkə bir az geniş şəkildə keçirdim”.

Ağayev ömrünün geridə qalan 59 ilini xarakterizə edərkən görüləcək işlərin hələ qarşıda olduğunu vurğulayıb: “Allah bizi bu qədər yaşadıbsa, birinci ona şükür eləyirəm. İnsan gərək hesabat verməyi bacarsın. Şükürlər olsun ki, xidmətlərimiz var, amma insan zamanı düzgün dəyərləndirə bilsə, daha faydalı ola bilər. Xalqın sevgisini görmək sənət adamlarını sevindirməklə yanaşı məsuliyyətini də artırır”.

Ağadadaş Ağayev yeni konsert keçirməmək səbəbini də elə tamaşaçılara olan hörməti ilə əlaqələndirib: “Mən tamaşaçılarımı aldatmaq istəmirəm, çünki konsert proqramının dadı-duzu bizimlə getdi. Əvvəllər biz afişamızı vururduq, millət gəlirdi, filarmoniyanın şüşələrini, pəncərələrini qırırdı, sarayın içərisindəki qədər çöldə də insanlar qalırdı. Elə gün olub ki, dörd dəfə konsert vermişəm. Bunların hamısını yaşamışam. Azərbaycanda ən çox solo konsert verən müğənniyəm. İndi maddiyat sənəti üstələyib, ona görə də mən bir az geri çəkilmişəm. Mənim üçün mənəviyyat hər şeydən çox önəmlidir”.

Xalq artisti rayonlarda tez-tez konsert proqramları ilə çıxış etdiyini bildirib: “Xalqla hər görüş mənim üçün bayramdır. İndi də təşkil edən olsa, mən öz səsimi, sənətimi xalqımdan heç vaxt  əsirgəmərəm”.

Şərhlər