"İnsan azadlıq üçün tərbiyə olunur" - Hegel
27.08.2015 11:16 Artreaksiya 5037
Ən vəfalı dostumuz kölgəmizdir, amma unutma ki, o da yoldaşlıq etmək üçün günəşli havanı gözləyir.
Bu gün alman klassik fəlsəfəsinin nümayəndələrindən biri, obyektiv idealizm tərəfdarı Georq Vilhelm Fridrix Hegelin doğum günüdür. Təkcə klassik alman fəlsəfəsinin deyil, fəlsəfə irsinin aparıcı simalarından biri hesab olunan V.F. Hegel 1770-ci ilin 27 avqust tarixində vergi məmuru ailəsində dünyaya gəlib.
Gəncliyində radikal təfəkkür tərzi ilə fərqlənən Hegelin fəlsəfəsi Almaniyanın inkişafının ziddiyətli xarakterini əks etdirib. Bu ikilik Hegelin əsərlərinin hamısında, o cümlədən, “Ruhun fenomenologiyası” əsərində də öz ifadəsini tapıb.
Hegel subyekt, fəal, aktiv başlanğıc olmaq etibarilə substansiya haqqında tezisi əsaslandırıb. Hegel fəlsəfəsinin əsas müddəasını varlıq və təfəkkürün eyniyyəti, yəni real aləmin ideyanın, anlayışın, ruhun, təzahürü kimi başa düşülməsi təşkil edir. Bu eyniyyəti Hegel mütləq ideyanın öz-özünü dərk etməsinin tarixən inkişaf edən prosesi kimi nəzərdən keçirib.
Hegelin mütləq (obyektiv) idealist sistemində təbiət və cəmiyyətin bütün hadisələri əsasında ruhi və şüurlu başlanğıc “mütləq ideya”, “dünya zəkası” və yaxud “dünya ruhu” durur. Bu başlanğıc aktiv və fəaldır, həm də onun fəaliyyəti təfəkkürdən, daha dəqiq deyilsə, öz-özünü dərk etməkdən ibarətdir.
Mütləq ideya öz inkişafında üç mərhələdən keçir:
1. İdeyanın öz xüsusi aləmində, “xalis təfəkkür stixiyasında” inkişaf etməsi-Məntiq. Burada ideyanın məzmunu bir-bir ilə bağlı və bir-birinə keçən məntiq kateqoriyaları sistemində öz məzmununu aşkara çıxarır;
2. İdeyanın "özgə varlıq" formasında,yəni təbiət formasında inkişaf etməsi - Təbiət fəlsəfəsi; təbiət inkişaf etmir, o, təbiətin ruhi mahiyyətini təşkil edən məntiq kateqoriyalarının öz inkişafının yalnız xarici təzahürüdür;
3. İdeyanın təfəkkürdə və tarixdə (ruhda) inkişafı - Ruh fəlsəfəsi. Bu mərhələdə mütləq ideya yenidən öz-özünə qayıdır və insan şüurunun və fəaliyyətinin müxtəlif növlərində öz məzmununu dərk edir.
“Məntiq elmi” əsərini Hegel fəlsəfəsinin ən qiymətli nailiyyəti kimi qiymətləndirmək olar. Bu əsərində Hegel dialektikanın mühüm qanunlarının və kateqoriyalarının təhlilini vermiş, dialektikanın, məntiqin və idrak nəzəriyyəsinin vəhdəti haqqında tezisi əsaslandırmış, fikir tarixində dialektik məntiqin ilk geniş sistemini yaratmışdır.
Hegelin “Hüquq fəlsəfəsi”, “Fəlsəfə tarixinə dair mühazirələr”, “Estetikaya dair mühazirələr””, “Tarix fəlsəfəsinə dair mühazirələr” əsərləri də böyük maraq doğurur. Hegelin fəlsəfəsinin idealizmi özünün dialektik ideyaları ilə də ziddiyyət təşkil edirdi: aləmin və idrakın inkişafının başa çatmasınının etiraf edilməsi, dialektikanın mistikləşdirilməsi, inkişaf prinsipinin yalnız, ideal hadisələrə şamil edilməsi, bir sıra məntiqi kateqoriyaların inkişafında sxematik və sünilik, həmin kateqoriyaların sisteminin qapalılığı, dialektikadan ardıcıl sosial nəticələr çıxarmağı bacarmamaq və istəməmək, mövcud şəraitlə barışmaq və ona bəraət qazandırmaq.
Hegel 1811-ci ildə Mariya von Tiçer adlı bir xanımla ailə həyatı qurur. Hegelin 41 yaşında qurduğu bu izdivacdan Karl və İmmanuil adlı iki oğlu dünyaya gəlir. Bundan sonra Hegel Yena şəhərində olarkən onun ayrı qeyri-qanuni nigahdan Lüdviq adlı bir oğlu da anadan olmuşdu. Hegel Yenada anadan olmuş oğlunu da bu ailənin tərkibinə daxil edib.
1830-cu ildə Berlin Universitetinə rektor təyin olunan Hegel 1831-ci ilin 14 noyabrında vəfat edib. O, məşhur alman filosofu İ.Q. Fixtenin məzarı ilə Karl Solger adlı bir yazıçının məzarı arasında dəfn olunub.
Hegelin geniş yayılmış fəlsəfi fikirləri:
· Ancaq böyük hədəflərin həyata keçməsindən sonra insan özündə böyük xarakter aşkar edir..
· Bir insanın sənə nələr verə biləcəyi deyil, sənin üçün nələrdən imtina edəcəyi əhəmiyyətlidir.
· Eşqin həqiqi mahiyyəti ondan ibarətdir ki, özünü düşünməkdən əl çəkəsən, özünü başqa “mən”də tapasan.
· Ən vəfalı dostumuz kölgəmizdir, amma unutma ki, o da yoldaşlıq etmək üçün günəşli havanı gözləyir.
· Fəlsəfə obyektlərin düşüncə ilə görülməsidir.
· Fəlsəfənin cavabsız qoyduğu sualların səbəbi odur ki,onların qoyulma tərzi başqa cür olmalı idi.
· Xoşbəxtliyin sirri-insanın “MƏN” dairəsindən çıxa bilmə bacarığındadır.
· İnsan azadlıq üçün tərbiyə olunur.
Şərhlər