Yusif Səmədoğlunun yubiley tamaşası nümayiş etdirildi
15.07.2026 19:33 Artreaksiya 181
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tamaşası nümayiş olunub.
"Reaksiya.az" xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xalq yazıçısı Anar, Yusif Səmədoğlunun ailə üzvləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın görkəmli söz ustadının zəngin ədəbi irsinin yad edilməsi və yeni nəsillərə tanıdılması məqsədilə təşkil olunub.
Açılış mərasimində çıxış edən Xalq yazıçısı Anar Yusif Səmədoğlunun Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olduğunu vurğulayıb. O bildirib ki, yazıçının qələmə aldığı əsərlər yalnız öz dövrü üçün deyil, bu gün də aktuallığını qoruyur və oxucular tərəfindən maraqla qarşılanır.
Anar qeyd edib ki, Yusif Səmədoğlu Azərbaycan nəsrinə fərqli üslub, dərin fəlsəfi düşüncə və bədii-estetik yanaşma gətirən müəlliflərdən biri olub.
Rəsmi hissədən sonra qonaqlara Yusif Səmədoğlunun yaradıcılığı əsasında hazırlanmış yubiley tamaşası təqdim edilib. Səhnə əsəri yazıçının irsini, insan talelərinə və cəmiyyətə dair baxışlarını bədii formada tamaşaçılara çatdırıb.
Tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanıb və alqışlarla yekunlaşıb.










Şərhlər