"İtkin gəlin"in müəllifi çox şirin insan idi - Seyran Səxavət
28.08.2015 15:27 Artreaksiya 4767
"Mən onunla birlikdə yazıçılar üçün nəzərdə tutulanYaradıcılıq Evində istirahət etmişəm. Bir gün yaradıcılıq evində pilləkənləri düşəndə yıxıldım. Ayağım möhkəm burxuldu. İnanın ki, o, məni aldı kürəyinə və düz tibb məntəqəsinə qədər apardı. Tibb məntəqəsi 200-300 metr uzaqlıqda idi. O, bu qədər diqqətli insan idi. Bu, bir təsadüf idi. Ola bilərdi, bu, tərsinə olsun, ola bilərdi, başqasının başına gələrdi. Amma bu hadisə onun necə gözəl insan olduğunu bir daha göstərdi".
Bu sözləri Reaksiya.az-a Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, nasir, tərcüməçi Seyran Səxavət Azərbaycanın dəyərli nasirlərindən biri olan Əlibala Hacızadənin doğum günü ilə bağlı açıqlamasında deyib.
O bildirib ki, Əlibala Hacızadə ilə çox gözəl münasibətləri olub: “Əlibala Hacızadə Azərbaycanın görkəmli nasirlərindən biridir. Onu şəxsən tanıyırdım. Çox şirin, çox rahat, çox gülərüz və istiqanlı adam idi. Onun insanlığı ilə bağlı dediyim bu keyfiyyətlər təbii ki, yaradıcılığına da hopmuşdu. Uzun illər Əfqanıstanda işləmişdi, tərcümələr edirdi. Romanlar yazmışdı. O zaman çox məşhur, çox sevilən romanlar idi. Ümumiyyətlə, Əlibala Hacızadə istedadlı adam idi. Həm yazıçı, həm tərcüməçi, həm də bir insan kimi”.
"Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!.." fikirlərinin müəllifi Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb.
Müxtəlif yerlərdə tərcüməçi, redaktor, elmi işçi vəzifələrində çalışıb. Azərbaycan ədəbiyyatında “İtkin gəlin” trilogiyası ilə yadda qalıb. Daha sonra "İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilib.
Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub, İranda "Ölməz şəxsiyyətlər" mükafatına layiq görülüb, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib.
Görkəmli nasir 2009-cu ilin oktyabrında vəfat edib.
Şərhlər