"Oyana bilsəydim, bir daha ölməzdim, düşünürəm ..." - Tofiq Abdin
02.09.2015 18:05 Artreaksiya 2829
Bu gün tanınmış şair, yazıçı və publisist Tofiq Abdinin doğum günüdür. Mərhumun 74 yaşı tamam olur.
Onun dostları - jurnalist Yusif Rzayev və şair Xanəmir Telmanoğlu Reaksiya.az-a Tofiq Abdinlə bağlı xatirələrindən danışıblar.
Şair Xanəmir Telmanoğlu Tofiq Abdini ehtiramla yad edir: “Tofiq müəllimlə bizi İstanbul yaxınlaşdırdı. Bir ara həyat yoldaşı Gülnaz xanımın işiylə bağlı o da Türkiyədə yaşamalı oldu. Türkiyə mətbuatında Azərbaycan şairləri ilə bağlı yazdığı təqdimat, tanıtım xarakterli yazılarını da unutmuram. Mənim yataqxana yoldaşım Nəzərlə birgə onunla tez-tez görüşmələrimiz yadımdadır. Eldar Baxışın ölümünü də o mənə xəbər vermişdi. Eldarın ölümündən o qədər sarsılmışdı ki...
Mənim üçün həm insan kimi, həm də şair olaraq maraqlı kişilərdən biriydi. Bəzi aqresssiv hərəkətlərimin qarşısı onun sayəsində alındığı da yadımdadır. Mən çox sevindim ki, Tofiq Abdin dünyasını layiqli şəkildə dəyişdi. Onu həmişə ehtiramla xatırlayıram. Tofiq müəllimi bir şair kimi imzasını orta məktəb illərindən tanıyırdım. Hətta bu imza ilk dəfə Vaqif Səmədoğluyla apardığı maraqlı müsahibə ilə yaddaşımda çöküb qalmışdı.
Sabahısı əsgərliyə gedəcəkdim. Eldar Baxış dedi ki, gəl, səni maraqlı insanlarla tanış edəcəm. Mənə də bir əsgər getməyim münasibətiylə qonaqlıq verirdi. Gəldik, onun Əhmədlidəki evinə. Bir azdan Nadir Cabbarzadə, Əhəd Muxtar, bir də Tofiq Abdin gəldilər. Ortalıqda dolu-dolu qrafinlər. Tut, zoğal arağı qarışıb bir-birinə...
Ümumiyyətlə içmirdim, həm də onların böyüklüyünü nəzərə alıb içməyi belə ağlımdan keçirmirdim. Orda xahiş etdilər bir şeir oxu. Eldar Baxış göz vurdu, bir şeir oxudum. Çünki şeir oxuyan deyildim. Yadımdadır, ilk Tofiq müəllim qayıtdı ki, əə, zalım oğlu şairdi də...orda çoxlu söhbətlər oldu. Ən maraqlısı oydu ki, gecə saat 3-4 olardı, yağış göydən tökür, may gecəsi, mən bu adamları bir-bir 9-cu mərtəbədən endirib taxsiylə evlərinə aparmalıyam. Heç birinin ünvanını bilmirəm. Hamısı da yatır, nə soruşursan, dedikləri məlum deyil. Düz sabaha qədər onlarla Bakını dörd dolanmışam. Axırda kənddən əsgərliyə gedərkən cibimə qoyulan pulu elə maşına verdik. Sabahı bilmirəm onların biri özünə gəldi birtəhər, deyəsən Əhəd müəllim idi. Sürdük ünvana. Hamısını orda qoyub qaçdım düz əsgərliyə”.
Tofiq Abdinin iş yoldaşı jurnalist Yusif Rzayev də onu xoş sözlərlə xatırlayıb: “Tofiq müəllimi qiyabi lap çoxdan, hələ orta məktəbdə oxuyandan tanıyırdım. Tofiq Abdin imzası o vaxtlar çox parlaq imza idi. Orta məktəbdə oxuyanda ədəbiyyata maraq göstərən adam kimi o vaxt nəşr olunan bütün ədəbi-bədii nəşrləri, o cümlədən Tofiq Abdinin yazıları nəşr oluan “Qobustan” jurnalını daim izləməyə çalışır və yazılarını oxuyurdum. Sonralar, səhv eləmirəmsə, 2000-ci ildən başlayaraq Tofiq müəllim “525”də yazmağa başladı. O vaxt Türkiyədə yaşayırdı və mütəmadi olaraq bizdə yazılar yazırdı. Türkiyədən qayıtdıqdan sonra biz tanış olduq. Tofiq müəllim çox işıqlı, həyat eşqi güclü bir adam idi. Ünsiyyətcil, insanlara, xüsusən özündən yaşca kiçiklərə çox aşiq adam idi, ona görə də gənclər onunla çox ünsiyyətdə olurdular. Tofiq müəllim rahat adam idi. Şəxsən mən onunla ünsiyyətdə olanda çox rahat olurdum. Aramızda xeyli yaş fərqi olsa da, hətta zarafatımız da vardı. Bu isə əlbəttə, Tofiq müəllimin böyüklüyü idi ki. Oğlu yaşda birisinin onunla zarafat eləməsindən incimirdi.
Tofiq müəllimin çox müsbət keyfiyyətlərini demək olar. Amma mənim üçün xüsusi ilə onun gözütox adam olması idi. Tofiq müəllim az şeylə, çox da böyük olmayan məvaciblə xoşbəxt, könül rahatlığı ilə yaşaya bilən adam idi. Yaşamağı çox sevirdi. Tofiq müəllimi indinin özündə də tez-tez xatırlayırıq. Dostlarla söhbətlərdə Tofiq müəllim tez-tez yada düşür, özü də həmişə o yada düşəndə hər kəsin çohrəsində xoş təbəssüm yaranır, xoş hisslərlə yada düşür Tofiq müəllim. Məncə, bu, hər bir insanın arzulaya biləcəyi bir şeydir ki. Bu dünyadan köçəndən sonra onu yalnız xoş duyğularla xatırlasınlar.
Böyük adam idi mənim abim - Tofiq Abdin.
Ruhu şad olsun!”.
Tofiq Abdin ölümdən sonrakı arzularını şeirlə belə ifadə etmişdi:
Öləndən sonra, çox demirəm,
bir azacıq üşüyə bilsəydim qışda
Canım bir azacıq isinsəydi yayda
öləndən sonra darıxmaya bilsəydim
o tənhalıqda
ah... bir oyana bilsəydim hər sabah
oyandığım kimi Dan üzü
gəlib öpə bilsəydim
balalarımın üzündən
ruhum bir duman olub
keçsəydi Muğan düzündən
oyana bilsəydim
bir daha ölməzdim, düşünürəm...
Qeyd edək ki, Tofiq Abdin (Tofiq Məhərrəmoğlu) 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Uzun müddət "Ədalət" qəzetində türk ədəbiyyatının təbliğiylə məşğul olub. Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında tamaşası göstərilib. Uzun illər dövrü mətbuatda müntəzəm çıxış edib. 2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb. 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Tofiq Abdin 24 fevral 2014-cü ildə gecə saatlarında ürək tutmasından vəfat edib.
Şərhlər