Azərbaycan şairəsinin qəbri tapıldı - 116 il sonra
03.09.2015 11:16 Artreaksiya 2613
Azərbaycan etnoqraflarının axtarışları nəticəsində XIX əsr məşhur qadın şairlərimizdən biri Şahnigar xanım Rəncurun (1850-1899) qəbrinin yeri müəyyən edilib. Sovet dövründə baş verən qanlı hadisələr, repressiyalar, əlifba dəyişiklikləri nəticəsində nəsillər arasında əlaqələr qırıldığından, sonrakı nəsillərə şairənin qəbrinin harada olması məlum deyildi.
Reaksiya.az APA -ya istinadən xəbər verir ki, akademik Teymur Bünyadovun rəhbərliyi ilə İnstitutun Qazax-Ağstafa rayonları üzrə etnoqrafik ekspedisiyasının üzvləri - aparıcı elmi işçi, t.ü.f.d. Bəhmən Əliyev, elmi işçi, epiqrafçı İsmayıl Umudlu və başqaları iyul-avqust aylarında bölgənin təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyəti, ailə məişəti, şəcərələri və s. üzrə tədqiqatlar aparıblar. Etnoqrafik səfərdə müxtəlif kəndlərdə epiqrafik abidələr üzrə araşdırmalar genişləndirilib, axtarışlar zamanı Şahnigar xanım Rəncurun qəbrinin Ağköynək kənd qəbiristanlığında olduğu müəyyənləşdirilib.
Qeyd edək ki, təsəvvüf şairəsi Şahnigar xanım Kazımağa qızı Azərbaycan və Anadoluda nəqşibəndi təriqətinin öndəri olan Mirhəmzə Nigarinin tanınmış müridlərindən olub.
Şahnigar xanım Rəncurun qəbri XIX-XX əsrin əvvəlləri üçün xarakterik olan, hündür təpənin üstündəki məqbərə kompleksinin daxilində yerləşir, bu kompleksdə şairənin yaxınlarının, eləcə də nəqşibəndi təriqətinin qadın mənsublarının qəbirləri vardır. Şahnigar xanımın qəbrinin üstündə “Bu məzar mərhum və bağışlanmış Rəncur təxəllüslü Şahnigar xanım Kazım ağa qızı Qiyasbəyovanındır” sözləri yazılıb. Məzar daşının üstündəki türk, ərəb fars dillərində qarışıq epitafiyada deyilir: “İlahi sən məni övliyalardan, ənbiyalardan ayırma. Sənin mərhəmətin ümman dəryasıdır. O dəryadan mənə bir qətrə versə bəsimdir”.
Qeyd edək ki, Şahnigar xanım Qiyasbəyova haqqında ilk dəfə XIX əsrin sonu-XX əsrin əvvəllərində maarifçi, pedaqoq, ədəbiyyatşünas Firudun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” əsərində və müfti Mirzə Hüseyn Əfəndi Qayıbzadənin “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” əsərində məlumat verilib. Şahnigar xanım Rəncur çoxsaylı qəzəl, münacat, rübail, müxəmməs və müsəddəs, saqinamələr yazıb, lakin onun əsərlərinin çox az hissəsi ədəbiyyat aləminə məlumdur.
Şərhlər