"O, mənimlə bərabər yaşayacaq” - F. Mütəllimova
03.09.2015 15:51 Artreaksiya 2744
“Yaşarın yoxluğunu qəbul etmək elə də asan deyil. Mənə hələ də çatmır ki, Yaşar Nuri həyatda yoxdur. Yaşar əvəzolunmaz, qiymətli bir insandır. Yaşar bu dünyada olmasa damənim üçün var. Nə qədər ki, mən həyatdayam, yaşayıram o da mənimlə bərabər ürəyimdə yaşayacaq”.
Bu sözləri xalq artisti Firəngiz xanım Mütəllimova mərhum xalq artistimiz, ölməz sənətkar Yaşar Nuri haqqında Reaksiya.az-a açıqlamasında söyləyib.
Xatırladaq ki, bu gün Azərbaycan kino və teatr sənətinin korifey sənətkarı Yaşar Nurinin doğum günüdür. Yaşasaydı, ömrünün 64-cü ilini əzizləri, sevdikləri, tamaşaçıları ilə birlikdə qeyd edəcəkdi. Ancaq çox təəssüf olsun ki, 2012-ci ilin noyabr ayının 22-də uzun sürən amansız xəstəliyə yenik düşdü və əbədi olaraq həm səhnəyə, həm də həyata əlvida dedi.
Düzdür, bir gün yaranan bir gün də dünyadan köç etməlidir. Ancaq o da var ki, qəlblərdə yaxşı mənada iz qoymuş insanların, şəxsiyyətlərin ölümünü, həm də vaxtsız ölümünü qəbul etmək bir o qədər də asan olmur.
O ki qaldı, uzun illər eyni səhnəni paylaşasan, dəfələrlə səhnədə tərəf müqabili olasan. Bu üzdən də Firəngiz xanımın həm aktyor, həm də insan olaraq çox sevdiyi Yaşar Nurinin ölümünü qəbul edə bilməməsi anlaşılandır.
Yaşar Nurinin cismani yoxluğunu heç biz də qəbul edə bilmirik.
Şərhlər