Əməkdar mədəniyyət xadimi adından imtina edən yazıçı

05.09.2015 14:23     Artreaksiya     2785

Bu gün yazıçı, Azərbaycanın Qırğızıstandakı səlahiyyətli səfiri Hidayət Orucovun ad günüdür. Onun 71 yaşı tamam olur.

Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Zəngəzurun Muğru bölgəsinin Maralzəmi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirən  H.Orucov bir müddət kənddə müəllim, “Sovet Ermənistanı” qəzetində ədəbi işçi işləyir, 1968-ci ilin iyul ayında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunub və on altı il vəzifədə qalıb.

Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, bir müddət, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, eyni zamanda İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib. Onun təşəbbüsü və rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranıb, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görüb, “Ədəbi Ermənistan” məcmuəsi nəşr olunub.

H.Orucovun həyatının İrəvan dövründə poeziya, publisitika, nəsr, tərcümə kitabları nəşr edilib, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulub.

Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafındakı xidmətlərinə görə 1978-ci ildə ona verilən Ermənistan SSRİ əməkdar mədəniyyət xadimi fəxri adından 1989-cu ildə ermənilərin ölkəmizə və xalqımıza növbəti təcavüzə başlamalarına etiraz əlaməti olaraq imtina edib.

Azərbaycan Respublikasının “Şöhrət” ordeni, Gürcüstan və Dağıstanın ən yüksək dövlət mükafatları – “Ləyaqət” ordeni və Dağıstan Respublikasının Fəxri fərmanları ilə təltif olunan Hidayət Orucov 1984-cü ildə Bakıya köçərək “Gənclik” nəşriyyatının baş redaktor müavini, daha sonra isə baş redaktoru vəzifələrində işləyib. Onun təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik “Azərbaycan folkloru”, 25 cildlik “Macəra və fantastika”, 17 cildlik “SSRİ Xalqları Ədəbiyyatı” kitabxanalarının, bir sıra mühüm seriyaların nəşrinə də həmin illərdə başlanıb. “Heydər Əliyev və Azərbaycanda milli siyasət” monoqrafiyası rus, ingilis, gürcü dillərində də nəşr olunub.

Yazıçının otuzdan çox poeziya, nəşr, tərcümə və s. kitabları nəşr olunub. “Məni səsləyəndə”, “Məhəbbət qocalmır”, “Bir az gözləyin məni”, “Zirvə çağırır”, “İrəvanda xal qalmadı”, “Dənizi harayladım”,  “Sabaha çox var”, “Mən belə yaşayıram”, “Həsrət”, “Sözün vaxtı”, “Ömrümün çəlimləri”, Burdan min atlı keçdi” və s. kitabları oxuculara təqdim olunub.

Orucov tərcüməçilik fəaliyyətilə də məşğul olub. U. Şekspirin “Sonu yaxşı bitən hər şey yaxşıdır” pyesini, H. B. Stounun “Tom dayının daxması” romanını, XIX əsrin ingilis, island poeziyasından nümunələri və bir sıra görkəmli rus və başqa xalqların yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirib. Özünün xarici dillərdə nəşr olunmuş “Mən belə yaşayıram”, “Axtarış”, “Sənsiz”, “Sabaha çox var” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Əsərləri iyirmidən çox dilə tərcümə olunub.

Pyesləri Milli Akademik Dram Teatrında, S. Vurğun adına Rus Dövlət Dram Teatrında və başqa teatrlarda uğurla oynanılır.

Azərbaycan Yazıçılar Birliyi Məclisinin və “Ədəbiyyat” qəzetinin redaksiya heyətinin üzvüdür.

Hidayət Orucov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 1993-2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri vəzifələrində çalışıb. 2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri işləyib. 2006-2012-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olan Hidayət Orucov 2012-ci ildə Azərbaycanın Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Hidayət Orucov ailəlidir və üç övladı var.

Şərhlər