“Türkiyə incidilmiş insanların ölkəsidir” - Elif Şafak

15.09.2015 11:48     Artreaksiya     2584

Beynəlxalq Ədəbiyyat Festivalı üçün Berlinə gələn türkiyəli yazar Elif Şafak almancaya tərcümə olunan son kitabı "Ustam və mən", Türkiyənin dünəni və bu günü haqda DW Türkcəyə müsahibə verib.

Elif Şafak Türkiyədə olduğu kimi dünyada da tanınmış bir yazıçıdır. Kitabları otuzdan çox dilə çevrilmiş olan Şafak əsərlərində Türkiyə tarixinə və sosiologiyasına də yer verir.

-Elif xanım, Beynəlxalq Ədəbiyyat Festivalı üçün Berlinə gəlmisiniz. Sizə görə belə festivalların ədəbiyyat dünyasındakı yeri və əhəmiyyəti nədir?

-Berlin Ədəbiyyat Festivalı dünyanın ən böyük ədəbiyyat festivallarından biridir. Və iki baxımdan çox əhəmiyyətlidir: Əvvəla, fərqli fikirlərin bölüşdürüldüyü, yaradıcı fikirlərin dövriyyəyə girdiyi beynəlxalq bir tədbirdir. Amma daha da əhəmiyyətlisi dünyanın hər yerindən çox fərqli oxucularla görüşmək imkanınız olur. O səbəbdən bu görüşlərə çox fikir verir və qiymətləndirirəm.  

-“Ustam və mən" kimi bir çox kitabınız almancaya tərcümə olundu. Türk və Alman oxucularını müqayisə etsəniz, nə deyərsiniz?

 -Çox maraqlı sualdır. Buradakı ədəbiyyat tədbirlərində çox oxumağımız lazımdır. On dəqiqə, iyirmi dəqiqə roman oxusaq, pis olmaz. Türkiyədə isə belə deyil. Bizdə insanlar danışır, sual verir və hirslənirlər. Daha çox siyasətdən danışırlar. Türkiyədə ədəbiyyatçılara çox siyasi suallar verilir. Bunlar təbii ki, böyük fərqlərdir. Mən siyasətdən uzaq bir insan deyiləm, siyasətdən də danışmaq olar. Amma əvvəlcə yaradıcılıqdır bizim işimiz. Türkiyədə işin bu hissəsi bir az gözdən qaçır. O mənada oxucuların enerjiləri fərqlidir.

-"Ustam və mən"in digər kitabınızdan fərqini necə bildirərsiniz?

-“Ustam" və mən” çox dolğun bir kitabdır. Burda hər şey var. Təfərrüatlar, fəlsəfə, tarix, din, mədəniyyət, dövrün münaqişələri, arxitektura, şəhər planlaşdırılması... Bu gün hələ də yaşadığımız problemlərin o dövrdə də əslində necə mövcud olduğunu göstərən bir kitabdır. Elm və fanatizm arasındakı qarşıdurmaya işıq tutan bir kitabdır. Çünki bir tərəfdə irəli gedən insanlar var, digər tərəfdə isə daim o irəliləyişin qarşısını kəsmək istəyən qruplar var. Bu gün də vəziyyət eynidir, məncə. Onun üçün çox fərqli təbəqədən oxuculara xitab edə biləcək bir kitabdır. Çox qatlı bir kitabdır.

-Kitabınızın əsas xarakteri memar Sinandır. Kitabın adı da almancaya "Der Architekt des Sultans" yəni "Sultanın Memarı" olaraq çevrildi. Kitabda memar Sinan ilə sultanın əlaqəsi varmı?

-Məncə, çox ciddi əlaqələri var. Tarix konsepsiyamız o qədər məhduddur ki, atalarımız nə etdisə, doğrudur deyən və Osmanlını ucaldan, romantikləşdirən, millətçi edən mühafizəkar bir oxuma tərzi var, ya da əksinə tarixlə heç məşğul olmayan, tamamilə gələcəyə yönümlü daha modernist bir baxış bucağı var. Tarixin həm gözəlliklərini, həm xətalarını danışmağımız lazımdır. Tabular var. Unutqanlıq var. Yaddaşsız bir cəmiyyətdəyik və bu, çox böyük bir problemdir. Çünki bu gün yaşadığımız bir çox sıxıntının mənşəyi o əsrlərə qədər gedib çıxır. Məsələn, bu gün zənn edilir ki, sultan baş memarını çox sevdiyindən ona pul verirdi. Memar da gözəl çalışırdı. Amma o qədər şirin, şəkər bir hekayə idi bu. Sənətkarların, memarların üzərində inanılmaz bir təzyiq vardı.

-Bəs, bu hekayədən yola çıxsaq, bu günün Türkiyəsində hakimiyyət və düşüncə azadlığı haqqında nə deyərsiniz? Yaşanan problemlər və qeyd etdiyiniz ictimai yaddaşsızlıq arasında bir paralellik görürsünüzmü?

-Bəli, görürəm. Daim suya yazı yazırıq. Halbuki, bir tarix şüurumuz olsa, bir tənqid şüurumuz da olacaq. Və tənqid pis bir şey deyil. Tənqid insanlar üçün də, cəmiyyətlər üçün də lazımdır. Amma bizim səbrimiz yoxdur. Bir də açığı mən onu görürəm. Türkiyə incidilmiş insanların ölkəsidir. Kimə soruşsanız, problemi var, hər kəsin bir incikliyi var. Bunu anlayıram və hörmət edirəm. Amma incidilmiş insandan başqasını incitməsini gözləyirik. Bizdə elə olmur. İnciyən incidir. Dünən incidilən bu gün başqalarını incitsə və bu belə də davam etsə, biz bu zənciri əsrlər boyu sındıra bilmərik.

-Elif xanım, kitabınızda Anadolu torpaqları fərqli din və etniklərin kompakt yaşadığı bir məkan olaraq qarşımıza çıxır. Bu gün isə Türkiyə cəmiyyətində ciddi qütbləşmə, hətta bir qarşıdurma mühiti var. Bu prosesləri necə qiymətləndirirsiniz?

-Təəssüf ki, çox tez hövsələdən çıxan insanlar olmuşuq. Çox tez provokasiyaya gedirik. Bu, böyük bir problemdir. Ötən həftələrdə Anadolunun müxtəlif yerlərində terror cəhdlərinin şahidi olduq. Qonşunun qonşusunu  öldürməyə qalxdığını gördük, məhz Kürd olduğu, ya da fərqli bir etnik kökdən gəldiyi üçün. Eyni şəkildə, çox gənc əsgərlərin hədəfə alınması, öldürülməsi çox dəhşətlidir. Bunlar böyük faciələrdir. Bunların hamısı içimizi yandırır və bunların hamısını eyni anda tənqid edirik. Mənim qorxum, bir ağrının başqa ağrılara yol açmasıdır. İntiqam, nifrət duyğuların alovlanmasıdır. Belə yanaşılarsa, bir çox günahsız insanın canı yanacaq. Demək olar ki, iç savaş ehtimallarının danışıldığı bir ölkə halına gəldik. Tez bir zamanda biz onlara ortaq dəyərləri xatırlamağımız lazımdır.

Şərhlər