"XX əsr müsəlman aləminin gözünün ağı-qarası"

18.09.2015 15:12     Artreaksiya     3379

Bu gün sentyabr ayının 18-i Azərbaycanda “Musiqi Günü” kimi qeyd edilir.

Bu günün belə adlandırılmasının və qeyd edilməsinin səbəbləri Üzeyir Hacıbəyovla bağlıdır.

Çünki bu gün dahi bəstəkar, musiqişünas, Azərbaycan dilində ilk operanın müəllifi, publisist, jurnalist, pedaqoq Üzeyir Hacıbəyovun dünyaya göz açdığı gündür.

Üzeyir Əbülhüseyn oğlu Hacıbəyli 18 sentyabr 1885-ci ildə Quzey Azərbaycanın Qarabağ bölgəsinin Ağcabədi qəsəbəsində ziyalı ailəsində anadan olub.

Üzeyir Hacıbəyovun mənalı və zəngin ədəbi-bədii irsi hər cəhətdən kamil, müdrik ziyalı şəxsiyyəti bir örnək, məftunedici musiqisi qəlbləri oxşayan bir simfoniyadır.

Üzeyir bəy bütün mənalı həyatını, bilik və bacarığını mənsub olduğu Türk millətinin yüksəlişinə, onun mədəniyyətinin, musiqi elmi və musiqi sənətinin inkişafına, dünya səviyyəli kadrların yetişdirilməsinə, Azərbaycan musiqi tarixi və musiqi nəzəriyyəsinin yaradılmasına, müxtəlif musiqi məktəblərinin və Azərbaycan Dövlət Konservatoriyasının açılmasına sərf edib.

XX əsr Azərbaycan tarixi Üzeyir bəyə öz qızıl səhifələrində yer ayırmış, onu əsrin ən böyük ziyalılarından biri, milli operanın banisi, musiqili komediya janrının ilk yaradıcısı, mahir jurnalist, yeni publisistik ədəbiyyatın banilərindən biri, ilk maarif və mədəniyyət işçisi, qüdrətli bir dramaturq və pedaqoq kimi qəbul etdi.

İndiyə qədər Üzeyir sənəti, Üzeyir irsi haqqında xeyli sayda elmi-nəzəri məqalə və tədqiqat əsərləri yazılmış və bundan sonra da yazılacaq.

Dahi şəxsiyyətə, əsil ziyalıya həsr etdiyimiz bu kiçicik yazıda isə ədibin jurnalistlik fəaliyyətinə, publisistik yaradıcılığına az da olsa işıq tutmağa çalışacağıq.

Üzeyir bəy pedaqoji fəaliyyətlə yanaşı jurnalistlik fəaliyyəti ilə də məşğul olurdu, 1905-ci ildən başlayaraq əksər dövrü mətbuatda onlarla məqalə və felyeton çap etdirmişdi. "Molla Nəsrəddin", "Kaspi", "Həyat", "Tərəqqi", "İrşad", "İqbal", "Yeni iqbal", "Tərcüman" və digər qəzet və dərgilər Üzeyir bəyin publisist kimi yetişməsində böyük rol oynamışdı. Üzeyir bəy daha çox Əhməd Ağaoğlunun redaktoru olduğu "İrşad" və "Tərəqqi", həmçinin "Həqiqət" qəzetləri ilə bağlı olmuş, bir jurnalist və publisist kimi bu mətbu orqanlarında parlamış, 1906-cı ilə qədər "İrşad"ın katibi, 1909-cu ildə gündəlik "Həyat" qəzetinin redaktoru, Əhməd Ağaoğlu 1909-cu ildə Türkiyəyə gedəndən sonra isə "Tərəqqi" qəzetinin müdiri olmuşdu. Üzeyir bəy jurnaslistikaya bir müddət ara versə də Azərbaycan teatrını tənəzzüldən qurtarmaq məqsədilə yenidən əməli fəaliyyətə, öz "müqəddəs vəzifəsi"ni yerinə yetirməyə başlamış, "Yeni iqbal" qəzetinin baş redaktoru olmuşdu. Onun "Yeni iqbal"dakı fəaliyyəti istər ideya məzmunu, istər sənətkarlıq xüsusiyyətləri ilə onun jurnalist yaradıcılığının davamı idi. Bu qəzetdə çıxan felyeton və məqalələrinin ideyası əsasən, ana dilinin saflığı uğrunda mübarizəyə, mənliyini itirmiş, qeyrətsiz "intiligent"lərin, boşboğazların tənqidinə həsr edilmişdi.

Üzeyir bəy Hacıbəylinin jurnalistlik fəaliyyətinin son günləri "Yeni iqbal" və "Azərbaycan" qəzeti ilə bağlı olmuş, 1915-1916-cı illərdə "Yeni iqbal" qəzetində müdir və baş mühərrir vəzifəsində işləmiş, 1919-cu ildə isə Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetinin müvəqqəti redaktoru olmuşdu.

Dövrünün bir çox ziyalıları Üzeyir bəyə böyük ümidlər bəsləyir, onun nadir istedadına yüksək qiymət verir, "XX əsr müsəlman aləminin gözünün ağı-qarası" hesab edir, oxucuları onun əsərlərində toxunduğu ictimai problemlərə biganə qalmamağa, kinayələrindəki örtülü mənaları axtarıb tapmağa çağırırdılar.      

Üzeyir bəy bu dövrdə məqalə və felyetonlarını daha çox ictimai mövqeyini, fikir və mülahizələrinin, əsərlərinin əhəmiyyət və dəyərini müdafiə etməyə həsr etmiş, ictimai hadisələrə açıq mənfi münasibət bildirmişdi.

Üzeyir bəy jurnalistlərdən sadə, xalq dilində yazmağı tələb etdiyi kimi, oxuculardan da həm həqiqi jurnalist sözünə ciddi münasibət, həm də milli mətbuata hörmət, qəzet oxumağa həvəs göstərməyi xahiş edirdi. Üzeyir bəy jurnalistlərə və oxuculara müraciətlə yazırdı ki:"Gəlin, öz dilimizi danışaq. Yəni, qəzeti o dil ilə yazaq ki, basavad (savadlı) da başa düşsün, bisavad (savadsız) da... Sən gərək onu oxuyanda bütün hissiyyatın, ruhun inciyə, qəlbin yana, ürəyin xarab ola, başın ağrıya".

Üzeyir bəy istisnasız olaraq bütün əsərlərində çar hökumətinin öz qarımış vücudunu saxlamaq məqsədilə dəbdən düşmüş uğursuz idarəçiliyinə, oyuncaq Dövlət Dumasına, məmur mundiri geyib zorakılıq edənlərə, simasız cızma-qaraçılara, dövrə, zamana uyğun gəlməyən köhnə adətlərə, bir sözlə, ictimai inkişafa mane olan iqtisadi, mədəni və siyasi-hüquqi tərəqqiyə əngəl törədənləri publisist qələmi ilə ifşa edirdi.

XX yüzilliyin I və II onilliyində Azərbaycan, Türkiyə, İran, Rusiya, Yaxın Şərq və Qərbi Avropada ictimai-siyasi və mədəni həyatın elə bir ciddi məsələsi, mühüm hadisəsi yoxdur ki, Üzeyir bəyin publisistik güzgüsündə öz əksini tapmasın.

Publisistik yazılarında, felyeton, pamflet, qaravəlli, miniatür və hekayələrində Üzeyir bəy müasirlərinin çoxundan fərqli olaraq etibarlı informasiya mənbələrindən məlumatlar alaraq Dumada baş verən hadisələrdən, çar hökumətinin özbaşınalığından, dərindən izlədiyi İran "Məşrutə inqilabı"ndan oxuculara "xoruz səsi eşitməyən" xəbər və məlumatlar çatdırır, Qərbi Avropa imperializminin müstəmləkəçilik siyasətini, imperialist Qərb dövlətləri və Rusiyanın Osmanlı İmperatorluğunu parçalayıb ərazilərinə sahib çıxma siyasətlərinin iç üzünü açıb göstərir, İranda əksinqilabın arxasında duran beynəlxalq irtica qüvvələrini, ilk növbədə ingilis imperializmini kəskin tənqid edirdi.

Üzeyir bəyin şəxsi keyfiyyətləri, fərdi xüsusiyyətləri, dünyagörüşü, onun publisistikasının "ətinə-qanına" hopmuşdur. O, istər satirik hekayələrində, istərsə də kiçicik səhnəciklərində, istər misilsiz məzhəkələrində, istərsə də felyeton və siyasi məzmunlu məqalələrində elə ciddi məsələlərə toxunurdu ki, bu əsərlərin hər biri onun çap olunduğu qəzetin hakimiyyət tərəfindən bağlanmasına əsas verirdi.

Üzeyir bəyin publisistikasını səciyyələndirən onun ideyalılığı, operativliyi, uzaqgörənliyi, hadisələri qabaqlamaq bacarığı, gülüş, eyham, kinayə, məsxərə, yumor, satira və onların sintezindən yaranan əsas cəhətlərdir. Ədib dövrü mətbuata yüksək qiymət verir, qəzeti bilik mənbəyi, informasiya daşıyıcısı, insanlar və xalqlar arasında əlaqə və ünsiyyət vasitəsi, müəyyən ideya uğrunda mübarizənin kəsərli silahı sayır və göstərirdi ki, mətbuat hürr olmalıdır. Millətə, camaata bir təhlükə üz verəcəyi zaman qəzet dördgözlü olmalıdır ki, təhlükə bir tərəfdən üz verdikdə, digər tərəfdən qabağı alınsın. Qəzeti xalqın qiymətli "dərs kitabı" adlandıran Üzeyir bəy qeyd edirdi ki, hər bir qəzetin və qələm sahibinin müəyyən məsləki olmalıdır. Üzeyir bəyin fikrincə, müqəddəs məslək cəmiyyətin xoşbəxtliyinə, ümumxalq mənafeyinə, əmin-amanlığa, millətin tərəqqisinə xidmət etmək, zülmün, cəhalətin əleyhinə çıxmaq, fitnə-fəsaddan uzaq olmaqdır. Ədibin qənaətinə görə, məslək sahibi olmaq jurnalistin vətəndaşlıq simasını, ictimai mövqeyini müəyyən edən keyfiyyət olduğundan jurnalist əlinə qələm götürəndə hər hansı bir hadisə və məsələ barəsində həvəslə, ürəyinin qanı ilə yazmalıdır. Əsarətin, hökumət məmurlarının qəddar rəftarının yamanlığını gözəlcə anlamaq və anlatmaq jurnalistin vicdanı vəzifəsi olmalıdır. Xalqa xidmət edən qəzet də, vətəndaş jurnalist də həqiqətpərəst, doğruçu olmalıdır. Əks təqdirdə yalan məlumat verməklə, əsası olmayan xəbər yaymaqla, xəbərsiz olduğu məsələlərin müzakirəsinə girişməklə qəzet özünü hörmətdən salar, jurnalist bədnam olar.

Üzeyir bəy bir publisist kimi daha çox ictimai-siyasi məzmun və bədii dəyəri olan felyetonlar yazırdı. Çünki felyeton əslində həm publisist, həm də ədəbi "səlahiyyəti" olan əsər növüdür. Felyeton bu hər iki "səlahiyyətini" eyni dərəcədə ifa etməli, müvazinəti gözləməlidir. Əgər bu iki tərəfdən hər hansı biri üstünlük təşkil etsə, felyeton öz dəyərinin itirər, o heç felyeton olmaz. Ədib bütün felyetonlarında məhz bu tarazlığı qoruyub saxlayırdı. O, öz felyetonlarının başlanğıclarının belə bir-birinə oxşamayan, müxtəlif fəndlərdən məharətlə istifadə edərək başlayırdı. Jurnalist öz felyetonlarının nağıl, lətifə, oxucuya müraciət, atalar sözü, məsəl və ayrı-ayrı söz və ifadələrin şərh və izahı ilə başlayırdı, bu da onun felyetonlarının satirik hekayələrindən, pamfletlərindən, qaravəlli və miniatürlərindən fərqləndirməyə imkan verirdi.

Bir publisist kimi Üzeyir bəy gözəl bilirdi ki, publisistikanın vəzifəsi sadəcə məlumat və hadisələri təsvir etmək deyil, insanların şüuruna, qəlbinə təsir etməklə onları ictimai həyatı dəyişdirməyə hazırlamaq işinə xidmət etməkdir. Mütəfəkkirin bədii publisistikası, əsasən satira və zahiri polemikadan ibarət idi. Ədib ya tənqid etdiyi şəxslə üz-üzə dayanaraq sözünü açıq-aşkar onun üzünə deyir, ya da bədii publisistikanın bu formasından bir vasitə kimi istifadə edərək ictimai bəlanı və ya satirik tipi tənqid edirdi.

Tənqidi realizmi həqiqi sənət yolu hesab edən Üzeyir bəyin polemikaya, elmi mübahisəyə və müzakirəyə meylli olması onun həm publisistikasını, həm də redaktorluq fəaliyyətini səciyyələndirən mühüm xüsusiyyətlərdən idi.

Üzeyir bəy əsərlərində bəşəri ideyalar, ali fikirlər təbliğ edir, xalqa və vətənə dəyən zərər-ziyanı "görüb dinməməyi, danışmamağı xəyanət və vicdansızlıq" adlandırırdı. Bu işdə o, jurnalistləri və müəllimləri daha mübariz olmağa, "millətə xidmətçi" olmağa, "müqəddəs vəzifələri layiqincə icra etməyə", yeri gələndə xalqa "vəkillik etməyə" səsləyirdi. Öz mənfəətinin xalqın mənfəətindən üstün tutan, hər cür xəyanət və cinayət etməyə hazır olan, yalandan "millət, millət" deyib özlərinin xalq mənafeyinin müdafiəçisi kimi göstərən, ictimai fikri aldatmaq məqşsədi ilə sinələrinə döyən "millət canıyananı" rolunda çıxış edən "intelligentlər"ə qarşı isə Üzeyir bəy göstərirdi ki, "Milləti qabağa aparmaq hər yoldan ötənin işi deyil! Nə etsəniz də, lap mil dursanız da sizdən bir şey çıxmaz! Durun kənara! Yazıq milləti damaq etməyin". Ədib açıq-aşkar görürdü və göstərirdi ki, dırnaqarası millətpərəslər, intelligentlər əslində vətəni, milləti, məsləki qara pula satan, milli şüurdan məhrum dırnaqarası ziyalılardır. Ədib belə dırnaqarası ziyalılara gülür, onları məsxərəyə qoyurdu.

Üzeyir bəyin gülüşü də öldürücü və düşündürücü gülüş idi. Onun gülüşü həm islahedici, həm də ifşaedici gülüş idi. O, bu gülüşləri hər şeydən əvvəl xalq yumoru və satirasında, klassik Azərbaycan və dünya yazılı ədəbiyyatından öyrənmiş və onları öz yaradıcılığında məharətldə tətbiq etmişdi.

Ədib həm ideya-siyasi dünyagörüşü, həm də sənətkarlığı ilə milli və təkrarolunmaz şəxsiyyətdir. Bunun nəzərə alan Üzeyir tədqiqatçıları göstərirlər ki:"Üzeyir bəyin gülmək qabiliyyəti özünəməxsusdur - Üzeyir gülüşüdür. Onun milli xarakteri müəyyən tarixi dövrlə şərtlənən predmetdən başlanır, sənətkarın məsləkindən, qarşıya qoyduğu məqsəddən, tənqid obyektinə münasibətindən irəli gəlir, rəngarəng gülüşdoğurma vasitələri ilə tamamlanır”.

Jurnalistlik fəaliyyətində həmişə hərəkətdə olan Üzeyir bəy çox vaxt ictimai-siyasi hadisələrin ən qaynar yerində olur, günün ən aktual məsələlərinə toxunurdu. Ədibin yaradıcılığının bu xüsusiyyəti müasirləri tərəfindən də yüksək qiymətləndirilmiş, dövrü mətbuatda müsbət anlamda "nadinc jurnalist" (Molla Nəsrəddin) adlandırılmış, elmi-ədəbi və bəstəkarlıq fəaliyyəti təqdir edilmişdi. Zamanın nəbzinin tutmaq, ictimai həyatın doğurduğu problemləri ümumxalq müzakirəsinə çıxarmaq, xalqı birliyə çağırmaq, birliyin yol və vasitələrinin göstərmək ədibin ən ümdə vəzifəsi olmuşdu. O, bu vəzifələri yerinə yetirməklə xalqın maariflənməsinə çalışır, geniş oxucu kütləsinin mədəni həyata səsləyir, oxucuları gözüaçıq olmağa alışdırır, “mikrobları millətin bədənindən kəsib atmağa” çağırırdı.

Bütün mənalı həyatını Azərbaycanın yüksəlişinə həsr edən Üzeyir bəy aid olduğu millətin qəlbində əbədi taxt qurub!

Ruhu şad olsun.

 

 

 

Şərhlər