Rəssamlar Azərbaycanı qarış-qarış gəzəcək

29.09.2015 13:35     Artreaksiya     2597

Azərbaycanlı rəssamlar arasında “Yurdumuzu qarış-qrış gəzək” layihəsi gerçəkləşdiriləcək.

Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan bölməsinin rəhbəri Nəvai Metin Reaksiya.az-a açıqlamasında bildirib ki, onun təşəbbüsü ilə başlanılan bu layihədə iştirak edəcək rəssamlardan bir neçəsi artıq məlumdur. Məlik Məmmədxanov, Oktay Əliyev, Gündüz Hunlar həmin rəssamlar sırasındadır. N.Metin ümid edir ki, bu siyahı daha da genişlənəcək və onların sırasına qoşulmaq istəyənlərin sayı günbəgün artacaq.

 Nəvai bəy söyləyib ki, layihəni gerçəkləşdirməkdə əsas məqsəd Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzib, maraqlı təbiət mənzərələrini, tarixi abidələrini kətan, kağız üzərinə köçürməkdir: “Hər zaman xarici ölkələri gəzirik, ölkəmizin gözəl yerlərini gəzməkdən uzaq qaçırıq. Qərara gəldik ki, bu dəfə də Azərbaycanımızın fərqli bölgələrində olaq, müxtəlif tədbirlər həyata keçirək. “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” şüarında dəyişiklik edərək, “Gəzməyə də, ölməyə də vətən yaxşı” şüarını irəli sürdük. Və elə bu şüarla da layihəmizə start verməyi düşünürük”.

Xatırladaq ki, layihənin başlanğıcı olaraq oktyabr ayının dördündə ilk tədbir həyata keçiriləcək. Layihə çərçivəsində rəssamlar dəniz kənarında canlı şəkildə rəsmlər çəkəcəklər. Azərbaycanı dolaşacağı nəzərdə tutulan bu layihənin sonunda çəkilmiş rəsmlərdən ibarət sərgi keçiriləcək.

Qeyd edək ki, layihəyə qoşulmaq istəyən hər kəs UASB-nin Azərbaycan təmsilçiliyinə müraciət edə bilər. 

Şərhlər