Ledi Qaqanın yeni adı

02.10.2015 05:41     Artreaksiya     2195

ABŞ-ın "Billboard" jurnalı tanınmış müğənni Ledi Qaqanı ilin qadını adına layiq görüb.

ANS PRESS-in məlumatına görə, bu ilin dekabrında ABŞ-ın Nyu-York şəhərində keçiriləcək mərasimdə Ledi Qaqaya mükafat veriləcək.

"Billboard" jurnalı kabel telekanalı "Lifetime" ilə birgə Ledi Qaqanı musiqi sənayesində uzun illər fəaliyyət göstərdiyi üçün bu mükafata layiq görüb. "Billboard"un ekspertləri vurğulayıblar ki, Ledi Qaqa ictimai zövqə təsir edən müasir mədəniyyətdə məşhur simadır: "Onun şou-proqramları, xeyriyyəçilik və maarifçilik fəaliyyəti, gənclərlə işi, bərabər hüquqlar üzrə apardığı mübarizə müasir dünyada meqaulduza digər gözlə baxmağa məcbur edir." "Lifetime" telekanalı qeyd edib ki, Qaqa qətiyyəti, möhkəmliyi və cəsarəti özündə cəmləşdirən qeyri-adi artistdir.

Ötən illərdə Beyons, Teylor Svift, Ferci və Keti Perri "Billboard" jurnalı tərəfindən "ilin qadını" adına layiq görülmüşdü.


Müğənni xəbərlə bağlı "Twitter" səhifəsində rəy bildirib: "Mən inana bilmirəm ki, "Billboard" məni "İlin qadını" adlandırıb. Təşəkkürlər! Mən həqiqətən sizə çox-çox minnətdaram. Allahım, nə gözəl səhərdir",- deyə Ledi Qaqa sevincini bölüşüb. 

Ledi Qaqanın musiqi karyerası 2006-ci ildə başlayıb. Təxminən 10 illik karyerası boyunca Qaqa onlarla mahnı bəstəliyib və 4 albom buraxıb. Müğənninin sonuncu albomu 2014-ci ildə buraxılıb. Ledi Qaqa altı "Qremmi" mükafatı alıb, həmçinin 2010-ci ildə «Bad Romance» və «Telephone» mahnılarına çəkilən kliplər ona 8 "American Music Awards" mükafatı gətirib. «Alejandro» və «Paparazzi» mahnıları müğənniyə bir çox mükafatlar qazandırıb. 

Ledi Qaqa musiqidən başqa həm də kinoda fəal işləyir. 2015-ci ilin oktyabrından müğənni "American Horror Story" serialının yeni mövsümündə çəkiləcək.

Şərhlər