Səsiniz hər zaman səhnədən gəlsin, Nurəddin Mehdixanlı!

06.10.2015 15:42     Artreaksiya     2518

Mən onu nənəmin sayəsində tanımışdım, sevmişdim.

Uşaqlığımın demək olar ki, yarıdan çoxu nənəmin dizinin dibində keçib. Nənəli illərim o dövrlərdə mənə çox darıxdırıcı və sıxıcı gəlsə də, indi necə qiymətli və dəyərli bir uşaqlıq keçirdiyimin fərqindəyəm.

Bu dəyərin ən pik nöqtəsi isə nənəmin sayəsində o dövrdə, elə indiki dövrdə şəxsiyyət olan insanları tanımağım idi. Stalindən, Brejnevdən tutmuş Qulu Əsgərova, Zeynəb Xanlaravoya qədər bir çox insanı məhz nənəm qiyabi şəkildə tanıtdırb mənə. Onların həyatından, yaradıcılığından, tutduqları mövqelərindən o qədər ağız dolusu danışıb ki, indi də həmin məlumatlar hafizəmdədir.

Nənəmin mənə sevdirdiklərindən biri də “Solğun çiçəklər” tamaşasının Bəhramı idi. Hər dəfə tamaşa başlar başlamaz nənəm televizorun qarşısını kəsdirərdi. Mən də onun stulunun yanında bardaş qurub gözlərimi qırpmadan ekrana zillərdim. Bəhramın hər hərəkətini, hər sözünü əzbərləmişdim az qala. Tamaşa boyu o qədər həyəcanlanardım ki, az qala balaca ürəyim göksümü dəlib yerindən çıxacaqdı.  Düzdür, Bəhram obraz idi və heç də müsbət rol oynamırdı tamaşada. Ancaq mən heç zaman Bəhramı qınamırdım, əksinə hər dəfə tamaşaya baxandan sonra Ona olan sevgim daha da artırdı. 6-7 yaşlı uşağın sevgisi nə qədər güclü olursa, bir o qədər də tez unudulur deyirlər. Ancaq mənim Bəhram sevgim unudulanlardan olmadı, zaman keçdikcə daha da təkmilləşdi və həyatda çox köməyimə çatdı.

Tamaşa “Solğun çiçəklər” adlansa da qərhəmanları heç zaman solmadı, gündəmdən düşmədi, həmişə sevildi, seçildi. Və daha da möhtəşəm, möhtərəm ifaları ilə yaddaşlarda ölməzlik qazandılar.

Bu gün sağlığında ölməzlik qazanan Bəhramın doğum günüdür.

Əslində Bəhramın yox, Bəhram rolunu yaradan, yaşadan, sevdirən Nurəddin Mehdixanlının nə az, nə çox 59 yaşı tamam olur.

Nurəddin Mehdixanlı 1956-cı ilin bu günündə Cəlilabad rayonunun Tahirli kəndində dünyaya göz açıb. 1974-1978-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1978-ci ildə dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu başa vurub təyinatla Akademik Milli Dram Teatrının teatr truppasında işə başlayıb.

Fəaliyyəti dövründə saysız hesabsız teatr tamaşaları ilə yanaşı, tele tamaşalarda, həmçinin filmlərdə baş rolların əvəzsiz ifaçısı olub. Nurəddin Mehdixanlı rol aldığı tamaşalarda təkcə ifaçılıq sərgiləməyib, rola özünəməxsus nəfəs verib. Əzəmətli səsi və görkəmi ilə hər bir rola öz möhürünü vurub.

İllər keçsə də, cavanlıq yavaş-yavaş geridə qalsa da zaman Nurəddin Mehdixanlının əzəmətli görünüşündən heç nəyi qopara bilməyib. Əksinə, o məğrur görünüşünə daha çox əzəmət, vüqar qatıb.

Bu gün həyatının 59-cu doğum gününü qeyd edən sənətkarı Reaksiya.az kollektivi adından səmimi qəlbdən təbrik edirik. Xalq artistimizə möhkəm can sağlığı, uzun ömür və hər zaman əzəmətli, vüqarlı qalmağı arzu edirik.

Səsiniz hər zaman səhnədən gəlsin, səhnə sizi yox, siz səhnəni qocaldasınız, Nurəddin Mehdixanlı!

Şərhlər