Rəssamların dəniz kənarında ilk görüşü oldu - FOTOLAR
06.10.2015 16:28 Artreaksiya 2728
“Yurdumuzu qarış-qarış gəzək, şüarı ilə səfərdə olan rəssamların məqsədi ölkəmizi daha çox tərənnüm etmək, göz oxşayan mənzərələrini tabloya köçürmək və Azərbaycanı daha çox tanıtmaqdır”.
Bu sözləri reaksiya.az-a açıqlamasında Uluslararası Aktivist Sənətçilər Birliyinin (UASB) Azərbaycan bölməsinin rəhbəri Nəvai Metin söyləyib.
Xatırladaq ki, az əvvəl Nəvai Metinin rəhbərliyi ilə azərbaycanlı rəssamlar arasında “Yurdumuzu qarış-qarış gəzək” layihəsinə başlanılacağı barəsində xəbər vermişdik.
Nəvai Metin onu da bildirib ki, oktyabrın dördündə layihə çərçivəsində keçirilən ilk tədbir baş tutub: “Bakının Dübəndi kəndində açıq havada dəniz sahilində baş tutan ilk tədbirimiz çox uğurlu alındı. Əsas məqam sənətçilərin əhval ruhiyyəsinin çox yüksək olması idi. Tədbir çərçivəsində insanlardan böyük diqqət görən rəssamlarımız belə tədbirlərin tez-tez təşkil olunmasının vacibliyindən danışdılar. Bu tədbir əlbəttə ki, yenilik idi və indiyə qədərki tədbirlərdən tam fərqlənirdi. Birliyimizin sıralarına yeni üzvlər qəbul etdik, elə oradaca yeni üzvlərimizə vəsiqələr təqdim olundu”.
Qeyd edək ki, 8 rəssamın qatıldığı bu tədbir UASB Azərbaycan təmsilçiliyinin Aktiv Ressamlar Qrupunun təşkilatçılığı ilə keçirilib. Layihə çərçivəsində keçiriləcək növbəti tədbirlərə FeminArt Beynəlxalq Qadin Ressamlar birliyinin nümayəndələri də qoşulacaq.
N.Metin vurğulayıb ki, tədbir barəsində UASB-nin rəhbəri Umid Yaşara da məlumat verilib: “Başqanımız UASB Azərbaycan təmsilçilərinin fəaliyyətini yüksək qiymətləndirərək bu tədbirin Türkiyə mətbuatında da işıqlandırılacağını vurğuladı. Layihə çərçivəsində növbəti tədbir oktyabrın 18-də Quba rayonunda keçiriləcək. Artıq 10 rəssam həmin tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib. İnanıram ki, həmin görüşümüz də yaddaqalan və uğurlu olacaq”.
Şərhlər