"Vahid qəzəli tam təmizləyə bilmədi"
15.10.2015 16:52 Artreaksiya 2301
Müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi Əliağa Vahid ədəbiyyatımızda Füzulinin davamçısı hesab olunur. Onun qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şahin Fazil Reaksiya.az-a Vahidin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb.
O, Vahidin ədəbiyyatımıza müəyyən dərəcədə yenilik gətirdiyini bildirib:
“Vahid qəzəlin dilini müəyyən qədər sadələşdirdi. Buna baxmayaraq, yaradıcılığında qəliz misralar çoxluq təşkil edirdi. Şair köhnə arxaik ifadələrdən, yalançı deyimlərdən, ərəb-fars sözlərindən uzaqlaşmalı idi, lakin bunu bacara bilmədi. Çünki o, keçmiş şairlərdən, qəzəlxanların şeirlərindən ayrıla bilmirdi, onların yolu ilə gedirdi. Müəyyən qədər ayrılmağa çalışsa da, amma tam nail ola bilmədi. Bu yoldan ayrılmaq qəzəlin ərəb-fars kəlmələrindən, izafət tərkiblərindən ayrılması deməkdir. Bu işi bacarmaq üçün gərək qəzəlin hər bir misrasında mürəkkəblikdən qaçasan. Vahid müəyyən qədər qabağa getdi, amma qəzəli tam təmizləyə bilmədi. Mən bu yolu heç cür alqışlamıram. Bu günün qəzəli bu günün dilində yazılmalıdır”.
Qeyd edək ki, Əliağa Vahidin həyatının maraqlı məqamlarından biri də onun repressiyadan xilas olmasıdır.
Əldə edilən məlumata görə, Vahid guya içki içən olmayıb, ancaq repressiyaya görə özünü içki içən kimi göstərib ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova repressiya ilə bağlı Vahidin də adının keçdiyi bir siyahı veriblər. Mircəfər Bağırov Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdır, ondan bizə nə ziyan gələcək.
Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 2 otaqlı mənzil verib.
18 fevral 1895-ci ildə Bakıda anadan olan Əliağa Vahid 1965-ci ildə elə doğulduğu şəhərdə də vəfat edib.
Şərhlər