Braziliya radiosunda Azərbaycan musiqisi - FOTOLAR

17.10.2015 02:18     Artreaksiya     2088

2015-ci il oktyabrın 11-də Braziliyanın EBC radiosunda bu ilin aprel ayında Rio-de-Janeyro şəhərində uğurla həyata keçirilmiş Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestrin “Qarabağ” muğam triosu ilə birgə konsertlərinə həsr edilmiş veriliş təqdim olunub.

Reaksiya.az xəbər verir ki, verilişin aparıcısı, Braziliya Simfonik Orkestrin bədii rəhbəri, braziliyalı bəstəkar Pablo Kastellar Azərbaycanın rəngarəng klassik musiqisi və zəngin muğam sənətindən bəhs edərək, ölkəmizin görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlovun yaradıcılıq fəaliyyəti barədə braziliyalı dinləyicilərinə ətraflı məlumat verib.

Onun sözlərinə görə, adıçəkilən Azərbaycan bəstəkarlarının əsərləri muğamla sıx bağlıdır və bu bağlantı Azərbaycan musiqi mədəniyyətinin özünəməxsusluğunu səciyyələndirən cəhətdir.

Eyni zamanda, P.Kastellar Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlov və “Qarabağ” muğam triosu (xalq artisti, xanəndə Mənsum İbrahimov, əməkdar artist, tarzən Elçin Həşimov, əməkdar artist, kamança ifaçısı Elnur Əhmədov) barədə danışaraq onların 2007-ci ildən etibarən bir çox xarici ölkələrdə həyata keçirdiyi simfonik muğam layihəsinin əhəmiyyətini qeyd edib.

Veriliş zamanı Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “Azərbaycan kappriçiosu”, Vasif Adıgözəlovun “Qarabağ Şikəstəsi”, Asəf Zeynallının “Muğam sayağı”, Həsən Rzayevin “Cahargah stilində rapsodiya” və digər əsərlərdən parçalar səslənmişdir.

P.Kastellar Azərbaycan musiqisinə həsr edilmiş konsertin keçirilməsinin Braziliya ictimaiyyəti, həmçinin Braziliya Simfonik Orkestri üçün unikal təcrübə olduğunu vurğulayıb.

 

 

Şərhlər