"Bütün bölgələri kətana köçürmək istəyirik" - NƏVAİ METİN
19.10.2015 14:24 Artreaksiya 2336
Uluslararası Aktivist Sənətçilər Birliyinin (UASB) Azərbaycan təmsilçiliyi 18 oktyabrda “YURDUMUZU QARIŞ QARIŞ GƏZƏK” adlı layihə çərçivəsində üçüncü tədbirini gerçəkləşdirib.
Reaksiya.az xəbər verir ki, UASB-nin bir qrup üzvü birgə qərara gələrək Azərbaycanın Quba rayonuna üz tutublar. UASB-nin Azərbaycan bölməsinin rəhbəri Metin bildirib ki, 18 sənətçidən ibarət qurup səhər saatlarında Qubaya yola çıxıblar: “Bizi orada Quba Rayon İcra Hakimiyyətinin işçisi, tanınmış şair Ramiz Qusarçaylı qarşıladı. Əvvəlcə ərazidə gəzintimiz oldu, görməli yerlərə baxdıq. Qımıl Qazma kəndini rəsm çəkmək üçün münasib bildik. Qımıl Qazma kənd sakini Roman bəyə aid həyətyanı sahədə rəsm çəkmək istəyən rəssamlar ev sahibi tərəfindən sevinclə qarşılandı. Bundan çox məmnun olduğunu bildirdi. Region TVnin əməkdaşlarının müşayəti ilə keçən plener tədbir iştirakçıları həvəslə çalışırdılar. Yerli əhalidən diqqət görən sənətçilərin sevincinin həddi-hüdudu yox idi. İlk tədbirimizdə 6 rəssam var idisə, bu gün artıq 18 sənətçi sıralarımıza qoşulmuşdu,16 rəssam və 2 fotoqrafçı. Bu da çox sevindirici haldı, çünki günü-gündən səfərlərimizə maraq artır, müraciətlərin sayı çoxalır”.
Nəvai Metin, həmçinin bildirib ki, bu tədbir UASB-nin təşkilatçılığı ilə başlasa da Femin ART və Aktiv Rəssamlar Qrupu da daima bizimlə birlikdədilər.
Rəssam layihə çərçivəsində gerçəkləşdiriləcək növbəti tədbirlərdən də danışıb: “Nöbəti səfərimizi 15 gün sonra Göygöl ərazisində gerçəkləşdirmək istəyirik. Tədbirin harda keçirilməsi iştirakçılar arasında müzakirə zamanı ortaya çıxır. Mən cənub bölgəsini təklif etdim, amma iştirakçıların əksəriyyəti Göygölü istədi. Cənub bölgəsi növbəti planımızda var. Bütün bölgələri gəzmək, dolaşmaq, kətana köçürmək və yurdumuzu daha çox tərənnüm etmək istəyirik. Növbəti səfərimizə artık müraciətlər başlayıb. Yolun uzaq olduğunu nəzərə alaraq səfərimizin müddəti iki gün nəzərdə tutulub”.
Layihə çərçivəsində UASB-nin yeni üzvlərinə vəsiqələrin verilməsi də gerçəkləşdirilir. Bu səfərdə də fotoqraf İradə Qədirova qurumun sıralarına qoşulub.
Şərhlər