2 dəfə vətəndaşlıqdan məhrum edilən Nobelli yazıçı
19.10.2015 17:59 Artreaksiya 2531
Bu gün Qvatemalalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Migel Anxel Asturiasın doğum günüdür. Yazıçı 1899-cu il oktyabrın 19-da anadan olub.
Reaksiya.az xəbər verir ki, sənətkarlıq xüsusiyyətlərinə və bədii təxəyyül orjinallığına görə bəzi tənqidçilər onun adını dünya ədəbiyyatının Frans Kafka, Ceyms Coys, Uilyam Folkner kimi tanınmış simaları ilə yanaşı çəkirlər.
Yazıçı gənc yaşlarından fəal siyasi fəaliyyətlə məşğul olub, diktatura rejiminə qarşı mübarizənin fəallarından biri kimi tanınıb.
O, şeir və nəsr yaradıcılığına Parisdə sürrealistlərin təsiri altında başlayıb. Onun ilk əsəri 1930-cu ildə mayya mədəniyyətinin poetik şərhini ehtiva edən "Qvatemala əfsanələri" adlanır.
Yazıçı Fransada yaşadığı 10 il müddətində "Yeni zaman" ("Tiempos Nuevos") jurnalını nəşr etdirib.
Migel Anxel 1933-cü ildə vətəninə qayıda bilib və siyasi proseslərə qarışmadan jurnalistika və bədii yaradıcılıqla məşğul olmağı daha üstün tutub. 1936-cı ildə onun vətənə qayıdandan sonra yazdığı əsərlərin toplandığı "Sonetlər" kitabı çap edilib.
Yazıçı 1954-1966-cı illərdə əvvəlcə Argentina və Çilidə, sonra isə İtaliyada yenidən siyasi mühacir həyatı keçirməli olub.
Qvatemalada siyasi rejimin dəyişməsi nəticəsində 1966-cı ildə Asturias yenidən vətəndaşlığa qəbul edilib və ölkəsinin Fransada səfiri təyin edilib. Eyni ildə o, "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Beynəlxalq Lenin mükafatına layiq görülüb.
1967-ci ildə yazıçı “əsasında Latın Amerikası hindularının adət-ənənələrinə böyük maraq dayanan parlaq ədəbi nailiyyətlərinə görə” ən nüfüzlü mükafatlardan biri sayılan Nobel mükafatını qazanıb.
Müəllif qısa Nobel mühazirəsində Avropa və Latın Amerikası ədəbiyyatları arasındakı fərqlərə toxunaraq onların hər şeydən öncə mövcud həyat şərtlərindən, ictimai-siyasi reallıqlardan qaynaqlandığını göstərmişdi: "Bizim romanlarımız avropalılara məntiqdən və sağlam ağıldan məhrum əsərlər təsiri bağışlayır. Amma nəzərə alın ki, bu romanlar bizim oxucunu qorxutmaq istədiyimiz üçün qorxulu deyillər. Başımıza dəhşətli işlər gəldiyinə görə onlar belə qorxuludurlar".
Migel Asturias 1970-ci ildə sonra yalnız yaradıcılıqla məşğul olmaq məqsədi ilə diplomatik fəaliyyətindən uzaqlaşıb.
Yazıçı 1974-cü ildə Madriddə vəfat edib.
Sağlığında iki dəfə vətənindən didərgin salınan, vətəndaşlıqdan məhrum edilən Migel Asturias bu gün öz ölkəsinin rəmzlərindən birinə çevrilib.
Şərhlər