Azərbaycan bəstəkarının Kanadada ikigünlük konserti təşkil edilib - FOTO
27.10.2015 03:56 Artreaksiya 2165
Kanadanın Toronto şəhərində Azərbaycanın Xalq Artisti, dünya şöhrətli bəstəkar, görkəmli pianoçu Firəngiz Əlizadənin ikigünlük konserti keçirilib. “Oyan!” adlı konsert Toronto şəhərində fəaliyyət göstərən “Saşar Zərif Rəqs Teatrı”nın rəhbəri, əslən İrandan olan soydaşımız Saşar Zərifin, Ağaxan Muzeyinin və Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.
Səfirlikdən bildirilib ki, konsertin əvvəlində F.Əlizadə pianoda solo ifa edib. Sonra gənc muğam ustası Mirələm Mirələmov, “Bakı-2015” birinci Avropa Oyunlarının bağlanış mərasimində çıxış etmiş kamança ustası Elnur Mikayılov və Saşar Zərifin iştirakı ilə F.Əlizadənin bəstələdiyi əsər səhnələşdirilib. Əsərdə Saşar Zərif Azərbaycan musiqisinin sədaları altında milli rəqslərimizi təqdim edib. Həmçinin konsert zamanı “Oyan!” əsərinin yaranması haqqında qısa sənədli film də göstərilib.
Tədbirin əsas məqsədi zəngin Azərbaycan mədəniyyətini və muğam ənənələrini Kanadada təbliğ etmək olub. Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin konsulu Faiq Babayev Firəngiz Əlizadəyə təşəkkür diplomu təqdim edib.
Konsertdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar və KİV nümayəndələri iştirak ediblər.
İki gün davam edən konserti ümumilikdə 200 nəfərə yaxın tamaşaçı izləyib.
Şərhlər