Azərbaycanlı rəssamın əsərləri ABŞ-da nümayiş etdirilib

28.10.2015 01:21     Artreaksiya     2134

Miçiqan ştatındakı Arte De Mundo qalereyasında keçirilən “Dünya incəsənəti” ekspozisiyasında Azərbaycanın tanınmış rəssamı, beynəlxalq mükafat laureatı Mehriban Əfəndinin əsərləri də nümayiş etdirilib. Rəssamın “Twirling”, “Shabi", “Hicran”, “Impressiya”, “Yaz təranələri”, “Gecənin mistikası" əsərləri orijinal və rəqəmsal sürətində nümayiş olunub.

Mehriban Əfəndi 3 il əvvəl Arte De Mundo qalereyası ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Qalereyanın rəhbəri Vircinya Ximenez dəfələrlə rəssamın əsərlərini beynəlxalq ekspozisiyalarda nümayiş etdirib.

Mehriban Əfəndi 2010-ci ildən Avropa, Asiya, Şimali və Cənubi Amerika ölkələrindən olan rəssamları birləşdirən “Beynəlxalq sürrealizm bu gün” layihəsində də iştirak edir. ABŞ-dan başqa, həmyerlimizin əsərləri Hollandiya, Portuqaliya, Bolqariya və başqa ölkələrdə də nümayiş olunub. 2003-cü ildə M. Əfəndi dünyanın ən yaxşı kompyuter rəssamlarının və 2010-cu ildə dünyanın 56 ən görkəmli sürrealizm rəssamlarının sırasına düşüb.

Rəssamın Amerikada ilk fərdi sərgisi 2005-ci ildə Montana ştatının Biqfork şəhərində keçirilib. 2014-cü ildə o, Sandro Bottiçelli adına İtaliya mükafatının laureatına sahib olub.

Şərhlər