Karaim el nəğmələrinin izi ilə… - TÜRK ELLƏRİNDƏN

19.06.2015 14:35     Artreaksiya     2780

 

 

Əsrlərdən süzülüb gələn bayatılar, dildən-dilə dolaşan nəğmələr  el-el yayıldıqca, daha da doğmalaşır, dillə əzbəri olur. Bu nəğmələr, xalq qoşmaları bir-birindən uzaq düşmüş,  fərqli dünyagörüş və etiqadları olan xalqların keçmişini, dünyagörüşünü  özündə yaşatmaqla yanaşı, eyniköklü türk xalqları arasında bir əlaqə yaradır.   Krımda yaşayan, musəviliyə yaxın etiqadları olan azsaylı türk xalqlarından karaimlərin—Krım karaylarının  “yırlar”ı (mahnı)  da  bu qəbildəndir. Bu yazıda iki karaim xalq nəğməsindən söhbət açılır.

Karaim folklorunda  xalq mahnıları—“yırlar”ı arasında  “Bir elmayı bölek” mahnısı  bu baxımdan seçilir.  Nəğmə  türk düşüncəsi və mifologiyasında “alma” obrazı baxımından maraq doğurur.   “Bir elmanı bölek” karaim xalq mahnısında alma motivi  həsrətə son qoymaq anlamında ifadə edilib.  Nəğmədə  alma obrazı iki aşiq üçün ülvi duyğular simvolu kimi xarakterizə edilir.  Bir çox xalq nağıllarımzda almanın darda olan insanlara ürəklərində olan xoş müjdə bəxş etməsi funksiyası karaim mahnısında tam yerinə düşür.

Aşiq almanı öz sevgilisi ilə iki yerə bölərək onunla paylaşır. Arzu və diləkləri birdir. Bir almanı tən bölsələr də, ürəklərin bir olmağını arzu edirlər.

Bir elmany biz bolejek

Eki eteik ach

Eki miznyn gonglu

Bir ołgan son

Tur kieteik ach.

(Bir almanı bölək,

İki edək, ah.

İkimizin könlü bir olsun.

Dur gedək, ah.)

Türk folklorunda  “alma” ifadəsi simvolik olaraq, Azərbaycan da daxil olmaqla bir çox türk xalqlarının folklorunda yer alır. Türk mifoloji sistemində “qızıl alma” ifadəsi işlədilir ki, bunun da mənası  türklərin düşüncə və hədəfləri olaraq,  izah edilir. Bu baxımdan el nəğ­mə­lə­rin­də alma obrazının təsviri minilliklərdən yaranmış düşüncə tərzinin şüuraltı ifadəsi hesab edilə bilər. Azərbaycan xalq mahnıları; “Almanı atdım xarala”, “Alma dərən”, “Qubanın ağ alması” buna nümunədir. Azərbaycan xalq mahnısı “Qubanın ağ alması” mahnısında aşiq  sevgilisinə olan həsrət duyğularını özünəməxsus dillə ifadə edir.

Azərbaycan  xalq yaradıcılığında mühüm yeri olan nağıllarda adətən göydən üç alma düşməklə bitir, yara olan sevgi, həsrət, aşiqlərin murada yetmələri alma obrazı vasitəsi ilə ifadə edilir. Təsadüfi deyil ki, bir çox nağıllarda dərviş obrazı  övlad həsrəti olan şah arvadına alma hədiyyə edir, almanı yarı bölərək şahla yemələrini tövsiyə edir.

 

Mahnının ikinci bəndində dan ulduzunun çıxdığı  səma altında aşiq ağlar könlünü sevgilisinə açır, ayrılığı onu tərk etməsi ilə əlaqələndirmir.

Tan yłdyzy kałtran dogar

Gonglum agłej ach

Meramynda sieny

Taszłmak dygil

Guziel Lila ach.

(Dan ulduzu doğar.

Könlüm ağlayır, ah.

Niyyətim səni,

Buraxmaq deyil.

Gözəl Leyla ah.)

 

Göründüyü kimi, türk xalqları folklorunda mühüm əhəmiyyət daşıyan el nəğmələrində ülvi hisslər, sevgi münasibətləri, yarın həsrət nəğməsi motivləri başılca xətt kimi keçir.

Karaim folklorunda  digər mahnı isə  “ A kızım, seni bazirqana bereyim” sözləri ilə başlayan nəğmədir ki, ilk baxışda məzmunu  dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasında övladını Məşədi İbada vermək istəyən Rüstəm bəy və qızı ilə olan duetini xatırladır.  Dahi bətəkarın müəllifi olduğu əsərdə ata övlad dialoqu bu cürdür:

Qızım sənə yaylıq alım,

Al dədə qurbanın olum.

Qızım sənə başmaq alım.

Al dədə qurbanın olum.

Qızım sənə corab alım.

Al dədə qurbanın olum.

Qızım sənə tuman alım.

Al dədə qurbanın olum.

Qızım səni ərə verim.

Yox dədə, qurbanın olum.

 

“A kızım, seni bazirqana bereyim” misrası ilə başlayan karaim xalq mahnısının süjet xətti eyni olsa da, “O olmasın, bu olsun” operettasında olan ata-qız duetindən bir qədər fərqlənir.

A kızım, seni bazirqana bereyim,

Yok, babacığım, yok.

Bazırqanın baması da çoktur.

Xoştır dır bana, xoştır dır bana.

 

Qızım səni bəzirgana verəyim,

Yox, atacan, yox.

Bəzirganın baması çox olur.

Xoşdur mənə, xoşdur mənə.

 

Siyax da perçem, ak gerden,

Baba bulamadın derdim derlar.

Yok babacığım, yok,

Men ona da barmayım.

Siyah zülfün, ağ gərdən,

Ata tapa bilmədin, dərdimi, deyirlər.

Yox, atacan, yox.

Mən ona getmirəm.

 

A kızım seni berberciye bereyim,

Berbercinin peşkeri de çoktır.

Yuvdırır bana, yuvdırır bana.

 

A qızım, səni bərbərə verim,

Bərbərin dəsmalı çoxdur.

Yudurdar mənə, yudurdar mənə.

 

 

A kızım seni çalğıcıya bereyim,

Yok babacığım, yok,

O çalgıcı, ben oynatçı.

Oynatır meni, oynatır meni.

 

A qızım, səni çalğıçıya verim,

Yox, atacan, yox.

O çalğıçı, mən oynayan.

Oynadar məni, oynadar məni.

 

Süjet xətti eyni olsa da,  fərqlər də sezilir. Karaim nəğməsində ata övladının ailə qurması üçün  müxtəlif peşə sahiblərinin adını çəksə də, Rüstəm bəy bu mövzuda övladı ilə bir qədər həssas davranır. Ona müxtəlif hədiyyələr alacağını deyib  könlünü almağa çalışır, yalnız sonra onu ərə vermək istədiyini bildirir.

Göründüyü kimi, karaim folklorunda mühüm yer tutan iki “yır”—xalq nəğməsi az da olsa, kifayət edir ki, onların  Azərbaycan da daxil olmaqla, türk ədəbiyyatında  oxşar elementləri daşıdığını göstərək. Bu kiçik yazıda təsvir edilən müqayisəli oxşar gəzişmələr karaim xalqının türk ədəiyyatında özünəməxsus yer tutduğunu, qədim türk mifologiyasının izlərini özündə yaşatdığını  göstərir. Eyni zamanda,ortaq tarixi keçmişə, ədəbiyyata və dilə malik türk xalqlarının fərqli coğrafiyalarda yaşamalarına baxmayaraq,  onların bir-birlərinə təsiri də danılmazdır.

Şərhlər