Məhkəmə xalq artistinin şikayətini təmin etmədi
10.11.2015 13:58 Artreaksiya 2054
Bakı Apellyasiya Məhkəməsində xalq artisti Aygün Kazımovanın apellyasiya şikayətinə baxılıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə A. Kazımovanın şikayəti təmin edilməyib.
Qeyd edək ki, müğənni Natəvan Həbibi A. Kazımovaya qarşı iddia ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. N. Həbibi iddia ərizəsində A. Kazımova tərəfindən şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib. Bunun üçün A. Kazımovanın N. Həbibidən üzr istəməsi tələb olunub. Məhkəmə N. Həbinin iddiasını təmin edib. Belə ki, məhkəmənin qətnaməsinə görə, xalq artisti Natəvan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. Həmin qətnamədən A. Kazımovanın verdiyi apellyasiya və kassasiya şikayətləri isə təmin edilməyib.
Lakin həmin qətnamə A. Kazımova tərəfindən icra olunmadığı üçün N. Həbibi yenidən məhkəməyə müraciət edib. A. Kazımova məhkəmə qərarını icra etmədiyi üçün onun ölkədən çıxışına qadağa qoyulması istənilib. Məhkəmə A. Kazımovanın ölkədən çıxışının məhdudlaşdırılması barədə qərar qəbul edib. Bundan sonra A. Kazımova həmin qərardaddan apellyasiya şikayəti verərək məhdudiyyətin götürülməsini istəyib.
Şərhlər