Prezidentin kitab təqdimatı keçirildi
20.11.2015 00:47 Artreaksiya 1995
Azərbaycan Xalça Muzeyində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun türkmən xalçalarına həsr olunmuş “Canlı əfsanə” kitabının təqdimat mərasimi keçirilib. Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, mərasimdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanla Türkmənistan arasında mədəni əlaqələrin inkişafından, xalqlarımızın dərin tarixi köklərlə bir-birinə bağlılığından söhbət açıb. Türkmənistan prezidentinin “Canlı əfsanə” adlı kitabının Azərbaycan dilində nəşr olunmasının xalqlarımızın bu tarixi sənət növü ilə yaxından tanışlığına şərait yaradacağını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Türkmənistan prezidentlərinin dəstəyi ilə sözügedən kitabın 2014-cü ildə Aşqabad şəhərində təqdimatı keçirilib.
Sevda Məmmədəliyeva Türkmənistan prezidentinin xalqının mədəni irsinin qorunmasına və təbliğinə böyük diqqət yetirdiyini bildirib: “Kitab türkmən xalçası haqqında dolğun məlumat verən məzmunlu mətni, xalçaların özünəməxsus gözəlliyini əks etdirən rəngarəng materialları və nəfis tərtibatı ilə diqqəti cəlb edir. Qurbanqulu Berdiməhəmmədov xalçaları türkmən dövlətinin xəzinəsi, xalqının isə qəlbi adlandırır. Bu bizim üçün anlaşılan hissdir. Belə ki, xalça Azərbaycanın da ən qiymətli maddi və mənəvi irsidir".
Tədbirdə çıxış edən “Türkmənhalı” Dövlət Birliyinin sədri, Türkmənistanın dövlət naziri Oqulhacat İşanqulıyeva “Canlı əfsanə” kitabının Azərbaycan dilində nəşri və Bakıda təqdim olunmasına görə təşəkkürünü bildirib.
Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov, "Azərxalça" İstehsalat Birliyinin baş direktoru Əlisəfa Nuriyev çıxış edərək kitabın əhəmiyyətini və xalçanın böyük sərvət olduğunu vurğulayıblar.
Qeyd edək ki, 400 səhifədən ibarət “Canlı əfsanə” kitabı Türkmənistanın Azərbaycandakı səfirliyi, Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə ərsəyə gəlib. Kitabı rus dilindən Naibə Kərimli tərcümə edib.
Şərhlər