Şabranda poeziya gecəsi keçirilib
24.06.2015 03:18 Artreaksiya 2439
İyunun 23-də Şabranda klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib.
Reaksiya.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şairin abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Şabrandakı Xaqani Şirvani adına poeziya evində keçirilən gecədə şairin yaradıcılığından danışılıb, şeir və qəzəlləri səsləndirilib.
Tanınmış şairlər Səlim Babullaoğlu, Tofiq Nurəli, yazıçı Elçin Hüseynbəyli çıxışlarında Azərbaycanın dünyada filosofların, alimlərin, şairlərin vətəni kimi tanındığını qeyd ediblər. Xalqımız Xaqani Şirvani kimi ədəbiyyat xadimləri ilə fəxr edir və bu irsi daim qoruyub saxlayır.
Bildirilib ki, Xaqani Şirvani klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaradıb. Bu səbəbdən də əsərləri tezliklə Yaxın və Orta Şərq ölkələrinə yayılaraq müasirlərinin diqqətini cəlb edib. Bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etməyə məcbur olub. Xaqani Şirvani gizli surətdə Şirvandan getməyə cəhd göstərərkən həbs olunaraq Şabran qalasına salınıb və 7 ay burada saxlanılıb. “Şabran şəhəri” Tarixi Qoruğunda aparılan qazıntılar zamanı Xaqani Şirvaninin saxlanıldığı həbsxana da aşkara çıxarılıb.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bildirib ki, rayonunda Xaqani Şirvani adına poeziya evinin yaradılması gənc nəslin ədəbiyyata marağının artırılması baxımından böyük əhəmiyyət daşıyır.
Artıq dörd ildir ki, ənənəvi olaraq Şabranda Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş poeziya gecələri keçirilir.
Şərhlər