Biz niyə peşəkar ola bilmirik?
05.01.2016 21:11 Bizim reaksiya 2987
Yazıya bu gerçəklə başlamaq istəyirəm; müasir Jurnalistikamızda auditoriyanı ələ almağı bacaran, işinə hakim olan jurnalistlərin sayı barmaqla sayılacaq qədərdir. Xüsusilə də, teleradio məkanlarında informasiya proqramlarında peşəkarlıq məsələlərində bu çatışmazlıq açıq-aşkar hiss olunur. Buna jurnalistin istər nitqində, istər xarici görünüşündə, istərsə də bilik səviyyəsində rast gələ bilərik. Bu tip proqramlarda jurnalist tamaşaçını ələ almaq üçün hansısa fərqliliklər, maraqlı jurnalist gedişləri etməlidir. Hər nə qədər də televiziyada görüntü əsas olsa da, tamaşaçının kanalı dəyişmək ehtimalı çoxdur və bu ehtimalın azalıb-artması birmənalı şəkildə jurnalistin erudisiyasından asılıdır. Xüsusən də informasiya tipli proqralamlarda jurnalistin önəmi iki qat artır. Çünki bu səciyyəli proqramlarda jurnalist tamaşaçını təqdim etdiyi xəbərin səmimiliyinə,dürüstlüyünə inandırmağı bacarmalıdır. İnformasiya tipli proqramlarda sənətkarlıq məsələləri dedikdə bir sıra keyfiyyətlər yada düşür.
Məsələn, müasir jurnalistin dünyagörüşü vacib sənətkarlıq göstəricilərindən biridir. İnformasiya tipli proqramlarda aparıcının bilik səviyyəsi, dünyagörüşü əhəmiyyətli məqamlardan biri hesab olunur. İstər auditoriyanı ələ alarkən, istərsə də studiyaya dəvət edilmiş qonaqlarla ünsiyyətdə olarkən jurnalistin bu xüsusiyyətləri söhbətin ümumi mənzərəsinə ciddi dərəcədə təsir göstərir. Jurnalistin dünyagörüşü qədər dilə nə dərəcədə yiyələndiyi də onun sənətkarlığına birbaşa təsir göstərir. Nəzərə alsaq ki, jurnalistikanın mətbəxi sözdən ibarətdir, jurnalistin geniş söz bazasının önəmini bir daha görmüş olarıq. Söz ehtiyatının genişliyi jurnalistə bir çox üstünlüklər gətirir. Məsələn, məsələyə satirik yanaşma, söz oyunları, qonaqlara ikibaşlı sözlər, aidiyyatı orqanlara ünvanlanmış eyhamlı sözlər və s. Çünki jurnalist daima düşündüyünü rahat şəkildə dilə gətirməyə bilər. Bu tip məqamlarda, çətin stiuasiyalarda həmin bacarıqlar, sətraltı sözlər jurnalistin köməyinə çatır.
Jurnalistin mövzu duyumu da onu fərqli edən xüsusiyyətlərdən biridir. Yaşadığınız ölkədə gündəm olduqca qarışıq ola bilər. Amma bu peşəkar jurnalistə çətinlik yaratmamalıdır. Gündəmin rəngarəngliliyinə baxmayaraq. jurnalist ən aktual saydığı, auditoriyaya ən yaxın gördüyü məsələni əsas mövzuya çevirməlidir. Çünki seçdiyiniz mövzu qədər yanaşı jurnalistin onu təhlil etdiyi aspektlər, yanaşdığı tərz və s də mühüm əhəmiyyət kəsb edir.
Jurnalistin hər hansısa bir məsələyə yanaşması, onun toxunduğu məqamların müxtəlifliyi sıradan insanlardan mütləq mənada fərqlənməlidir. Xüsusən problematik məsələlərin qaldırıldığı proqramlarda jurnalistin bu cəhəti müstəsna dərəcədə önəmlidir.
Jurnalistin mövzu seçimi qədər qonaq seçimi də vacibdir. Ola bilər ki, mövzunuz aktual, diqqətçəkən olsun, amma qonaqlar yetəri qədər maraqlı olmasın. Peşəkar jurnalist hər iki seçim arasında uyğunluğu gözləməli, balansı qorumağa çalışmalıdır. Auditoriyanı proqramın səmimiliyinə inandırmaq, ümumiyyətlə, söhbətin maraqlı olmasını təmin etmək üçün qonaq seçiminiz ideala yaxın olmalıdır. Bundan başqa, əgər siz bir mövzunu aydınlığa qovuşdurmaq niyyətindəsinizsə, əvvəla bu barədə kifayət qədər informasiyaya sahib olmalısınız. Bu baxımdan jurnalistin müəyyən etdiyi mövzuya nə dərəcədə hakim olması mövzunun aqibətini müəyyənləşdirən faktorlardan biridir. Əgər siz mövzunu lazımi qədər araşdırmamısınızsa, bu sizin həm qonaq, həm tamaşaçı qarşısında arzuolunmaz stiuasiyalarla qarşılaşmanıza səbəb ola bilər. Belə olduqda, dəvət etdiyiniz qonaq qarşısında reputasiyanız ciddi şəkildə zədələnə bilər, peşəkarlığınız sorğulanar və ən əsası auditoriyanın gözündə sizin ciddiyyətiniz və inandırıcılığınız yox ola bilər.
Jurnalistin istər qonaqla, istərsə də auditoriya ilə ünsiyyət bacarığı onun əsas fərqləndirici xüsusiyyətlərindən biridir. Ünsiyyət tərziniz həmçinin, sizin sosial maskanızdan xəbər verir. Əgər sizin məqsədiniz polemika yaratmaq yox, hansısa məsələni aydınlığa qovuşdurmaqdırsa siz jurnalistlə yanaşı həm də səbrli dinləyici olmalısınız. Buna görə də siz qonaqlarla ünsiyyətdə bu məqamları gözləməli, onlara bərabər formada danışıq hüququ tanımalısınız. Hər nə qədər də siz "ev sahibi" hesab edilsəniz də, studiyaya dəvət etdiyiniz qonağa hörmətlə yanaşmalı, onun fikirlərini dilə gətirməsinə zəmin yaratmalısnıız. Bəzi jurnalistlər nəinki qonağı dinləmir, hətta onunla eyni anda danışır və bunu adət halına çevirir. Bu məqam jurnalisti həm qonağın, həm də tamaşaçının gözündən salır. Buna müasir teleaparıcılarımızda çox sıx şəkildə rast gəlmək mümkündür.
Şərhlər