Ölkəni Orta Şərqə çevirmək istəyi...

13.01.2016 18:01     Bizim reaksiya     3382

Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, manatın bir ildə iki dəfə devalvasiyaya uğraması... Bütün bunlar ölkədə kəskin sürətdə bahalaşmaya, bir çox iş yerlərinin bağlanmasına, qalanlarda da kütləvi ixtisarlara gətirib çıxardı. Nəticədə isə bu gün ölkənin bir çox bölgələrində insanlar etiraz səslərini qaldırıblar. Bu gün rəsmi qurumlar etiraz edən insanları “bir qrup siqaret və araq ala bilməyən şəxslər” adlandırsa da, bu əslində reallıqdan çox uzaqdır. Etiraz edənlər bizim  millətimizdir. Bu millətin övladının üzünə dik baxa bilməyən fərdləridir. Səbəbi yuxarıda da qeyd etdim. Bəs, günahkar kimdir?!

İndiki halda günahkar axtarmaq çox asandır. Amma məsələyə daha geniş prizmadan yanaşmaq lazımdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın 2015-ci ilin əvvəllərindən qarşılaşdığı iqtisadi böhran artıq neçə illərdir ki, dünyanı başına alıb gedir. Bizim bu böhrandan qaçmağımız mümkünsüz idi. Amma nəzərə almaq lazımdır ki, dünənə qədər bu DÖVLƏTi qoruyub, saxlaya bilmiş hakimiyyəti bu gün “iqtisadi böhran var” - deyərək, qəbul etməmək, bundan sui-istifadə edərək, ölkənin müxtəlif regionlarında etiraz aksiyaları həyata keçirmək düzgün deyil. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın bu vəziyyətindən maksimum yararlanmaq istəyən xarici düşmən qüvvələr və onların içimizdə olan əlaltıları “iqtisadi böhran” adı altında DÖVLƏTin varlığı üzərində “oynayırlar”. Bu “oyunda” bu gün vəzifədə oturan bir sıra məmurlarımız da iştirak edir. Hansı ki, onların illərlə yığdıqları yetərdi ki, bu millət bu qədər əziyyət çəkməsin. Amma onlar həmişə olduğu kimi əsrin əvvəlində Sabirin dediyi kimi “Millət necə tarac olur olsun, nə işim var, Düşmənlərə möhtac olur, olsun, nə işim var” deyərək, öz xoş güzəranım yaxşı olsun prinsipi ilə yaxalarını kənara çəkiblər. Bu gün Azərbaycan xalqının tək güvənəcəyi adam onun Prezidenti, dövlət başçısıdır.

Bu gün media, sadə xalq hamımız prezidentin ətrafında cəmləşib, ona dəstək olmalı, DÖVLƏTimizi qorumalıyıq. Əmin olun ki, bu gün Azərbaycanı orta Şərqin vəziyyətinə salmaq istəyən qüvvələr pusquda dayanıb. Biz onların tələlərinə düşməməli, vətəndaş – dövlət həmrəyliyini nümayiş etdirməli, münasibətlərimizi qorumalıyıq.

Mərkəzi Bank üzən məzənnə rejiminə keçəndən ölkədə qiymətlər hər gün daha da dərinə üzə - üzə gedir...

Kimdir bu bahalaşmanı yaradanlar?! Yenə məmurlar...

Çünki ölkədə onlardan başqa biznes sahəsində olan yoxdur. Yaxşı, deyək ki, xaricdən malı dollarla alırlar. Bəs, öz istehsalımız olan malları niyə qaldırırsınız?! Yaxud da bahalaşmanın müddətini bir az uzatmaq olardı. Məsələn, satışda olan siqaretlərə və digər malların istehsal tarixinə baxsaq, görərik ki, əksəriyyəti 2015 - ci ilin avqust, sentyabr, oktyabr aylarında ölkəyə gətirilib. Yəni həmin mallar köhnə məzənnə ilə alınıb. Ola bilərdi ki, bir neçə ay bahalaşmanın qarşısını alaraq, qiymət artımında güzəştə gedəydilər. Amma getmədilər. Ölkənin un biznesini idarə edən iki millət vəkili millətin vəkili yox, düşməni rolunu oynadılar. Unun qiymətini bir neçə dəfə qaldırdılar. Hansı ki, onlar bundan sonra bir il də köhnə qiymətlə işləsəydilər, heç də varlarından zərrə qədər də olsun azalma olmazdı. Sadəcə gözləri doymur deyə, ölkənin bu vəziyyətində pullarının üstünə pul yığmaqla məşğuldurlar.

Məncə kimlərsə ölkəni Orta Şərqə çevirmək fikrinə düşüb. Çıxış yolu isə birdir: dövlətçiliyimizə sahib çıxmaq!...

Şərhlər