Bakılıları kim belə aldatdı? - MÖVQE
01.07.2015 18:04 Bizim reaksiya 7108
Bu gün sosial şəbəkəyə girəndə gördüm ki, dostlarım 1 iyul Ümumdünya Bakılılar Gününü qeyd edir... Maşallah! Gözəl səslənirmiş. Amma belə bir günün həqiqətən olub-olmadığı, niyə qeyd olunması barədə heç kim mənə açıqlama verə bilmədi.
“Google”-da da bir nəticə çıxmadı. Yalnız 1-2 rusdilli əyləncə saytında bu günə dair qısaca təbrik gördüm, bəzi səhifələrdə də müxtəlif təbrik yazıları... Amma yenə də qaranlıq qaldı. Bakılıların bayramı yox imiş!
Varsa da, hansı bakılıların? Dünyada özünü bakılı adlandıran ermənilər də var ki, Bakını hətta “qədim erməni şəhəri” adlandıraraq, onları qovduğumuzu iddia edirlər... Bəlkə, onlar da bu bayramı qeyd edir? Edirlər, əlbəttə! Elə bizim bəzi həmvətənlərimizin beyninə də onlar yeridiblər bunu...
Kim və niyə qeyd edir, hələ məlum deyil... Bayrama ac olan dostlarımız, ölkənin dörd bir tərəfindən Bakıya toplaşan dostlar da yarızarafat-yarıciddi şəkildə bir-birini təbrik edir.
Bakı üçün əsaslı bir bayram uyduraqmı? “Uyduraq” sözü ağır oldu. Bəlkə, tarixdə olan hadisəni qabardıb onu bayram kimi qeyd edək? Əlbəttə, məncə, belə daha yaxşı olar!
“Tarixdə olan hadisə” dedikdə isə ilk olaraq 15 sentyabr tarixi ağla gəlir. Niyə də gəlməsin?
Qafqaz İslam Ordusunun dəstəyi ilə Bakımız daşnaklardan və bolşeviklərdən azad olundu, müstəqil respublikamızın əsas paytaxtı kimi (Gəncə müvəqqəti paytaxt idi), üçrəngli bayraq bu şəhərdə dalğalandı...
1918-ci ildən bu yana, hələ də 15 senytabr tarixi öz qiymətini layiqincə görmədi. Düzdür, qeyd edirik, şəhidləri xatırlayırıq... Lakin bu gün həm Bakılılar Günü, həm də Qardaşlıq Günü kimi qeyd oluna bilər... Çünki Bakını Azərbaycan-Türkiyə qardaşlığı xilas edib!
Rüfət Əhmədzadə
Şərhlər