Rasimi öldürməkdə “yaxşı eləyib”mi?!
01.03.2016 15:24 Bizim reaksiya 3395
Məhkəmədən gələn xəbər əksər media qurumlarında stress yaşatdı. Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov “yaxşı etmişəm öldürmüşəm” təhdid nidalı çıxış edib.
Rasim Əliyevi şəxsən tanımamışam. Amma bunun məsələyə qətiyyən dəxli yoxdur. Dünyada jurnalistləri öldürmürlər. Daha doğrusu, jurnalistləri günahsız öldürmürlər. Ondan da daha doğrusu, jurnalistləri adi yazışmalarına görə qətlə yetirmirlər...
Amma jurnalistlər öldürülür də. Müharibələrdə, terrorda, lap elə təsadüfi güllə nəticəsində də. Di gəl jurnalistləri öldürənlər qınaq obyektinə çevrilir. Bütün mənalarda. Bu humanizm əməlinin daşıyıcılarını öldürənlər törətdikləri cinayət əməlini heç zaman “yaxşı eləmirlər”. Heç harınlar da peşman olmadıqlarını iddia etmir, bunu heç ağıllarına da gətirmirlər. Hətta terrorçu özü də jurnalisti öldürdüyünə görə peşmançılıq hissini büruzə verməyə məcbur olur. Sonradan da olsa...
Rasimin qatili həm də Rasimin anasının qarşısında büruzə verib “fəxriyyəsi”ni. Verilən məlumatlara görə. hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses başlamamış mərhum jurnalist Rasim Əliyevin məhkəmədə iştirak edən anası Seyfura Əliyeva ilə təqsirləndirilən şəxslərin valideynləri arasında qalmaqal yaşanıb. Təqsirləndirilən şəxs valideyninin təhqir olunmasına dözə bilməyib bu ifadəni işlədib. Bərəkəllah bu oğulun fərasətinə!!! Qarşısında dayanansa vəhşicəsinə döyərək cavan, nakam, nişanlı oğlunun qətlinə bais olduğu ANADIR. Hadisə zamanı gözləri qızmış Elşən İsmayılov və onun Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev kimi həmkarları deməli heç indi də tutduqları əməllərindən peşman deyillər...
...Məhkəmə elə burda da yekunlaşmalı idi. Çünki bu, mediada son illərdə dəb düşmüş “sözün bitdiyi an” idi. Heç məhkəmə də SÖZSÜZ davam eləyər?
Şərhlər