Bayramın mübarək, qızım!

31.05.2015 22:31     Bizim reaksiya     3117

Günlər yaman tez keçir, qızım! Nə bilim, sənin anadan olduğun günü xatırlayanda niyəsə dodaqlarıma təbəssüm qonur. İşlədiyim iş yerimdən necə çıxıb sənin görüşünə tələsdiyimi xatırlayıram. Ağlamırdın. Səninlə üzbəüz gələndə ətrafı maraq dolu baxışlarla seyr edirdin. Seyr edir və gülümsəyirdin. Ondan məndə də əminlik yarandı ki, bu təbəssüm əbədi olacaq. Bunun üçün əlimdən gələni edəcəyəm.

Balam, bu gün bayramındır. Hələ sənin üçün bayram alınan oyuncaq, qəttəzə paltarlar və göstərilən nəvazişdir. Şirin dillə səni dindirən hər kəs həmin bayramın müjdəçisidir. Amma inan mənə, qızım, bəzən atanın bayramı insanların təbəssümündən qaynaqlandığını unutduğu anlar olub. Amma yorulmayıb, yenə də yaxşı insanların üzündəki təbəssümdən güc alıb, yoluna davam edib. Sən həyatına daxil olandan sonra isə onun gücünə güc qatılıb, ayrı bir eşqlə həyata daha çox sarılıb. Çünki, sənin əllərindən, ovuclarından yüksələn enerji ona yaşamağa stimul verib, gücünə güc qatıb. Və hər dəfə sənə baxanda düşünüb ki, uşaq olmaq bambaşqa duyğudur...

Uşaq olmaq bambaşqa duyğudur, mənim balam! Bu cümlələri yazanda gözümün qabağına təbəssüm dolu çöhrən, qayğısız halın gəlir. Hər dəfə saf, məsum çöhrənə baxanda utanıram özümdən. Çox vaxt sən yatanda gedirəm işə, az – az görürəm səni. İndi anlamırsan, amma əminəm ki, bir gün ağlın kəsəndə, səni az – az görmək, səninlə az – az vaxt keçirmək məcburiyyətində qalan atanı bağışlayacaqsan. Ya da... Qızım, onda seçim sənin olacaq...

Uşaq olmaq bambaşqa duyğudur, mənim balam! Çalış, dadını çıxar! Gül, oyna, tıpış – tıpış addımlarla divardan tuta – tuta yeri, hətta yeri gələndə yıxıl! Çünki, insan yıxıla – yıxıla bərkiyir. Amma bir şeyi düşün ki, ürəyim,əlimdə olmadan, sən hər dəfə yıxılanda ağzıma gəlir. Və qeyri – ixtiyari düşünürəm ki, birdən nəsə olar, Tanrı qorusun! Əlimdə deyil, neyləyim?! Tanrının verdiyi pay kimi sənin və Onun qarşısında öhdəliklərim var. Gülüşünlə dünyalar mənim olur. Hər zaman gül!...

Hər zaman gül, çünki, sabahlar sənindir. Qismətinə gözəl günlər düşəcək, bunu dəqiq bilirəm! Təkcə sənin yox, bütün bu ölkənin sabahı olan balaların! Çünki, müstəqil ölkədə dünyaya gəlmək sizin qismətinizə düşüb. Qəfil uşaqlığım yadıma düşür və sənin mənim yaşadığım çətinlikləri yaşamayacağından tam əmin oluram.

Bayramın mübarək, qızım! Sənin və bütün müstəqil ölkəmdəki körpələrin!

Şərhlər

Çox oxunanlar