Hamı bir nöqtəyə vurmalıdır - Məsələ Qarabağ olanda!

03.04.2016 16:06     Bizim reaksiya     2459

Azərbaycanımızda bunu da gördük, ya Tanrım, artıq yaşaya da bilərik, ölə də bilərik! Bu gün müxalifət lideri, AXCP sədri Əli Kərimli özünün facebook səhifəsində "Bir halda ki, işğalçı Ermənistan atəşkəsi pozub, torpaqlarımızın işğaldan azad olunmasını istəyirik: “Buyurun, düşmənin səhvindən istifadə edin. Həm atəşkəsi pozduğuna görə Ermənistanın beynəlxalq səviyyədə qınanılmasına nail olun, həm də torpaqlarımızı işğaldan azad edin. Düşmənə elə dərs verin ki, bir daha bizi atəşkəsi pozmaqla şantaj edə bilməsinlər.

Müxalifətdən isə qətiyyən narahat olmayın. Biz Azərbaycanda dövlət qurmuş, Qarabağ üçün savaşmış, şəhidlər vermiş siyasi qüvvəyik. Ordumuza hər cür dəstək verməyə hazırıq.

Buradan tərəfdarlarımıza müraciət edirəm:

1. Hökumətin fəaliyyətinə olan çoxsaylı və ciddi iradlarımıza rəğmən cəbhədə qızğın döyüşlər davam edən müddətdə hökumətin hərb siyasətini, ordu quruculuğundakı səhvlərini təftiş etməyəcəyik.

2. Çalışacağıq ki, orduda ruh düşkünlüyü və inamsızlıq, mülki əhalidə panika yarada biləcək məlumat və mülahizələr yayılmasın.

3. İmkanımız çatan bütün vasitələrlə erməni işğalçılığını beynəlxalq səviyyədə ifşa edəcəyik.

4. Bugünlərdə təbliğatımız əsgər və zabitlərimizdə yüksək döyüş ovqatı, xalqımızda qələbə əzmi yaratmağa xidmət edəcək.

Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə, doğmalarına səbr versin!

Allah əsgər və zabitlərimizi qorusun!”bu sözləri yazmaqla bir ilkə imza atdı. Dalınca Ümid Partiyasının sədri İqbal Ağazadə, Müsavat lideri İsa Qəmbər də eyni addımı atdılar. Bu addımlar sadəcə alqışa layiqdir!

Müxalifət liderlərimiz bu addımı atmaqla bir daha sübut etdilər ki, biz milli məsələdə BİRik, YUMRUQuğ, VƏTƏNik, QARABAĞıq! VAR olun Əli bəy, İsa bəy, İqbal bəy, VƏTƏNimin, AZƏRBAYCANımın bəyləri! Düşünürəm, hakimiyyət də bu addımı dəyərləndirəcək. Mən həmişə məhz bu Azərbaycanı arzulamışam, milli davamızda DÖVLƏTimizin, Prezidentimizin yanında olaq! Nəinki, burda, elə beynəlxalq aləmdə də! Onda bütün dünya bizi eşidəcək, görəcək!

Biz "Nagorno Karabakh is Azerbaijani Territory" kampaniyasına başlayanda bir çoxları, hətta bəzi millət vəkilləri də "bu kampaniyanı tutarlı hesab etmirik" deyirdilər. Amma hər zaman demişik, bu gün də deyirik, ilk öncə, özümüz Qarabağı istəməsək, kimsə bizə alıb, verməyəcək!

Sağ olsun bütün vətəndaşlarımız, müxalifət və iqtidar partiyalarımız ki, liderlər səviyyəsində olmasa da, kampaniyamıza dəstək verdilər. İlk addım AXCP sədr müavini Gözəl xanım Byramlıdan gəldi.

İnanıram ki, bu günlərdə yekunlaşacaq kampaniyamıza müxalifətli, iqtidarlı hər kəs dəstək olacaq və dünyaya “Qarabağ bizimdir” deyəcəyik.

...Və arzu edirəm ki, başlayan bu hərbi əməliyyatların sonunda cənab Ali Baş Komandan İlham Əliyev Qarabağı azad edən Prezident kimi adını tarixə qızıl hərflərlə yazsın!

Şərhlər