Demə, heç vaxt və heç nədən doymayan bəzi deputatların büdcəyə “yazığı gəlirmiş”
09.12.2016 17:34 Bizim reaksiya 3252
Bəlli olduğu kimi, bu günlər ölkə parlamentində gələn ilin büdcəsi müzakirə olunur. Müzakirələrin əsas məqsədi, təbii ki, dünyanın indiki son dərəcə gərgin iqtisadi durumu şəraitində ölkənin büdcəsinin mümkün qədər optimal şəkildə formalaşdırılması, ölkə iqtisadiyyatının inkişaf etdirilməsinə nail olunması, gərgin böhran vəziyyətindən daha az məhrumiyyətlə çıxılması yollarının tapılmasından ibarətdir. Di gəl ki, bu məqamda özünü dövlət büdcəsinin qayğısına qalan, onun hər qəpiyinin qədrini bilən kimi göstərmək istəyən, bir sözlə, necə deyərlər, “xal qazanmaq” fürsətini fövtə verməyən “millət vəkillərimizin” olduğu da növbəti dəfə özünü büruzə verdi. Əslinə qalsa, belələlərini xalq çoxdan tanıyır, həm də onlar bir-iki deyil axı… Ancaq məsələ burasındadır ki, belələri bir qayda olaraq “büdcəni qorumağı” özlərinin ciblərinə və dəbdəbəli həyat tərzinə heç bir ziyan gəlmədən, əhalinin zəif, kasıb hissəsinin hesabına eləmək arzusundadırlar. Onlar indiki çətin dövrdə ölkə üzrə orta əməkhaqqından dəfələrlə artıq olan deputat maaşlarının artırılması tələbinə tərəddüdsüz qoşulur və bu cür çıxışlara qarşı cıqqırlarını belə çıxarmırlar, bahalı maşınların, neçə-neçə işçinin, köməkçi, katibə, mühafizəçi, sürücü, nə bilim, daha kimlərin xidmətindən imtinanı heç ağıllarına belə gətirmirlər, deputat olmaqla bərabər başqa vəzifələrindən də əl çəkmir, bir neçə mənbədən sıravi vətəndaşın heç yuxusuna belə girməyən məbləğlərdə qazanc qamarlayırlar, müxtəlif obyektləri də ki, öz qaydasında. Nə isə, başqasının varını, pulunu saymaq, ya ona həsəd aparmaq mənlik deyil, amma axı onlar qaşıyıb qanadırlar, qoymurlar dinməzcə oturub min bir probleminin dərdini çəkəsən.
Ölkəmizin əhalisinin təxminən yeddidə birinin qaçqın və məcburi köçkünlərin təşkil etdiyini bilməyən yoxdur. Amma kim nə deyir-desin, bu insanların hansı mənəvi, maddi, cismani və sair məhrumiyyətlərə məruz qaldıqlarıını bu dəhşətli taleyi özü yaşamamış insan tam duya və bilə bilməz, lap nə qədər duyğusal, dünyagörmüş adam olsa belə. Bunu Azərbaycan rəhbərliyi yaxşı anlayır və bu qrupdan olan insanlara indiyədək qüvvədə olan bəlli güzəştləri tətbiq edən rəhbərlər indi ağzııgöyçəklik edərək özünə “reytinq” qazanmaq istəyən bəzi deputatlardan, təbii ki, az bilmirlər. Onlar bəzi populist deputatlardan çox fərqli olaraq dərk edirlər ki, əgər dövlət hər hansı səbəbdən və ölkəyə kimin rəhbərlik etdiyindən asılı olmayaraq vətəndaşının təhlükəsizliyini qorumağa dair öz konstitusion öhdəliyini yerinə yetirə bilməyibsə, onda doğma yurdunu, ocağını, hər şeyini itirmiş, məşəqqətlər görmüş qaçqın və məcburi köçkünə imkan dairəsində bütün şəraiti yaratmağa borcludurlar. Özü də işğal olunmuş torpaqlar azad olunana və orada təhlükəsiz, hər bir yaşayış şəraiti təmin olunan vaxtacan.
Neynəyəsən ki, bunları lazımınca dərk edə bilməyən, qaçqın və məcburi köçkünlərin nə müharibə vaxtı nələrə məruz qaldıqlarından, nə indiki vəziyyətlərindən xəbəri olmayan populist deputatlardan xali deyilik. Misal üçün, əvvəllər “qatı müxalifətçi” olan, sonralar isə “mülayim bitərəfə” çevrilib uzun müddətə özünə deputat kreslosu təmin edən Çingiz Qənizadə, YAP-ın ruporlarından olan Hikmət Babaoğlu kimiləri. Necə deyərlər, büdcənin o duru yerindən yeyən belələri bərk narahatdırlar ki, “bu insanlar artıq 25 ildir qaçqın və məcburi köçkün statusundan “bəhrələnirlər”” və hiddətlənirlər ki, bunlar “daha necə il belə yaşayacaqlar”? Yəni, “kef çəkəcəklər”. Və özlərini dövlət başçısından ağıllı hesab edərək (bəli, bu, bütün cəhətlərdən başqa, həm də siyasi məsələdir, ona görə də bilavasitə ölkə prezidentinin müstəsna maraq dairəsinə aiddir), “qaçqın və məcburi köçkün statusuna yenidən baxılması”, və ya onun ümumiyyətlə ləğv olunması “zərurətindən” danışırlar. Adları çəkilən bu büdcə “təəssübkeşləri” görün nə deyiblər: “Bu insanlar 25 ildir “qaçqın” statusu ilə yaşayırlar, daha neçə il yaşamalıdırlar? Axı ötən dövrdə onların sosial təminat, mənzil-məişət və məşğulluq problemlərinin həlli ilə bağlı kompleks tədbirlər görülüb. Ölkədə bütün çadır şəhərcikləri ləğv edilib, müasir infrastruktura malik yeni qəsəbələr salınıb, əksər qaçqın və məcburi köçkünlər evlər və mənzillərlə təmin ediliblər. Qaçqın və məcburi köçkünlər arasında işsizlik səviyyəsi 15 faizə enib. 25 il müddətdə həmin insanların övladları dünyaya gəlib, təhsil alıblar, ayrı-ayrı dövlət orqanlarında çalışırlar. Bütün bunları nəzərə alaraq qaçqın və məcburi köçkünlərin əvvəlki statusunun saxlanılması nə dərəcədə məqsədəuyğundur?”
Mən iddia etmirəm ki, bu cənablar kiminsə sifarişi ilə belə bir ucuz özünübiabırçılığa gediblər, ancaq həqiqətdə onların məcburi köçkünlərin real vəziyyətindən xəbərlərinin olmadığına əminəm. Xəbərləri olsaydı, belə danışmazdılar. Əvvəla, dövlətin qaçqın və məcburi köçkün əhali üçün elədiklərini hamı bilir və qiymətləndirir, ancaq yuxarida haqqında danışdığım “konstitusion borc” məsələsiylə bağlı buna görə heç kimin, illah da hansısa qənizadələrin, babaoğluların onlara minnət qoymağa haqqı yoxdur. İkincisi, sözügedən qrupdan olan insanlar arasında işsizlik səviyyəsinin 15 faizə enməsi nəinki reallığı əks etdirmir, hətta acı istehza doğuracaq yalandır: sübuta ehtiyacı olmayan məlum həqiqət bundan ibarətdir ki, bu qrup insanlar arasında 65 və yuxarı yaşlıların xüsusi çəkisi yüksəkdir və onlar mövcud qaydalar əsasında işdən uzaqlaşdırılıblar; indiki iqtisadi böhran şəraitində saysız-hesabsız iş yerlərinin bağlandığı və minlərlə adamın işindən məhrum olduğu da sirr deyil; “25 il müddətdə həmin insanların övladları dünyaya gəlib, təhsil alıblar, ayrı-ayrı dövlət orqanlarında çalışırlar” iddiasının nə qədər absurd və gülünc olduğundan isə heç danışmağa lüzum yoxdur. Heç qaçqın və məcburi köçkün qrupuna aidiyyəti olmayan əhalinin indiki böhran şəraitində, üstəlik enerji daşıyıcılarının qiymətlərinin “diferensiallaşdırılması” adı ilə artrlmasıyla bağlı nə dərəcədə ağır durumda yaşadığı bir zamanda birincilərin düşdüyü vəziyyəti uzun-uzadı izah etməyə gərək varmı?
Nə isə, qardaş-bacılar, onsuz da təlx olan ovqatınızı bundan artıq korlamaq istəmirəm. Bircə onu demək istəyirəm ki, Allah xalqın adından istifadə ilə yağ içində böyrək kimi bəslənən və altdan-altdan elə həmin xalqın ayağnın altını qazan səlahiyyət və söz sahiblərini bizim yaxamızdan aralasın inşallah!
Bir də bilmirəm, yuxarıda haqlarında bəhs edilən və onlara bənzər deputat mandatlılarımız yəhudi əsilli (həm də ən ləyaqətli azərbaycanlı hesab oluna bilən) deputat Yevda Abramovun MM-nin iclasındakı çıxışından heç bir az utandılarmı? Və qaçqın və məcburi köçkün əhalinin vəziyyətindən daha çox xəbərdar olan Dövlətqaçqınkomun sədri Əli Həsənovun çıxışından özlərinə bir az da olsa pay götürdülərmi? Hərçənd, mən inanmıram...
Şərhlər