Hərşeyşünaslıqda təkik.
09.06.2017 18:12 Bizim reaksiya 2921
Hərşeyşünaslıqda təkik Desəm öldürərlər , deməsəm ölləm silsiləsindən. Deməyim deməyim deyirəm olmur. Bizim qədər bir istedadlı millət tanımıram. Oxuyanımız da , oxumayanımız da hər şeyi bilir. Məsələn, bir də görürsən ki, məktəbə ayaq qoymayan birisi sənə təbabətlə bağlı dərs keçir. Yaxud, evdə əlində çömçəsi olan Fatmanisə xala sənə Orta Doğuda baş verən hadisələrdən çıxış yolunu izah edir. Bütün dünyanın nəhəng politoloqlarının həll edə bilmədiyi bir məsələni məhəlləmizdəki xalalar çox rahatca həll edir. Son günlər Ərəb ölkələrində baş verən və Qətərə qarşı digər ərəb ölkələrinin tutduğu əks mövqe ilə bağlı da bunu açıq görmək olur. Hər şeyşünaslıqda sərraf olan xalqımız bir də görürsən bütün dünyada baş verən hadisələri deyil, hansısa TV-də yayımlanan bir Maşın şounu müzakirə edir. Bir gün sonra baxırsan ki, bu qədər keflə izlədiyi verilişi unudub xalqımız dünya gündəmini həll edir. Bunun bir daha şahidi oldum. Qətərə tətbiq olunan embarqonun ardından İranda bir terror hadisəsi baş verdi. Eşidər – eşitməz sosial şəbəkədə xalqımızın bu məsələni analiz edəcəyini düşünüb facebooka girdim. Türkiyəlilər demiş 41 dəfə maşallah . Millətimiz nə imiş qardaş? Nəzər dəyməsin hamımız ekspertik. Orta doğu mütəxəssisləri, İranşünaslar belə qələt edərdi orta məktəbi güclə qurtaran insanlarımızın yanında danışa bilməzdi. Beş dəqiqədə 3-cü dünya müharibəsini başladan xalqımız 4-5 saat içərisində bunun həllini də tapıb statuslarında paylaşdılar . Oxuduqca təəccübdən ağzım əyildi. İki gündür heç cür özümə gələ bilmirəm. Olub bitənləri heyrət içərisində izləyirəm. Türkiyə ilə Azərbaycanın qan-can qardaş olduğuna heç kimin şübhəsi ola bilməz. Məni düşündürən isə bu qardaşlığın tək yumurta əkizi olmasıdır. Belə ki, Türkiyədəki əkiz qardaşlarımız Orta Doğu və Qətər problemini, Azərbaycandakı digər əkiz qardaş isə İran Problemini eyni həvəslə həll edirdi. Bundan başqa iki ölkənin də müxalifət tərəf insanları bütün olanlardan Amerikanı, Avropanı, Ərəb ölkələrinin deyil öz ölkəsinin iqtidarını , iqtidar dəstəkləyənlər də dünyada baş verənlərdən öz ölkəsinin müxalifətini günahlandırırdı. Bir sözlə , sanki, qonşu Vəli dayının oğlu ilə Həsən əminin oğlu damino üstündə dava eləmişdi. Millətim haqqında bu kəlmələri yazmaq nə qədər çətin olsa da, olub bitənlərə etiraz etmək, hər kəsin ən az öz işi ilə məşğul olması vacibliyini bildirmək məcburiyyətindəyik. Həkim həkimliyi ilə , müəllim müəllimliyi ilə , siyasətçi siyasəti ilə, iqtisadçı iqtisadiyyatı ilə, hüquqçu hüququ ilə məşğul olsa idi çox yaxşı olardı. Halbuki, istər Azərbaycanda , istərsə də , Türkiyədə uzman problemi var. Məsələn bir baxırsan eyni adam maqazin proqramındadır. Sabah baxırsan ki, qardaş iqtisadiyyatdan danışır. O biri gün baxırsan ki, terror məsələsini müzakirə edir. Bir başqa gün baxırsan ki, adam Ərəb Baharın xırdalayır. Yəni, hərşeyşünas olaraq üzərimizə alternativ tanımıram. Ötənlərdə məşhur italiyalı politoloq Covanni Sartorinin "Gazette di Parma"ya müsahibəsindən ''Məncə, hər hansı bir bölgədə, yaxud ölkədə baş verən hadisə ilə bağlı həmin regionu bilən mütəxəssisləri danışdırmaq daha düzgün olar, nəinki hərşeyşünasları. Bir nəfərin Britanyadan tutmuş Avstraliyaya qədər bütün dövlətləri dərindən bilməsi mümkün deyil. Hansısa bölgədə baş verənləri analiz etmək üçün həmin region barədə dərin və dolğun informasiyaya malik olmalısan. Əks halda sənin analizlərinin poliklinika laboratoriyalarının kolbalarındakı məhlullarla fərqi yoxdur' demişdi. Deməli, bu cür problemlər tək bizdə deyil, İtaliyada da var. Amma, əminəm ki, bizim qədər deyil. Biz bu məsələnin duayəniyik. Hərəmizin bir telefonu, bir facebooku varsa , deməli biz hər mövzuda yaza və danışa bilərik. Çünki, biz “mütəxəssisik". Kaşki, danışdıqlarımızın yüzdə biri qədər iş görə bilsəydik. Əminəm indi Türk birliyini də qurmuşduq. Bütöv Azərbaycan da birləşmişdi. Əsarətdə olan bütün həmvətənlilərimiz geri alınmışdı.
Şərhlər