Vətən üçün öl(dür)məyin vaxtı varmı?..

22.03.2018 22:16     Bizim reaksiya     3317

Aprel şəhidləri, qaziləri ilə digər vaxtlarda şəhid və qazi olanları bir-birindən ayırmağın tamamilə əleyhinəyəm! Zamanından, vaxtından asılı olmayaraq, bu vətən üçün canından, sağlamlığından keçən hər bir insan bizim üçün əziz və qəhrəman olmalıdır! Nədənsə, son vaxtlar Aprel döyüşlərində iştirak edənlərlə digərləri arasında ciddi fərq hiss olunur. Anlamıram, aprelə qədər şəhid və qazi olanlar bu vətən üçün döyüşməmişdi?! Yetər, hər sahədə olduğu kimi bu sahədə də ayrı-seçkilik saldınız!

Aprel döyüşləri ordumuzun şanlı səhifəsi, ruhumuzun qələbəsidir! Bilirik, qəbul edirik. Amma bu vətən üçün Qarabağ hadisələri başlayandan bu günə qədər kim şəhid və qazi olubsa, hamıya eyni cür yanaşılmalı, həmin şəxslər və ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmalıdır. Unutmamalıyıq ki, biz bugünki müstəqil Azərbaycanı məhz, həmin qəhrəmanlarımıza borcluyuq!

Bir məqama da toxunum ki, Aprel döyüşlərində onlarla Azərbaycan oğulları canından, qanından, sağlamlığından keçdi. Bu gün bəziləri abırına qısılıb, əsl zabit, əsgər qürurunu qoruyur. Bəziləri isə sanki bundan da öz şəxsi maraqları naminə istifadə edir, ''harda aş, orda baş'' misalı hər yerdə görünməyə çalışırlar. Bir az abırımıza qısılsaq, yaxşı olar. Unutmamalıyıq ki, Azərbaycanın torpaqları hələ də işğal altındadır, unutmamalıyıq ki, biz burda ''Qarabağ - Qarabağ'' deyirik, digər tərəfdən də qondarma ''DQr''-in qondarma ''prezidenti'' dünyanı gəzib, təbliğat işi aparır, dünyanın bir neçə ölkəsində qondarma ‘‘respublikanın’’ nümayəndəlikləri açılıb, fəaliyyət göstərir. Biz də (özüm də daxil olmaqla) guya nələrsə edirik. Bu günə qədər ermənilərin saxta təbliğatına qarşı hansı ciddi bir iş görmüşük?! Hansı ki, əlimizdə yetərincə faktlar, sənədlər var ki, əgər, biz bunlardan sistemli istifadə edəriksə, çox ciddi nəticələr əldə edə bilərik. İşimiz ancaq özümüz deyib, özümüz eşitməkdir. Sonra da mediamızda bir-birimizi öymək…

Bu gün biz Qarabağı istəyiriksə (biz istəyirik!) öncə Qarabağ uğrunda canından, sağlamlığından keçmiş insanlara, onların ailələrinə diqqətdən və qayğıdan başlamalıyıq. Bu gün nədənsə, bu vətən üçün canından keçən insanların ailəsi cəmiyyətin kasıb təbəqələridir. Niyə, şəhid anası ehtiyac içində dünyasını dəyişməlidir? Niyə şəhidin övladı işsizlikdən əziyyət çəkməlidir? Niyə qazinin həyat yoldaşı kafedə qabyuyan işləməlidir? Bütün bu ‘‘niyələr’’ əslində, bizim özümüzə olan münasibətimizi sərgiləyir. Mənə görə cəmiyyətimizin ən üst təbəqəsi oğlu xaricdə kef edən məmurlar yox, ataları vətən üçün canından keçən şəhid övladları olmalıdır! Bu gün televiziyalarımız efirdə əxlaqsızlığı təbliğ edərək, yetişməkdə olan yeni nəslin genofondunu məhv etmək əvəzinə, gənclərin milli vətənpərvərlik ruhunda yetişməsinə xidmət etməlidir. Çünki biz ərazi bütövlüyü tam olmayan bir ölkəyik. Bu gün bizim başlıca missiyamız öz vətənimizi bütünləşdirmək olmalıdır, Zaurun xalatına, Samiraldonun Xəzər TV-də həyatından bəhs edən verlişinə baxıb, yetişməkdə olan yeniyetmənin şüuraltına ‘’demək, belə kişi olmaq daha yaxşıdır’’ yeritmək yox! Bütün bu təbliğatın səbəbi nədir?! Asan olduğu qədər də çətin sualdır…

Bu vətəni, bu milləti çox demirəm, bir az sevin. Bir az sevsəniz, hər şey yaxşı olacaq…

P.S: Bu vətəni qorumaq naminə, güllə atmasa belə, səngərdə dayanan oğul mənim üçün qəhrəmandır!

Şərhlər