Fəxri Xiyabandakı məzarlar - Zaur Qəriboğlunun blogu

02.06.2018 14:26     Bizim reaksiya     3719

 

I yazı (Şəkilli izah)

 
Axşamlar "Azərbaycan" nəşriyyatından çıxır, piyada parlament prospektinə qədər yeriyir, ordan da yenidən nəşriyyata qayıdıram... Hər gün də I Fəxri Xiyabanın yanından keçir, dəmir hasarın arxasından boylanan heykəllərə baxıram. Bu heykəllər adi daş parçaları deyil. Hər heykəldə bir ruh - bir Azərbaycan yaşayır...

Bu dəfə Fəxri Xiyabana daxil olub, dəyərli böyüklərimizi ziyarət etdim.

 

İlk ziyarətim, lap üstdə - başda Azərbaycan xəritəsinin önündə əzəmətli heykəli olan, Azərbaycan xalqının ümummilli lideri, 1993-cü ildə parçalnmaq təhlükəsi ilə üz-üzə dayanan, can verən Azərbaycanı yenidən quran, Yeni Azərbaycanın memarı Heydər Əliyevin məzarı olur.  Hər zamankı kimi məzarın önündə bayrağımız üzərində "Azərbaycan Respublikası Prezidentindən" sözləri yazılmış gül çələngi, bir nəfər də hərbi geyimli əsgər var. Vaxt gələcək, bütün cəmiyyət anlayacaq ki, Heydər Əliyevin hələ, Sovet dönəmindən Azərbaycana xidmətləri tarixə sığmayacaq qədər böyükdür. Bu dahi siyasətçi parçalanmaq təhlükəsi ilə üz-üzə dayanan vətənə yeni - azərbaycançılıq ideyasını gətirməklə, Azərbaycanı bu ölkədə yaşayan hər bir vətəndaşın doğma vətəninə çevirdi, hər kəsi dövlətimizin üç rəngli bayrağı altında birləşdirdi.

 
 
Növbəti ziyarətim Sovetin qılıncının hər tərəfi kəsdiyi bir vaxtda Azərbaycanın azadlığı uğrunda mübarizə aparan, 1988 - ci ildə başlanan Milli Azadlıq Hərəkatının liderlərindən olan, 1992-93 - cü illərdə Azərbaycanın prezidenti olmuş, bütöv Azərbaycan, Savalan aşiqi Əbülfəz Elçibəyin məzarı olur. Yaxşı yadımdadır, bəyin məzarının üstü götürülməmişdən qabaq vəsiyyətinə uyğun olaraq, məzarını türk dövlətlərinin bayraqları sarmışdı. Ən üstdə isə "Burda bir türk əsgəri uyuyur" yazılmışdı.  Bəy bu qürurlu duruşu ilə yenə də şərəfli bir türk əsgərini xatırladır...
 
 
"Azadlığı istəmirəm zərrə - zərrə, qıram - qıram, 
Qolumdakı zəncirləri istəyirəm qıram - qıram!" deyən, vətən üçün canından çox sevdiyi oğlu Təbrizdən belə vaz keçən, lakin sonra onun yoxluğuna dayana bilməyib, dünyasını dəyişən Xəlil Rzanın qəbirüstü abidəsi rəhmətlik akadamik Cəlal Əliyevin şəxsi vəsaiti hesabına götürülüb. Bu məzardakı heykəl də Xəlil Rza Ulutürkün əsl xarakterini, həyat tərzini ifadə edir...
 
 
İlk dəfə 1875 - ci ildə "Əkinçi" qəzetini nəşr edərək, Azərbaycan mətbuatının əsasını qoyan Həsən Bəy Zərdabinin məzarı adi daşdan ətrafı isə baxımsızdır. Yəqin, ancaq Milli Mətbuat Günündə ziyarət olunur deyə, bu aralar diqqət yetirilmir...
 
 
2008 - ci il idi... Tələbə idim.  "Azad qələm" ədəbi-bədii qəzet təsis etmişdik.  Həmin vaxt rəhmətlik Bəxtiyar müəllimlə tez-tez telefonla danışır, məsləhətlər alırdıq. "Azad qələm"in də xeyir-duasını Bəxtiyar müəllimdən almışdım. 2009 - cu ildə artıq hərbidə yeni xidmətə başlamışdım. Soyuq bir fevral səhəri "Oyan" komandasını alan kimi zabitlərin öz aralarında "Bəxtiyar Vahabzadə də öldü" sözünü eşidib, əsgər yataqxanasından necə hərbi hissənin həyətində bir yarımtikiliyə tərəf qaçdımsa, yolda, hələ ayağım, büdrəyib, yıxıldım da... Nəhayət heç kim məni görməsin deyə, yarımtikilinin içinə girib, yeri oturub, hönkür-hönkür ağladım. Çox istərdim ki, Bəxtiyar müəllimin dəfnində iştirak edəm, amma təəssüf ki, hələ gənc əsgərlər üçün müəyyən olunmuş vaxtı belə bitirmədiyim üçün hərbi hissəni tərk edə bilməzdim... Bəxtiyar Vahabzadə öz adını Türk dünyası ədəbiyyatı tarixinə qızıl hərflərlə həkk edən nadir sənətkarlarımızdandı...
 
 
"Mən burdayam İlahi..." 
Vaqif Səmədoğlu ilk şəxsi tanışlığım 2010 - cu ildə "Facebook"da olmuşdu. Həmin vaxt profilimdə yazdığım yeni bir şeir paylaşmışdım, Vaqif müəllim şeir haqqında müsbət fikirlərini yazmışdı. Mən də həmin vaxt profilin sahibin həqiqətən də Vaqif Səmədoğlu olub-olmadığını dəqiqləşdirmək üçün ona özəldən yazmışdım, ev və mobil telefon nömrələrini yazmışdı, telefonda danışmışdıq, o qədər sevinmişdim ki... Hamıya deyirdim, baxın, Vaqif Səmədoğlu mənim haqqımda xoş söz deyib... 
Daha sonralar Vaqif müəllimlə kitab təqdimatlarında da görüşmüşdik. Çox maraqlı, məzəli əhvalatları ilə yadımda qalıb. Həm də, Vaqif Səmədoğlu qəribə bir xarakterə malik idi. Onun yanında özünü çox rahat hiss edirdin, heç çəkinib, sıxılmırdın. Ən çox dilimin əzbəri olan 1982-ci ildə yazdığı bu şeiridir: 
 
İlahi, hansı dildə yalvarım sənə? 
...çünki yaratdığın neçə min dildən
cəmi ikisini bilirəm.
Bunların birindən
yer də, göy də xəbərsiz...
Odur o birində
yalvarıram sənə indi:
Qospodi, pomoqi, Qospodi...
 
 
"Bu daş altda Məmməd Araz yaşayır..." Məmməd Araz elə bir zirvədir ki, mənə elə gəlir ki, biz heç vaxt o zirvəyə çatmayacağıq. 2010 - cu ildə əsgərlikdən təzə gəlmişdim. "Facebook"da İradə Tuncayla danışdım, ondan xahiş etdim ki, Məmməd Arazın kitabını mənə hədiyyə versin. İradə xanım məni "Ədalət" qəzetinin redaksiyasına dəvət etdi. Görüşdük, mənə həmin ili Xalq Bank tərəfindən, Xalq əmanəti seriyasından nəfis tərtibatda nəşr edilən böyük Məmməd Arazın "Seçilmiş əsərləri"ni və bir də özünün yeni çapdan çıxan "Yol" kitabını hədiyyə etdi. Bu gün də həmin kitablar balaca evimin böyük kitabxanasının bəzəkləridir. 
Düha Məmməd Arazın da dilimin əzbəri olan şeirindən bir misra var: 
 
Səndən ötdü, mənə dəydi,
Məndən ötdü, sənə dəydi.
Səndən, məndən ötən zərbə,
Vətən, vətən sənə dəydi!..  
 
Məmməd Araz bütün dövrlərin şairi olub, olacaq da!.. Bu gün də Azərbaycan gəcliyi onu oxumalı, öyrənməli, hər misrasını dilinin əzbərinə çevirib, Məmməd Arazın istədiyi kimi vətən daşı olmalıdır!
 
 
İsa Muğannanın məzarı Fəxri Xiyabandakı digər məzarlardan fərqlənir. Ordakı məzarlara baxmışkən sadədir... Amma İsa Muğanna elə bir şəxsiyyət, elə bir yazıçı idi ki, onun haqqında söz deməyə belə çətinlik çəkirəm... Elə, sadəcə, İsa Muğanna Hüseynov... Onu oxumaq çox azdır, onu düşünərək, dərk edərək, oxumaq lazımdır. Bəlkə də, İsa Muğannaya ədəbiyyat üzrə Nobel mükafatı verilərdi, amma verilmədi. Çünkü İsa müəllim özü bütün mükafatlardan üstə dayanırdı, ali idi...
 
 
Böyük azərbaycanlı alim Lütfi Zadə... Heç vaxt Azərbaycanda yaşamadı. Amma son nəfəsində Azərbaycanda dəfn olunmasını istədi... Nə böyük şərəfdi Lütfi Zadənin millətindən olmaq, nə böyük şərəfdir, Lütfi Zadənin Azərbaycanda - Bakıda uyuması...
 
 
Hər zaman deyirəm, biz Mirzə Cəlili dərk edərək, oxusaydıq, bu gün tamam başqa olardıq... Amma təəssüf ki, ziddiyyətli tərəflərimizdən biri də budur ki, bir ədibi qəbul edirik, bu gün də Akademik Milli Dram Teatrında müəllifi olduğu "Ölülər" tamaşasına gedir, baxır, sonra ayaq üstə alqışlayırıq, amma deyilənləri dərk etmir, özümüzü dəyişmirik... 
... Və ən əsası ustad Azərbaycan ədibi həyat yoldaşı Həmidə xanım Cavanşirlə eyni məzarda uyuyur. Amma məzar daşlarının yenidənqurulmasına çox böyük ehtiyac var. Üzərindəki yazılar belə keçmiş kiril əlifbası ilə yazılıdır. İnanıram ki, dövlət Azərbaycan ədəbiyyatında və ictimai-siyasi həyatında mühüm rol oynayan bu cütlüyün məzar daşlarının yenidən qurulması istiqamətində tədbirlər görəcək. 
 
 
Tarixi romanların müəllifi Məmməd Səid Ordubadinin də məzar daşının üst yazısı köhnə kiril əlifbası ilə yazılıb, sarmaşıqlar da canlı daş heykəlin üzərinə yayılıb... Bu heykəl sanki canlıdır, sanki səninlə danışır... Məzar ətrafı da elə düzəldilib ki, hər daş kitabələr üzərində yazıçının kitablarının adları qeyd olunub. Tarixi ədəbiyyatdan öyrənmək üçün mütləq M.S.Ordubadini oxumaq lazımdır...
 
 
Azərbaycan səhnəsinin qaynanası Nəsibə xanım Zeynalova... İndi belə aktrisa hələ ki, yoxdu, yaxın gələcəkdə də olacağı gözlənilmir. Çünki Nəsibə xanım kimi sənətkarlar çox gec-gec dünyaya gəlirlər. Onun hər bir tamaşadakı yaratdığı obrazlar insanlarda bayağı gülüş oyatmır, insanları gülərək, düşündürürdü...
 
Azərbaycan musiqisinin zirvəsi Üzeyir Bəy Hacıbəyov... O, 1918 - ci ildə ilk dəfə müsəlman Şərqində yaranan Azərbaycan Cümhuriyyətinin himninin musiqisini yazmışdı... Daha sonra Sovet dönəmlərində də işləyərək, Azərbaycan musiqisinə misilsiz xidmətlər etmişdir. Bu gün də onun "Koroğlu operettosu" səslənərkən, insanın damarında qanı coşur. Üzeyir bəyin doğum günü - 18 sentyabr Azərbaycanda Milli Musiqi günü kimi qeyd olunur.
 
 
O, müasir dünyamızda yaşayırdı, amma mən hər dəfə onu görəndə, onu dinləyəndə, elə bilirdim, çox qədim bir zamandayam və Dədə Qorqudla üz-üzüyəm... Bu dəfə də ağ mərmərdən hazırlanan daş, amma canlı heykəlinin önündə özümü qədimdə hiss etdim. Zəlimxan Yaqub bütün dövrlərin Dədə Qorqudu idi...
 
 
Təəssüf ki, bu böyük şəxsiyyətlərlə eyni xiyabanda vaxtilə Azərbaycan Milli Hökumətini devirən, Rus imperiyasına xidmət edənlərin şəxslərin də məzarları var. Hələ, bu azmış kimi məzar daşları üzərində Azərbaycan dilində, kiril əlifbasında və rus dilində Milli Hökumətimizə qarşı həqarət yazıları da var. Çox istərdim ki, bu qəbirlər ya başqa yerə köçürülsün, ya da məzar daşları dəyişdirilsin, üzərlərinə tarixin verdiyi əsl adları qeyd olunsun!
 
 
Məni bu xiyabanda ən çox təəcübləndirən isə Milli Hökümətimizə qarşı olub, ruslara xidmət edən bu vətən xainlərindən birinin -  Əliyev Həşim Bədəl oğlunun üzərinə qoyulan dörd ədəd qərənfil oldu...
 
 
Maraqlı idi, Cümhuriyyətimizin 100 illik yubiley ərəfəsində kim bu gülləri gətirib, bu qəbir daşına bağışlamışdı?! Hər halda, o adam Bakıda yaşayır, işləyir və Fəxri Xiyabana gəlib, gül çələngləri bağışlanası məzar daşları olduğu halda, bu gülləri Azərbaycanın Milli Hökümətinin devrilməsində xidmətləri olanlardann birinin məzarına qoymuşdu...
Məhz, bu qəbirlərlə rastlaşandan sonra Fəxri Xiyabanı ziyarətimə son verdim. Bir də nə vaxt ora gedəcəyəm, bilmirəm... Amma inanmaq istəyirəm ki, növbəti ziyarətimdə bu qəbirlər orda olsa da, üzərlərində güllər olmayacaq...
 
 
 
 
 
 

Şərhlər