Cümhuriyyətin varisiyiksə... - Gənclər birləşin!
05.06.2018 11:51 Bizim reaksiya 2242
"Azərbaycan tarixdə heç vaxt olmadığı kimi güclü dövlətdir". Bu fikirlər dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevə məxsusdur. Həqiqətən də tarixə nəzər yetirsək, görərik ki, bugünkü Azərbaycan heç vaxt olmadığı qədər gücə və qüdrətə sahibdir. Bu gün ölkəmiz inkişaf tempi ilə gedir. Düzdür, müəyyən çatışmamazlıqlarımız var. Amma hansı ölkə idealdır ki?!. Hərənin öz boyuna görə problemləri var. Əsas odur ki, bu gün Azərbaycan dünyada müstəqil ölkə kimi tanınır, öz dövlətimiz, öz bayrağımız var. Ən əsası isə sözünü bütün dünyada kəskin deməyi bacaran liderimiz var! Həm də elə bir lider ki, dəfələrlə çıxışlarında, "Biz 1918 - ci ildəki cümhuriyyətin varisiyik və həmin vaxtkı ərazilərimizi təmin etməyə də qərarlıyıq. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq da!"
Bu 100 illik ərəfəsində, baxıram ki, bir çox dostlarımız sosial şəbəkələrdə bugünkü Azərbaycanın xəritəsini paylaşırlar. Əslində, bu xəritəni paylaşmaqla, özümüz də bilmədən, düşmənin apardığı saxta təbliğata dəstək vermiş oluruq.
Bugünki gündə informasiya müharibəsinin bu cür həssas məqamlarına diqqətli olmalı, yalnışa yol verməli deyilik. Hansı ki, yuxarıda da qeyd etdiyim kimi dövlət başçımız da hədəfimizi açıq aydın göstərib.
Hazırkı xəritəmizlə bugünkü Azərbaycanın körpə balası olan Naxçıvanı bizdən ayırıblar, blokada şəraitindədir. Bizim Qarabağ torpaqlarımız işğaldadır deyə, Naxçıvanı unutmalıyıqmı, bir övladımızı da özümüzlə ancaq hava əlaqəsindəmi saxlamalıyıq?! Bu qətiyyən ola bilməz! Hədəfimiz Qarabağ olmaqla yanaşı, körpə Naxçıvanımızı da blokadadan azad etmək olmalıdır! Əgər, biz cümhuriyyətin varisiyiksə, hanski belədir, cümhuriyyət zamanındakı ərazimizi də bərpa etməliyik!
Bu gün ölkəmizin yuxarıda da qeyd etdiyim kimi müəyyən problemləri var. Bu problemləri hərə öz rakursundan yanaşaraq, böyüdə və kiçildə bilər. Kiməsə haqlı və ya haqsız da deyə bilmərik. Amma bu gün Azərbaycanın qarşısında duran ən böyük məsələ torpaqlarının işğaldan azad olunmasıdır. İstər daxili, istərsə də xarici siyasətimiz də buna yönəlməli, bu istiqamətdə olmaldır. Bizim də millət olaraq, boynumuzun borcudur ki, torpaqlarımızın işğaldan azad olunması istiqamətində siyasi baxışından, kiminləsə şəxsi qərəzindən asılı olmayaraq, hər kəs bir nəfər kimi dövlətin yanında olsun. Daha gedib, xaricdə oturub, erməni diasporasının pulu ilə fəaliyyət göstərən antiazərbaycançı qüvvələrin çaldığı havaya oynayıb, Avropa Şurasında Qarabağ müzakirə olunanda, ağzına yağışqan vurub, dalını çevirməyəsən, küçələri gəzib, dövlət başçısını təhqir edərək, şəkillər yapışdırmayasan! Unutmayın ki, bu gün İlham Əliyev bu dövlətin başçısı, xaricdə Azərbaycanın simasıdır! Bütün xarici səfərlərinin əsas mövzusu da Qarabağdır! Siz ona yönəlmiş təhqiramiz addımlarınızla, əslində Azərbaycanı təhqir edir, erməniyə dəstək verirsiniz, sonra da deyirsiniz, biz erməniyə işləmirik! Əgər, siz həqiqətən də vətənpərvərsinizsə, əgər, həqiqtən də bu dövlətin inkişafını istəyirsinizsə, nə olar ki, bir dəfə də o yaşadığınız ölkələrdə bu millətin bir milyon insanının erməninin silahlı təcavüzü nəticəsində öz dədə-baba torpağından didərgin salınmasından, neçə-neçə ailələrin dağılmasından, körpələrin öldürülməsindən danışın da... Olmazmı?!. Hə, sizə bu haqda danışmağa icazə verilmirsə, hədəfiniz, Azərbaycanın səsini gözdən salmaqdırsa, bu başqa məsələ!
Mən heç bir siyasi partiyanın üzvü deyiləm. Mənim üçün bu ölkənin müxalifəti də, iqtidarı da bu millətindir - mənimdir, doğmamdır, qardaşımdır! Amma əgər, müxalifət adıyla, hədəfiniz Azərbaycanın dövlətçiliyinə zərbə vurmaqdırsa, icazə verin, sizi qınayım! Çünki zaman-zaman məhz, sizlərə güzəştə getməklə, milli faciələrə məruz qalmışıq. Dinməmək, susmaqla, həddinizi aşmısınız. Bu gün sizlər hər biriniz ifşa olunmalısınız ki, kompuyuter arxasında oturan, əlində telefon, regionun siyasətindən anlayışı olmayan, hansısa bir gəncimiz sizin saxta təbliğatlara uymasınlar. Onlar anlasınlar ki, sizin əsl hədəfiniz Azərbaycan deyil! Əgər, belə olsaydı, bu dövlətin milli dərdləri istiqamətində çox demirəm, əlinizdəki imkanlardan istifadə edib, bircə iş görərdiniz. Avropa Şurasına, Avropa Məhkəməsinə gedib, Azərbaycan dövlətini yox, Ermənistanı verərdiniz ki, bizim bir milyon insanımız evsiz-eşiksiz qalıb, ailələri ermənilər tərəfindən məhv edilib. Bu gün də erməni işğalına görə bir milyon insan öz dədə-babasının məzarını ziyarət edə bilmir... Bax, onda mən sizin hakimiyyətə yönələn tənqidlərinizin səmimiyyətinə inanardım. Bu gün isə siz bu saxta, şəxsi maraqlarınız cəhənnəm, düşmən maraqlarına xidmət edən hərəkətlərinizlə cümhuriyyətin varisini hədəfə alıb, müasir qarayevlik, əzizbəyovluq, sultanovluq edirisiniz. Baxın, onlara da bir zamanlar "qəhrəman" deyib, heykəlini qoymuşdular. Amma zaman gəldi, həqiqət parıldadı, tarix onlara qiymətini verdi. Çalışın, aqibətiniz onların talehinə oxşamasın. Unutmayın, tarixdə heç vaxt öz xalqını, dövlətini sataraq, uğur qazanan, yaşayan olmayıb...
Mən gənclərimizə səslənirəm!
Gəlin, əl-ələ verək, birləşək, babalarımızın bizə qoyub, getdiyi problemi biz özümüzdən sonra gələn nəsillərə qoymayaq! Ermənilərin informasiya sahəsində bizə qarşı "bizdən olanlarla" apardığı mübarizədə onlara qalib gələk, 1918 - ci ildə M.Ə.Rəsulzadənin, Ə.B.Topçubaşovun, N.B.Usubbəylinin, Ə.B.Ağayevin və digərlərinin qurduğu, 1988 - ci ildə meydan hərəkatında Ə.Elçibəyin timasılında digər meydan hərəkatı iştirakçılarının zəhməti hesabına yenidən ayağa qalxan, 1990 - ci ildə 20 yanvar şəhidlərinin qanı bahasına qurulan, ümummilli lider Heydər Əliyevin 1993 - cü ildə parçalanmaq təhlükəsindən xilas edib, yeni can verdiyi Azərbaycanı bu gün dünyada layiqincə təmsil etməyi bacaran Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək, cümhuriyyət zamanındakı vətənimizə qayıdaq! Axı, Qarabağ, İrəvan, Zəngəzur, Göyçə bizi gözləyir... İlk işimiz bu olmalıdır. İnanın, torpaqlarımız işğaldan azad olunduqdan sonra digər siyasi məsələləri müzakirə etməyə çox vaxt olacaq. Ancaq bu gün zaman bizim əleyhimizə işləyir. Odur ki, siyasi baxışından, dinindən, əqidəsindən asılı olmayaraq, hər kəsi şəxsi maraqları bir kənara qoyub: "Öncə ölkəm, öncə millətim" deyərək, torpaqlarımızın azadlığı istiqamətində informasiya müharibəsində fəal olmağa çağırıram! Bu istiqamətdə məlumatlanmaq, fəaliyyət göstərmək istəyən gənclər bizim informasiya müharibəsi sahəsində ixtisaslaşmış "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyinə müraciət edə bilərlər. Biz birlikdə daha güclü oluruq!
Şərhlər