Türkiyə istədiyini aldı - Finlandiya və İsveçin NATO-a üzv olduqdan sonra hansı proseslərə şahidlik edəcəyik?

30.06.2022 11:15     Bizim reaksiya     684

Hazırda bir çoxumuzu bu sualın cavabı maraqlandırır. Finlandiya və İsveçin NATO-a üzv olduqdan sonra hansı proseslərə şahidlik edəcəyik?

Düşünürəm ki, bugün Madriddə keçirilən görüşdə Türkiyə ilə sadəcə Finlandiya və İsveç məsələsi danışılmayıb. Bugün eyni zamanda Baydenlə Ərdoğan arasında telefon danışığı da baş tutub. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda, ümumi ortaya qoyulan mövqedə Türkiyəyə çox böyük ehtiyac var. Ancaq bununla belə Türkiyəni razı salmaq lazımdır. Əvvəlcə başlayaq Türkiyənin mövqeyindən. Bəli, Türkiyə NATO ölkəsidir. Ancaq bu günə qədər gedən proseslər Türkiyənin milli və təhlükəsizlik maraqlarına çox böyük təhdid idi. Xüsusilə də qonşuluğunda durmadan silahlanan bir Yunanıstan, o silahları alyansın ikinci ən güclü ölkəsinə verməyib, Yunanıstana verən Birləşmiş Ştatlar, Cənubda durmadan artan terror təhdidi, daxildə bu və ya digər mənada fikir ayrılığı yaratmaq və.s. (Təbii ki, Ərdoğanın da atdığı yanlış addımlar var. Bu ayrı müzakirə mövzusudur.).

Bütün bunların fonunda Rusiyanın da Türkiyəyə xəyanəti. Bundan bir neçə həftə öncə Putinlə Ərdoğan arasında telefon danışığı baş tutdu. Telefon danışığından sonra Ərdoğan növbəti anti-terror əməliyyatlarının mesajını verdi və bildirdi ki, Suriyada daha 30 km dərinliyə doğru əməliyyatlara başlayacağıq. Ancaq nə hikmətdirsə Sergey Lavrovun Ankara səfərindən sonra bu proses dayandı. Bundan öncə də narazılıq var idi. Rusiya Suriyadakı hərbi kontingentini Ukrayna ilə savaşa göndərir və həmin əraziləri İrana tapşırır. Təbii ki, bu Türkiyənin maraqlarına cavab vermir. Bu proses bundan 4 il öncə də olmuşdu. Türkiyə o zamanlar ard-arda həmin ərazilərdə "Zeytun budağı", "Fərat qalxanı" və bir çox əməliyyatlar keçirmişdi. Bu isə İran və Rusiyanı narazı salırdı. Xülasə fikir ayrılıqlarından sonra 2018-ci ilin mart ayında Astanada üçtərəfli görüş keçirildi və ortaq məxrəcə gəlindi. Ancaq bugün yenə də Türkiyəyə qarşı cəbhə qururlar. Bundan sonra Türkiyə onlara necə güvənə bilər.

Eyni zamanda nəzərə alsaq ki, Türkiyə Rusiya üçün xüsusilə indiki məqamda hava və su kimi lazım olan bir ölkədir, yeganə nəfəsliyidir. Türkiyə ətrafında gedən proseslərdən çox yaxşı anlayır ki, Rusiyadan sonra Türkiyənin hədəfə çevrilməsi mümkündür. Bu mənada xarici siyasətdə bir qədər korrektələr lazımdır. Hesab edirəm ki, bundan sonra Türkiyə bir qədər fərqli siyasət həyata keçirəcək. Xüsusilə də bu xətt Londonla birgə qurulacaq. Bundan öncə də Boris Consonun bir ittifaq təklifi var idi. Conson bu ittifaqda Türkiyəni də görmək istəyir. Ancaq Türkiyəyə qarşı mövqe dəyişməlidir. Türkiyə üçün ətrafında yeni təhdidlər yaratdıqda Türkiyə ilə münasibətlərdə daha da böyük uçurumlar yaranacaq. Digər bir vacib məqam isə Türkiyə ilə münasibətlərdə Azərbaycanın vasitəçilik missiyasıdır. Bugün Azərbaycan ilə Qərb arasında münasibətlər tarixinin ən yüksək səviyyəsindədir deyə bilərik. Buna bir sıra faktlar sadalamaq olar. Misal üçün Baydenin və Consonun məktubları, Litzenbergerin mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər və.s. Azərbaycan bunu bacarır. İsraillə Türkiyə münasibətlərinin bərpasında Azərbaycanın rolu əvəzsizdir. Şübhə etmirəm ki, sabah Azərbaycan öz müttəfiqi üçün bu istiqamətdə addımlar da atacaq. Madriddə pərdəarxasında Türkiyəyə hansı təminat verilib deyə bilmərəm. Ancaq güman edirəm ki, Türkiyə istədiyini aldı və nəzərə alaq ki, bu istək heç də sadəcə Finlandiya və İsveç məsələsi deyildi. O sadəcə bazarlıq predmeti kimi qiymətləndirilməlidir.

Rusif Məmmədsoy

Reaksiya.az

Şərhlər

Çox oxunanlar