İranın cavabını "Güney Azərbaycanın səsi" verəcək!
23.08.2022 14:34 Bizim reaksiya 1519
İranın "Səhər" kanalı Reaksiya TV-dən, bizim "Güney Azərbaycanın səsi" verilişindən xüsusi yazı hazırlayıb, reportaj verib. Deyirlər guya, biz İran daxilində separatizimi qaldırırıq. Əcəba, Qarabağdakı separatçıları dəstəkləyən afrikalılardı?.. Bir də nəyi, nəylə müqayisə edirsiniz?! 40 milyon azsaylı xalq olur?! Utanmadan danışırsınız da...
Son günlər anti-Azərbaycan, İran təbliğatı, "Kərimə dövləti" çağırışlarını yayan kanalları kim idarə edir?! Kim?! İranın rəsmi mətbuat orqanlarında hər gün Azərbaycana, Türkiyəyə, dövlət başçılarımıza yönəlik karikatura şəkillərlə yazıların sifarişçisi və müəllifi kimdir?!
Bizmi sizə dedik ki, adını "İslami Cümhuriye" qoy, İslam düşmənləriylə müsəlmanlara qarşı birləş, Cəbrayılda müsəlman ordunun qarşısını kəs?!
Bəs, hər gün İranda bəslədiyiniz agent - manqurt dəstələrini Azərbaycana qarşı danışdırıb, "Kərimə" çağırışları edəndə, cavabınızın olacağını bilmirdiniz?.. Görürsünüz, bir platforma - Reaksiya TV sizi belə diksindirib, kürkünüzə birə düşüb, qaşınırsınız. Elə bilirsiniz, 40 milyon türkü əzəcəksiniz, susacağıq?.. Müsəlman dəqiq bilmədiyini yalan danışar?! Nə qədər İslam adından istifadə edib, əsl dinimizə kölgə salmağa, dini siyasi alətə çevirməyə çalışacaqsınız, cəzanız içinizdəki haqq olan 40 milyon məzlumdan və Allahdan olacaq!
Azərbaycan prezidenti İlham Əliyev hələ, bir neçə il bundan öncə Xamneyinin keçmiş köməkçisi Həsən Ruhaniyə: İranda Azərbaycan əleyhinə fəaliyyət göstərən, terror birləşmələri var, onları bizə təhvil verin - demişdi. Səmimiydinizsə, "müsəlman qardaşı"ydınızsa, həqiqətən də "İran İslami Cümhuriye" idinizsə, niyə vermədiniz?
44 günlük Azərbaycanın Vətən müharibəsinin qələbəsindən sanki, siz də məğlub olmusunuz. Əslində, illərdi daxilinizdəki türkdən qorxub, apardığınız anti-Azərbaycan ideologiyanızla məğlub olmusunuz! Məhz, bu üzdəndi ki, ağzına sahib çıxmayan bir qrupu yallayaraq, ölkəmizə, dövlətimizə, dövlət rəsmilərimizə qarşı hürdürürsünüz!
İran Azərbaycana nə gətirə bilər axı?! Hələ də, fərqində deyilsiniz ki, 21-ci əsrin 22-ci ilidir?! Artıq şeytan simanızı əba ilə örtüb, müqəddəs Əhli-beyt adıyla oyun oynaya bilməzsiniz! Nəyinki, Azərbaycan xalqı, İran xalqları belə, artıq sizin əsl simanızı tanıyır. Dünyadan təcrid olunaraq, çabalayırsınız, boğulursunuz...
Reaksiya TV ilk fəaliyyətə başlayandan: Biz Azərbaycanın milli reaksiyasıyıq dedik! Bizim üçün milli məsələlərdə DÖVLƏT var, VƏTƏN var! Bu gün bilərəkdən, bizi hakimiyyətin hədəfinə gətirib, fəaliyyətimizi məhdudlaşdırmaq istəyirsiniz. Zamanla bunu etmisiniz! Amma bu zaman daha o zaman deyil!
Sizdən fərqli olaraq, baş mollanızın karikaturasını çəkmir, təhqir etmirik!
Bütün bunların səbəbi bilirsiniz nədir, əziz dostlar?! Bu günə qədər bunlar nə istəyib, edib, burada agent şəbəkəsi formalaşdırıb, biri də çıxıb söz deyəndə, ya buradakı agent şəbəkəsi vasitəsiylə öldürüb, ya da hakimiyyət vasitəsiylə ölkədən çıxarıblar, qapıları da üzünə bağlayıblar: Mahmudəli Çöhrəqanlı , Arsalan Şöhrəqanlı kimi...
Bu gün hakimiyyəti ittiham edirsiniz, amma məhz, bu hakimiyyət sizin bu qədər nadanlığınıza rəğmən mehriban qonşuluq siyasətindən əl çəkmir.
Prezident İlham Əliyev Cəbrayıla gedərkən, Xudafərin körpüsünə xitabən: "Bu dostluq körpüsüdür" dedi. Siz nə etdiniz?.. Daha sadalamıram. Geri cavablarınızı biz yox, Reaksiya TV - də "Güney Azərbaycanın səsi" verəcək!
Zaur Qəriboğlu
Şərhlər