Zaur Qəriboğlu yazır... - İranın cavabı elə, özünə uyğun verilməlidir
16.11.2022 15:06 Bizim reaksiya 814
İranın fars-şovinist, molla rejimi Azərbaycan əleyhinə “kampaniya”larını təkcə mətbuat, mediada deyil, özünün hazırladığı, rejimin qullarından ibarət qruplar halında ölkənin içində, Azərbaycan səfirliyi, konsulluğunun binalarının önündə təşkil olunan aksiyalarla da özünə ictimai dəstək qazanmağa çalışır. Konsulluğumuz önündə təşkil olunan aksiyalarda mollaların qulları nəyinki ölkəmiz əleyhinə şüarlar səsləndirir, aşağılayıcı posterlər qaldırır, təhqirlər ifadə edirlər. Rejimin polisi bu aksiyaları dağıtmaq əvəzinə, şərait yaradır. Hələ mən İran rejimi tərəfindən yallanan, ölkəmizdə konstitusion dəyişikliyə çağırışlar edən terror təşkilatlarını demirəm.
Bizdə isə əksinədir. Bu gün Azərbaycan hakimiyyətinə müxalifət olan Müsavat partiyası İran səfirliyinin qarşısında etiraz aksiyası təşkil etmişdi. Hansı ki, siyasi partiyalar içində Müsavat uzun illərdir ki, bu kimi aksiyaları İranın Azərbaycandakı səfirliyinin qarşısında təşkil edir. Əvvəllər də Müsavatın bu aksiyalarına icazə verilmirdi. Düşünürdüm, bəlkə, bu dəfə dinc aksiyanın keçirilməsinə icazə verilməsə də, mane də olmazlar. Çünki bu aksiya siyasi hakimiyyətə qarşı yönəlməmişdi. Əksinə, dövlətə dəstək kimi hesab etmək olardı. Həm də bu dəstək hakimiyyətə münasibəti daha kəskin olan bir müxalifət partiyasından gəlirdisə, nə xoşbəxt bizə..
Demək ki, bədxax qonşularımızın yuxusunu ərşə çəkən milli və dövlət məsələlərində həmrəyliyimiz, birliyimiz, dəmir yumruğumuz yerindədir. Lakin, aksiyanı Reaksiya TV -nin CANLI YAYIMından izlədim. Bir neçə aksiya iştirakçısı İran əleyhinə şüar səsləndirən kimi dərhal polislər tərəfindən ərazidən uzaqlaşdırılırdı.
Nədən, niyə?! Biz niyə qəbul etmək istəmirik ki, İranın cavabı elə, özünə uyğun verilməlidir. Biz adını “İslami Cümhuriyye” qoyan, əslində isə “Şeytani Cümhuriyye” olan rejimin heç bir sözünə inanmamalı, öz işimizi davam etdirməliyik. Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX zirvə toplantısında bu rejimin cavabını verdi. Taleyin acı hökmüylə dövlətimizdən ayrı düşmüş 40 milyon soydaşımızın yalnız olmadığını, dövlətimizin daim onların yanında olduğunu bəyan etdi. Məhz bu çıxışdan sonra mətbuatımız öz işini layiqincə gördü və davam etdirir. Amma əlbəttə ki, ictimai dəstək də vacibdir. Bu dəstəyin hansı partiyadan gəlməsinin nə önəmi var?! Daha da yaxşı deyilmi ki, bu işi hakimiyyətə müxalif olan partiya etsin?!
Zənnimcə, dövlət və dövlətçiliyimizə yönələn güclərin cavabını 50 milyonluq Azərbaycanın Prezidentiylə yanaşı, cəmiyyət, xalq da verməlidir. Azərbaycanda uzun keçmişdən bu yana ilk dəfədir ki, bu məsələlərdə dövlət və dövlət başçısının ətrafında sarsılmaz bir xalq, dövlət həmrəyliyi yaranıb. Yuxarda da qeyd etdiyim kimi bu gün bədxax qonşularımızı narahat edən də məhz, bu sarsılmaz həmrəylikdir. Baxmayaraq ki, İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX zirvə toplantısında olarkən, həmin güclərin ölkəmizdə 3-5 adamla təşkil olunan etiraz aksiyalarını da İran televiziyaları Azərbaycanda kütləvi etiraz aksiyası kimi qələmə verməsi belə, o həmrəyliyə mane ola bilmədi. Onların cavabını cəmiyyət verdi: Bu günlərdə bu etiraz aksiyaları kimə, hara lazımdır?! Sualın cavabı cəmiyyətə məlum idi: Ermənistanın yanında dayanan İrana, Qarabağı bizdən qoparmağa çalışan Rusiyaya...
Əlbəttə ki, ölkəmizin problemləri var. Sosial vəziyyət getdikcə ağırlaşır, söz-mətbuat azadlığı, insan haqları, hüquqdan xəbərsiz, sifarişli məhkəmələr və,s. Amma bu bizə əsas vermir ki, indiki məqamda xarici güclərin marağına qulluq edək.
İctimai- siyasi mənsubiyyətindən asılı olayaraq hər bir vətəndaşı, məmuru, orqanı bu gün dövlətinin yanında olmalıdır. Necə ki, dünən DTX həmin terror təşkilatlarından birinə rəhbərlik edən, Azərbaycanda cinayət törədərək, İrana qaçan, beynəlxalq axtarışda olan Orxan Məmmədovun və digərlərinin buradakı qol-qanadını qırdı. DTX-nın son İranı ifşa əməliyyatları bir daha bu ölkənin Azərbaycana qarşı mövqeyinin nədən ibarət olduğunu açıq-aşkar göstərir. Əlbəttə ki, bu əməliyyatlar davam etməli, dövlətimizə qarşı yönələn çirkin oyunları pozmalıyıq. Vətənə, dövlətə xəyanətin cəzası ən ağır formada verilməlidir! Bunun üçün də ictimai dəstək vacibdir. Bizim isə İrandan fərqli olaraq, buna tam imkanımız çatır.
Azərbaycan əhalisinin əsas hissəsinin İrana mövqeyi bəllidir. İranın fars-şovinist, molla rejiminin Ermənistandan heç bir fərqi yoxdur. Hələ, deyərdim ki, rejimin əli nəyinki Güneydəki soydaşlarımın qanına, Qarabağda öz torpaqlarımızda döyüşərək, şəhid olan qardaşlarımızın da qanına batıb. Bütün bunlara baxmayaraq, 30 il Azərbaycan İrana dəfələrlə dost əli uzadıb, hər dəfə də bu əli xəyanətkar, riyakar rejim kəsib, gedib, öz təbirləriycə desək, kafir əlindən tutublar. Çox uzatmaq istəmirəm, əslində, sözümün canı var: Bizi 44 günlük vətən müharibəsində Qələbəyə aparan əsas amillərdən biri də milli birlik, milli həmrəylik oldu. O həmrəylik ki, əslində, düşmənlərimizin bu gün əsas hədəfi həmin həmrəyliyi pozmaqdır. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs milli məsələlərdə, dövlətçiliyimizin qorunmasında bir yerdə olmalı, hərə öz bacardığı qaydada dövlətə və dövlət başçısına dəstəyini nümayiş etdirməlidir.
Zaur Qəriboğlu
"Reaksiya Media Group"un rəhbəri
Şərhlər