Bizim davamız Şimal, Şərq, Qərb, Cənub deyil, Dərbənddən Kəngərə qədər Bütöv Azərbaycandır! - Zaur Qəriboğlu yazır...

24.01.2023 12:24     Bizim reaksiya     1209

Qərbi Azərbaycan Güney Azərbaycan mövzusunu sıradan çıxarmamalıdır. Paralel davam etdirməlidir. Bu Azərbaycanın taleyidir. Bilməliyik ki, Qərbi Azərbaycana qayıtmalı yüz minlərlə, Güneydə isə milyonlarla soydaşımız var. Biz Azərbaycanı bölgələrə bölərək, fəaliyyət göstərəcəyiksə, ”Əli aşından da olacağıq, Vəli aşından da”. Fəaliyyətimiz bütövlük istiqamətində olmalıdır. Tam və Bütöv Azərbaycan uğrunda!..
 
Bilənlər bilir, 2016 - cı ildə ilk dəfə İrəvanın ermənilərə güzəştə gedilməsiylə bağlı “İrəvan2018” Hərəkatı adı altında çoxsaylı tədbirlər, petisiyalar həyata keçirdik. Həmin vaxt mənə: - Sən Qərbi azərbaycanlı deyilsən, bu işlərin başın burax, get, öz işinlə məşğul ol, - deyirdilər. Bütün bunlara baxmayaraq, çalışdıq, vuruşduq, indi də fəaliyyət göstərən - üç dildə (Azərbaycan, ingilis, rus) İrəvan1918 adlı ensklopedik bir sayt hazırladıq.
 
Sözüm ondadır ki, bu cür müqəddəs mövzulara sezon xarakterli yanaşmamalı, işbazlar, al-verçiləri kənarda qoymalı, dövlətçiliyimiz üçün, bütövlüyümüz üçün durmadan ciddi iş görməliyik. Yoxsa, Qərbi Azərbaycandan olmayanları İcmaya yaxın buraxmamaqla, iş olmaz, bəylər… Bu nə absurd yanaşmadır ki, Qərbi Azərbaycan mövzusuyla yalnız Qərbi azərbaycanlılar, Güney Azərbaycanla bağlı isə Güney Azərbaycanlılar məşğul olmalıdır?! Anlamıram, biz hamılıqla, bütövlükdə azərbaycanlı deyilikmi?.. Bu məntiqlə gərək, Milli Məclisin deputatları da hərəsi öz doğulduğu yerdən olsun. Necə olur, vəzifəyə gələndə, yer anlayışı yoxdur, amma milli davada ayrımçılıq var?!
 
Nəzərə almalıyıq ki, Dünyanın yeni düzəninə şahidlik edirik. Bu yerdə ya bir olmalı, ayrımçılıq etmədən, birgə mübarizə aparmalıyıq, ya da daha neçə yüz illər də ayrı-ayrı qəbilə tipli təşkilatlarla yerimizdə sayacağıq, düşmənlərimiz də bundan istifadə edərək, güclənəcək.
 
Vətənin Qərbi, Şərqi, Şimalı, Cənubu olmur. Vətən elə vətəndir. Nə qədər ki, tayfa, qəbilə təfəkkürüylə yanaşacağıqsa, başladığımız bütün işlər nəticəsiz olacaqdır. Yuxarıda da qeyd etdiyim kimi 2016-cı ildə Qərbi Azərbaycandan olmayanlarla bir iş başladıq, artıq bütün Ermənistan mətbuatı həmin tədbirlərdən danışırdı, beynəlxalq müzakirə portallarında məcburən - Bəli, İrəvan tarixi türk torpağı olub, amma bu 100 il öncə olub - deyə etiraflar yazırdılar. Biz də qarşılığında - Yaxşı, paytaxtınız belə, taarixi türk torpağı olubsa, Qarabağa necə iddia edə bilərsiniz - deyə, sual qoyurduq, cavab verə bilmirdilər. Amma dediyim kimi hərə bir tərəfdən üstümüzə gəldi ki; - Siz kimsiniz, ”yerazların” işinə qarışırsınız, gedin, işinizlə məşğul olun. - deyib, əlimizi, qolumuzu qırıb, yanımıza saldılar. Necə ki, Güney Azərbaycan mövusunu biz qaldıranda: - Bunlar iki dövlət arasında problem yaradırlar - deyirdilər. O adamlar ki, səhər yeməyini İranın Azərbaycandakı səfiriylə, günortanı Ojaq Nejatla yeyib, axşamı da onları evlərində, bağlarında qonaq edirdilər. Olsun, söz demirəm. Qəribəsi budur ki, Güney Azərbaycan, Qərbi Azərbaycan məsələsi dövlət siyasətinə çeviriləndə, yenə bu adamları görürük. İpləri Azərbaycandan başqa hamının əlində olan bu adamlar bütövlük istiqamətində olan müqəddəs işlərimizə də girib, guya, “vətənpərvərlik” edib, özlərini dövlətə yaxın adam kimi göstərib, pozuculuq və bölücülüklə məşğul olurlar. Azərbaycan dövləti nə qədər ki, İranın, Rusiyanın beşinci kalonundan qurtulmayıb, bütövlük istiqamətində atdığımız bütün addımlar axsaq olacaq. Çünkü bu adamlar nəyinki milli işə xeyir vermir, milli birliyə, həmrəyliyə sarsıdıcı zərbə vururlar. Dövlətin müqəddəs amal kimi başlatdığı bütün işlər də bu adamlara görə süni və nəticəsiz görsənir.
 
Yetər artıq, burda dayanmalı, bu tip adamları (gələn yazılarda adlarını da yazacağam, hamınızın tanıdıqlarıdır) müqəddəs işlərimizdən kənarda qoymalıyıq. Al-ver, pul qazanmaq vaxtı qurtardı. Gedin, bu millətin müqəddəs işləri adıyla nə qazanıb, qurmusunuzsa, işlədin, haramınız olsun! İndi durun, kənarda, millət müqədəs davasını aparsın. Siz Azərbaycanda doğula bilərsiniz, amma Azərbaycan xalqından başqa, hansı millətə desəniz, işlədiniz, burda yetər! Bizim davamız Şimal, Şərq, Qərb, Cənub deyil, Dərbənddən Kəngərə qədər Bütöv Azərbaycandır! O bütöv Azərbaycan ki, özündən əvvəlkilər bunu ideya olaraq, səsləndirdi, mübarizə aparmaq istədi, tarixi fürsət və ömür yetişmədi, amma Azərbaycan Respublikasının prezidenti İlham Əliyev özü sərkərdə kimi öndə gedərək, bu yolu bizim üçün açdı. Bu yol tikanlıdır, kələ-kötürlüdür, amma müqəddəsdir. Biz bu yolu gedəcəyik, Azərbaycan tam və bütöv oluncaya qədər…
 
Bütöv Azərbaycan sevdalılarına sayğılarımla…
 
 
Zaur Qəriboğlu
 

Şərhlər

Çox oxunanlar