Dövlətə qalxan əl qırılmalıdır - Zaur Qəriboğlu yazır...
05.03.2023 19:39 Bizim reaksiya 4017
Polis dövlətdir! Dövlətə qalxan əl qırılmalıdır (Hə, deyəcəksiniz, dövlət də vətəndaşa əl qaldırmaz. Bunu mən də həmişə, ən kəskin formada deyirəm).
Baxın, bundan əvvəl nə qədər cinayət hadisəsi olub. Demək olar, heç birində silahdan bu qaydada istifadə olunmayıb. Xatırlatmaq istəmirəm, amma məhz, dalında - bəli, məhz, dalında İran - fars izi olan hadisələrdə dövlətə güllə atılıb.
Dünənki hadisənin də yeri, miqyası zənnimcə təsadüfü seçilməyib. Hər halda araşdırma davam edəcək, çox qaranlıqlara aydınlıq gələcək. Amma xüsusi qeyd olunmalıdır ki, bu cür İran mollalarına “biyət edirəm” deyib, din pərdəsi altında Azərbaycan dövlətinə qarşı olan potensial terrorçuların sayı çoxdu. Bunları aşkarlamaq üçün xüsusi əməliyyata ehtiyac yoxdu, içimizdədirlər. Diqqət etsəniz, əsasən, heç bir savadı, dünya görüşü olmayanlardan “İran aşiqləri” yetişdirilib. Bunlar o qədər təhlükəlidirlər ki, sabah dallarına möhür vuran ağaları desə ki, üstünə bomba bağla, çıx şəhərə terror hadisəsi törət, cənnətə gedəcəksən, cənnətin qapısında səni müqəddəs ağalar qarşılayacaq, bu bədbəxtlər inanıb, sevinərək gedəcək. Təsəvvür edin, bunların beyinləri necə yuyulubsa, nə ölümdən, nə də həbsdən qorxmurlar. Həbsə də düşəndə, özlərini Hz.Yusif peyğəmbərlə müqayisə edirlər. Yəni, bu adamların beyni bu qədər yuyulub, manqurtlaşdırılıblar. Hər zaman demişəm ki, torpağın işğal olunar, illər keçər, azad edərsən, necə ki, etdik. Amma beyinləri işğal olunanların xilası yoxdur! Uzun illərdi İran ermənilərə dəstək verib, torpaqlarımızı talan etməklə yanaşı, çoxsaylı beyinlərimizi də işğal edib. Odur ki, nəhayət çox gec olsa da, İrana qarşı ciddi mübarizə üsullarından istifadə etməliyik. Məsələn, niyə, Bakıdan 100 km sonra Azərbaycan radio və televiziya dalğalarını İranın şovinist radio televiziya dalğaları əvəz edir. Hardadı, Azərbaycanın aidiyyatı qurumları?! Məgər, hər şey fiziki işğalla olur? Bu da işğaldır da! Hanı bizim İranın Azərbaycana zəhər ötürən “Səhər” kanalına qarşı fəaliyyət göstərən fars dilli televiziya kanalımız?! O kanal ki, burda yox, İranın içində izlənilsin?! Edə bilmərikmi? Bilərik, nəyinki İrana, bütün Qafqaza xitab edəcək, dövlətin əlini güclü tutacaq media resursu yarada bilərik. Amma kiminlə, necə?! Bizdə bu cür böyük layihələr əlindən heç bir iş gəlməyən, “media kapitanları”na həvalə olunur. Onlar isə çoxdan iki tərəfli agentə çeviriliblər. Bütün uğurlu layihələri bərbad etməklə görəvləndiriliblər.
Problemlər çoxdu, sadalaya bilərəm, amma nə fayda?!
Xülasə, dünən öz həyatları bahasına cinayətkarların zərərsizləşdirilməsində xidmətlərinə görə Azərbaycan polisinə, Azərbaycan dövlətinə təşəkkür etmək, borcumuzdur.
Zaur Qəriboğlu
Şərhlər