Kişilik İmam Hüseyn kimi balalarıyla dövlətini qorumaq üçün şəhid olmaqdır! - Zaur Qəriboğlu yazır..

07.04.2023 17:59     Bizim reaksiya     4543

Dünən Mir Şahin Agayevin “Real”da terrordan sonra ilk dəfə Fazil Mustafa ilə müsahibəsini bir yox, iki dəfə çox diqqətlə izlədim. İlk düşüncəm də bu oldu ki, bir neçə saat sonra Bakıdakı agentlərindən əli üzülən İran xaricdə qucağında başını sığalladığı “saqqallı demokratlarına” yeni tezislər göndərəcək, hadisənin Azərbaycan cəmiyyətində mahiyyətini dəyişməyə cəhd göstərəcəkdir. Necə ki, Tehranda səfirliyimizə hücum vaxtı da həmin bu mədələrinə görə hakimiyyətlə yox, dövlətə müxalif olanlar həmin terror aktını da ailə məişət zəmninə endirmək, az qala, İranı bütün beynəlxalq qaydalara əməl edən, “demokrat” dövlət kimi təqdim etməyə cəhd göstərdilər...

İndi də belə də oldu. Dərhal, başladılar ki; “Fazil Mustafa hadisə günü Eynulla Fatullayevə ayrı söz demişdi, indi Mir Şahinə başqa söz deyir”. Hələ, utanmır, genələ - genələ “əziz xalqımız, görürsünüz, sizi aldadırlar, deputatı DTX özü vurub” və s.

Öncə gəlin, baxaq. Bir adam birdən - birə evinə daxil olarkən, gözləmədiyi halda, atəşə tutulur. İlk dəfədir, belə bir situasiya ilə üz-üzədir. Səs-küydən həyat yoldaşın, qızın çölə çıxır, atəş davam edir… 

İnsan şok halında, ailəsini və özünü bu namərd gülləsindən qorumağa çalışır. Səs kəsilir, aləm qarışır, polis, həkimlər və s. Bu arada bir jurnalist telefon açır. Adam hələ, özü də nə baş verdiyini bilmir, ölümün ağzından özünü və ailəsini zorla xilas edib. Düşmən gülləsi bədənin hansı nahiyəsində, həyatı təhlükə yaradacaq, ya yox, bilinmir! 

Jurnalistin sualına həmin anda nə cavab verdiyini əlbəttə ki, bilməz. Odur ki, həmin anda müxtəlif fikirlər səsləndirə bilər. Eyni hadisə bu “saqqalı demokratlar”ın da başına gəlsə, baxaq, necə reaksiya verərlər. Hansı ki, adi avtomobil qəzası baş verir, ilk anlarda şahidlər şok vəziyyətində başqa söz deyir, sonra soyuq başla hadisəni daha detallı şərh edirlər. 

Məsələ nədir?! 

Məsələ, Azərbaycan cəmiyyətində dövlətə inamsızlıq, güvənsizlik yaratmaq, İranın agentura şəbəkəsinin təsirindən qurtulmaqda olan insanları maqnit təsiri ilə yenidən özünə çəkməkdir. 

İran kimdir və nə istəyir?! 

İran Fransanın diktəsi və özünün daxili 40 milyon qorxusu ilə hansı vasitəylə olur, olsun, müstəqil, dünyəvi Azərbaycan dövlətinin başının özünə qarışmasında şeytan rolunu oynayan bir rejimi özündə saxlayan dövlətdir. Əgər, 30 il ərzində İran 3 gün bizə həqiqətən də, qardaş demirəm, dost mövqeyində dayansaydı, biz torpaqlarımızı elə, həmin üç gündə azad edərdik. Biz isə 44 günlük şanlı bir tarix yazaraq, öz gücümüzlə Zəfər qazanmışıq. 

İranın fars, şovinist, şeytanla şərik olan rejimi bölgədə sülhün, inkişafın qaçılmaz olduğunu, görərək, gələcəkdə özünün teokratik molla rejiminin də bu sülhün, inkişafın qarşısında tab gətirə bilməyəcəyini düşünərək, Azərbaycanla düşmənçilik edir. İranın başı çalmalı mollaları anlamaq istəmir ki, Azərbaycanın dövlət başçısı bir dəfə “sərhədlərimizdən kənarda yaşayan azərbaycanlılar” dedi, bütün ordakı soydaşlarımız küçələri İlham Əliyevin posterləri ilə bəzədilər. Həmin, əlli milyon xalqın lideri, sabah hansısa bir bayramda on milyonluq Azərbaycanda yaşayanlarla yanaşı, sərhədlərində olan qırx milyon insana müraciət edər, sonra nə baş verər, bunu başı çalmalı mollalar yaxşı düşünsün! 

Bu gün Azərbaycan hüquq - mühafizə orqanları xarici kəşfiyyat orqanlarına casusluq edənlərlə ciddi mübarizə aparır. İrandan fərqli olaraq, etiraz aksiyalarında “Xamaneiyə ölüm” şüarları səsləndirənləri edam etmir, hüquqla məsuliyyətə cəlb edir. Məhz, bu üzdən də müstəqil siyasət yürüdən, heç kimin vassalı olmayan, xarici təhdidlərdən xilas olmaq mübarizəsi aparan Azərbaycan dövlətinin başçısı İlham Əliyev və dövlətin hüquq-mühafizə orqanları hədəfə alınır. Həm də özümüzdən olan xainlərlə!.. 

Azərbaycan cəmiyyəti ayıqdı, gözü açıqdı. Bu millət çətin yaşayır, haralardasa, kimlərsə tərəfindən haqq-hüququ pozulur. Amma balasının qanı bahasına qurduğu dövləti hansısa gerizəkalı, inkişafdan qalmış, dünyanı qaranlığa aparan rejimə dəyişməz. Çətinliklərimiz çoxdu. Sadalamaqla bitməz. Amma gələcəyimiz işıqlıdır. Biz balalarımızın bir daha şəhid olmaması, xoşbəxt yaşamaları üçün mübarizə aparırıq. Bu mübarizdə düşmənlərimiz ölkəmizin hüdudlarında qucağında oturdub, əmziklə yemlədiklərinin vasitəsiylə açıq düşmənçiliyə keçiblər. 

Sizcə, İran yaxud, digər Azərbaycana düşmən kəsilən ölkələr bizi sevir, sevdiyindən ölkəmizə zəhər yayır?! 

Əsla! Hədəf böyüməkdə və güclənməkdə olan Azərbaycanın qarşısını xain hücumlarla almaqdır. Amma bacarmayacaqsınız! İçimizdən nə qədər xain tapıb, qucağınızda sığallayıb, bizə qarşı hürdürməyə çalışsanız da, biz quduz, sahibinə hürən itləri də müalicə etməyi bacarırıq! 

Qayıdıram, İranın kəşfiyyat orqanları tərəfindən ələ keçirilən, özünü millətimizə “saqqalı demokrat”, Azərbaycan xalqının dərdindən gecə-gündüz ağlamaqdan, gözlərinə qan gələn kimi sırıyanlara: Kişilik cinsiyyətlə müəyyən edilmir. Ona qalsa, bütün canlıların erkəyi, dişisi var. Kişilik mənəviyyat məsələsidir. Kişilik beynin mədə ilə düşünməməsidir. Kişilik ailəsindən uzaqda qalıb, xarici kəşfiyyat orqanlarının yalı ilə lüks həyat yaşamaq deyil. Kişilik sənin kimi hər fürsətdə, erməniylə, fransızla, farsla öz dövlətinin təməlini qazıb, öz dövlətinə, xalqına mənsub adamları şərləmək deyil! 

Kişilik elə, Fazil Mustafa kimi yeri gələrsə, ailəsiylə, balalarıyla dövləti üçün mübarizə aparıb, şəhid olmağa hazır olan, qazi olmaqdır! 

İmam Hüseyn adından hansısa dövlətlərin müstəqilliyinə təhdid yaratmaq, terror təşkilatları yaratmaq, agent şəbəkəsi qurmaq, kişilik deyil! 

Kişilik insanların dini inanclarından sui-istifadə edib, başqa dövlətlərə təhdid yaratmaq deyil! 

Kişilik İmam Hüseyn kimi balalarıyla dövlətini qorumaq üçün şəhid olmaqdır! 

Qəzan mübarək, qazi millət vəkilim!

Zaur Qəriboğlu

"Reaksiya Media Group" MMC-nin rəhbəri

Reaksiya.az

Şərhlər

Çox oxunanlar