Azərbaycan-Türkiyə qardaşlığı bir seçim deyil
02.08.2024 16:00 Bizim reaksiya 1575
Dəyərli oxucular: Son günlər baş verən hadisələrin fonunda Türkiyə-İsrail münasibətlərinin daha da gərginləşdiyini görürük. Hər iki ölkə bir-birinin ünvanına təhdid və hədəyanlar səsləndirir.
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərini gözü götürməyən bəzi fitnəkarlar isə, bunu fürsət bilərək diqqətləri Azərbaycan-İsrail münasibətlərinə çəkir, fitnə toxumları səpirlər.“Qardaş ölkə dediyiniz Azərbaycanın, Türkiyənin düşməni, əli məzlum Fələstin xalqının qanına batan İsrail ilə dostluq münasibətləri var” kimi fikir formalaşdırmağa çalışan bu fitnəkarların əsl məqsədləri bəllidir. Əlbəttə ki, Türkiyə xalqı bu üzsüzlərə uymur.
Azərbaycan-İsrail münasibətlərinin bu qədər yaxşı olmasının səbəbi nədir?
30 il boyunca torpaqlarımız işğalda qaldı, 30 il boyunca vətəndaşlarımız yurd-yuvalarından didərgin düşdü... Yanımızda kimlər var idi?
Bu gün Qəzzada müsəlman qardaşlarımız ölür deyənlər, 30 il öncə müsəlman qardaşları soyqırıma məruz qalanda harada idilər? Erməni vəhşiləri tərəfindən yandırılanda, dərisi soyulanda, hamilə qadıların qarnı yarılaraq, bətnindəki uşağı çıxarılanda, körpələrimizin damarlarına benzin vurularaq təcrübə keçiriləndə, qız-gəlinlərimizə ata, qardaş və ərlərinin gözləri önündə təcavüz ediləndə harada idi “müsəlman qardaşlarımız?”
Xocalıda bu vəhşiliyə məruz qalanlar müsəlman deyildilərmi?
Ermənilərlə ağız-ağıza öpüşən bu “din qardaşlarımız” və fitnəkarlarların bu suallara cavabı varmı əcaba?
İşğal dövründə şərtsiz Azərbaycanın yanında olan 3 ölkədən biri idi İsrail.
Azərbaycan çətin günlərində yanında olanlara arxa çevirmədiyi üçün günahkarmı olur?
Azərbaycanla Türkiyə arasına girmək istəyən bu kəmağıllılar nəhayət anlamalıdırlar ki, Türkiyə-Azərbaycan münasibətləri bir seçim deyil. Bu bir taledir. Qürur duyduğumuz bir qismətdir.
Əfsuslar olsun ki, “bu gün İsrail Qəzzada sivillərə qarşı insanlıq cinayəti törədir” deyənlər, eynisini Qarabağ üçün deyə bilmədilər.
Azərbaycan-Türkiyə münasibətləri ilə, Azərbaycan-İsrail münasibətləri daxil heç bir digər dövlətlərlə olan münasibətlər eyni tərəziyə qoyula, müqayisə edilə bilməz.
Bu gerçəkliyi qəbul etməyən və ya gözardı edən hər kəs məğlub olub, olacaq!
Şadman Şahbazlı
Şərhlər